Məhkəmə qərarları › İş №3(011)-994/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-994/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-994/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Hüquqi şəxs “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 24 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9745/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə tələb borclu “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ tərəfindən icra edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru, borclu “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ-nin nümayəndəsi və zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9745/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollec üzrə verilmiş 05 sentyabr 2016-cı il tarixli 05/k saylı əmrin X2 aid hissədə etibarsız hesab edilməsi, iddiaçı X1 Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinə hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9745/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, 10 gün müddətində icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ tərəfindən icra sənədini dərhal könüllü icra etməsi, əks halda icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ tərəfindən icra şöbəsinə ünvanlanmış məktublarda kollecdə tələbə sayının aşağı düşməsi səbəbindən ştatlarda azalmanın baş verməsinə görə X1 ştat üzrə müəllim vəzifəsinə bərpa edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İcra məmuru tərəfindən 23 yanvar və 22 fevral 2024-cü il tarixlərdə “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ-nin nümayəndəsi X3 izahatı alınmış, o, izahatında iddiaçıya alternativ vakansiyaların təklif olunduğunu, ancaq sonuncunun bu təklifdən imtina etdiyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9745/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə borclu Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollec üzrə verilmiş 05 sentyabr 2016-cı il tarixli 05/k saylı əmrin X2 aid hissədə etibarsız hesab edilməsi, iddiaçı X1 Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinə hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. Qətnamənin mahiyyətindən görünür ki, X4 tutduğu ştat daxili vəzifəyə bərpa edilmişdir. Lakin “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ tərəfindən ona saathesabı vəzifə təklif eidlmişdir. Bu hal məhkəmə tərəfindən qətnamənin icrasına yönəlik hərəkət kimi qiymətləndirilə bilməz. Bununla da “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9745/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi hüquqi şəxs “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmiş, qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Hüquqi şəxs “Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3.000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar