Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1/2022 18.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-in direktoru X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində müxtəlif mənşəli bərk məişət tullantılarının ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanması və yandırılması faktı aşkar edilmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair 16 sentyabr 2019-cu il tarixdə MN 353097 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMCnin nümayəndəsi X3 verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə uyğun tərtib edilmiş inzibati xəta haqqında protokola görə güya "xxxx" MMC tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində müxtəlif mənşəli bərk məişət tullantılarının ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanması və yandırılması faktı aşkar edilmişdir. İnzibati xətanı aşkar edən orqan ümumiyyətlə qeyd edilən ünvan üzrə heç bir araşdırma aparmamışdır. Tərtib edilmiş protokolla razı deyildir. Belə ki, inzibati xəta haqqında protokolun saxta olması onda özünü ifadə edir ki, həmin protokolu yazan şəxslər ümumiyyətlə protokolda qeyd olunan xətanın kimin tərəfindən törədilməsi araşdırmamış, heç bir aidiyyəti olmayan hüquqi şəxsi "xxxx" MMC-ni törədilmiş inzibati xətada təqsirli bilinmişdir. Qeyd olunanları nəzərə alaraq "xxxx" MMC barəsində olan inzibait xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 verdiyi izahatında bildirmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazi üzrə monitorinq keçirilən zaman "xxxx" MMC tərəfindən bələdiyyənin xidməti ərazisində müxtəlif mənşəli bərk məişət tullantılarının ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanması və yandırılması faktı aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmiş, foto şəkillər çəkilmiş, daha sonra törədilmiş inzibati xətaya görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin xətanın törədilməsindən 2 ildən çox müddət keçdiyindən heç bir sübutları yoxdur.Qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC-in inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 16.09.2019-cu il tarixli, 54094 saylı aktdan görünür ki, "xxxx" MMC-nin direktoru X2 tərəfindən Azərbaycan Respublikası Ətraf Mühitin Mühafizəsi haqqında Qanunun 47-ci maddəsinin, İstehsalat və Məişət Tullantıları haqqında Qanunun 9, 11, 12-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.2005-ci il tarixli,74 saylı qərarının tələbləri pozulmuşdur. 05.07.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X2 ilə Abşeron rayon Mehdiabad bələdiyyəsinin sədri X5 arasında məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinin vaxtlı-vaxtında icra edilməsinin təmin edilməsi ilə bağlı müqavilə imzalanmışdır. Bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası ETSN-nin 4 saylı RETSİ tərəfindən "xxxx" MMC-yə bildiriş göndərilmiş, həmin bildiriş 14.10.2019-cu il tarixdə qəbul edilmişdir. İş materiallarında olan və həm də məhkəməyə "xxxx" MMC tərəfindən təqdim edilmiş fotoşəkillər və videogörüntü yalnız zibillərin qalaqlanması qaydalarının pozulmasını sübut edir. Məhkəmə 28 oktyabr 2019-cu il tarixli, MN 353097 saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən qeyri-qanuni tullantı boşaldılması, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinsin və ona 6500 (altı min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-601/2021 nömrəli, 03.11.2021-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məişət tullantılarının yandırılması, qalaqlanması müəyyən olunsa da, bu inzibati xətanın məhz "xxxx" MMC tərəfindən törədilməsini təsdiq edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Protokol tərtib etmiş orqan qeyri-qanuni tullantı boşaldılması, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasını Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində müəyyən edilməsi ilə kifayətlənmiş, inzibati araşdırma aparmadan ehtimallara əsaslanmaqla "xxxx" MMC-ni inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Protokolu tərtib edən şəxsin nümayəndəsi inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübutun olmadığını etiraf etdi. İş materiallarında olan fotoşəkillər və videogörüntü isə yalnız tullantıların qalaqlanmasını sübut edir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, "xxxx" MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver