Məhkəmə qərarları › İş №3(012)-1/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1/2023 18.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil2, Zərərçəkmiş şəxs və nümayəndəsi, eyni zamanda vəkili – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Cağazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-991/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs qərardan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-991/2021 saylı qərarının ləğv edilməsi, işə başqa hakim tərəfindən yenidən baxılması üçün materialın Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 3(012)-991/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərardan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-179/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(012)-991/2021 saylı qərarının ləğv edilməsi, işə yenidən baxılması üçün materialın Abşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilməsi, qalan hissədə şikayətin təmin edilməməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 3(012)-562/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-387/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 3(012)-562/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Şəxs barəsində olan inzibati xəta haqqında işə yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır. İş materiallarından olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xx.xx.2019-cu il tarixdə başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Şəxs borcunu ödəməkdən yayınması üzrsüz səbəbdən olduğundan onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5259/2019 saylı qətnaməsi ilə Şəxs **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobil və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri İcra və Probasiya Şöbəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli, 128-828 saylı məktubundan görünür ki, Hyundai markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020ci il tarixli 302887-1220 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus Hyundai markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə kompüter bazasına əsasən həbs qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022ci tarixli, 046-21388 saylı məktubundan görünür ki, nömrə tanıma sistemi vasitəsilə aparılan araşdırma zamanı Hyundai markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bakı şəhərində idarə olunmasına dair hər hansı bir məlumat aşkar edilməmişdir. İşdə olan AR-İ 506501 saylı etibarnamədən görünür ki, X1 Könül Məhəmməd qızının adından X3 xx.xx.2017-ci il tarixdə xx.xx.2020-ci ilədək sərəncam vermək hüququ da daxil olmaqla mülki etibarnamə vermişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdə Şəxs verdiyi etibarnaməni ləğv etdirmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobilin ölkə ərazisinə giriş-çıxışı Komitənin məlumat bazasında qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası DSX Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İAMAS baza məlumatlarına əsasən X5 xx.xx.2019-cu ildə ölkədən çıxmışdır. Bu tarixdən sonra ölkəyə giriş qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, arxivlərin saxlanılma müddətinin bitməsi səbəbindən **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobilin ən son hansı tarixdə və kim tərəfindən idarə olunması ilə bağlı məlumatların təqdim edilməsi mümkün deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobil ondan alınıb Zərərçəkmiş şəxs verilməlidir. Nasir adlı şəxs **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobili ona 2015-ci il tarixdə 1 illik idarə etmək səlahiyyəti olan etibarnamə ilə vermişdir. Lakin həmin avtomobili cəmi bir dəfə sürmüş və aldığı şəxsə qaytarmışdır. Ondan sonra həmin avtomobil 2 şəxsə satılmışdır. Hasil özü də hazırda ölkədə yoxdur. Əgər burada olsaydı, bunları təsdiq edərdi. Hazırda mübahisəli avtomobil onda yoxdur. O, heç bir inzibati xəta törətməmişdir və məhkəmə qərarının icra edilməməsində onun təqsiri yoxdur. Qərar verilərkən bu hal nəzərə alınmalıdır. Məhkəmə iclasında müdafiəçi - Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil2 mübahisəli avtomobilin borcluda olmadığını, həmin avtomobili etibarnamə üzrə ona vermiş Hasil adlı şəxsə qaytardığını və avtomobilin Mənsumdan sonra Tural adlı şəxsə satıldığını bildirərək, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobil borcludan alınıb ona verilməlidir. İş üzrə borclu Şəxs avtomobilin harada olduğunu bilir, amma heç kəsə demək istəmir. İstənilən halda, qanuni qüvvəsini almış məhkəmə aktı mütləq icra edilməlidir. Buna görə də o, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Vəkil1 Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarından qəsdən boyun qaçırdığını, 2017-ci ilin oktyabr ayında mübahisəli avtomobili idarə edərkən ona cərimə yazıldığını, bu müddət ərzində girovda olan avtomobil üçün pul ödənilmədiyini, onun avtomobilin harda olmasından məlumatlı olduğunu, borclunun icradan qəsdən yayındığını bildirdi. O da Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid kimi ifadə verən X6 göstərdi ki, o, Şəxsla və Hasillə eyni qəsəbədə yaşayır və onları çoxdan tanıyır. Təqribən 5-6 il öncə Hasil ona bildirmişdir ki, satışda **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobil vardır. O, Hasilə avtomobilə görə 2700 manat pul vermişdir. Hasil ona maşının bankda girovda olduğunu, 4-5 ay kredit gecikməsi olmasını bildirmişdir. O, bununla razılaşmışdır. Sonradan Hasillə birlikdə banka gedərkən maşının girovluqdan çıxarılması üçün daha çox pul lazım olduğunu görmüş və bu barədə Hasilə öz iradını bildirmişdir. 2 ay maşını o idarə etmişdir. Bundan sonra, o, avtomobili istəməmiş, maşınla bağlı danışıqlar Elçin adlı şəxs və Hasil arasında davam etmişdir. X8 almış, Hasil isə onun 2700 manat pulunu geri qaytarmışdır. Bu müddət ərzində avtomobilin Şəxs tərəfindən idarə edildiyini görməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, iş materiallarını araşdırıb, aşağıda göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobil Şəxs istifadəsində və ya mülkiyyətində yoxdur. Buna baxmayaraq, icra məmuru tərəfindən icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə zəruri hərəkətlər edilməmişdir. Belə ki, icra məmuru tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-yə sorğular verilməmiş, avtomobilin harada və kimin istifadəsində olması, hansı ərazidə idarə olunması müəyyən olunmamış, avtomobilin yeri müəyyən olunduğu halda, zərərçəkmiş şəxsə təqdim edilməsi təmin edilməmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə borclunun ünvanına baxış keçirilməklə, avtomobilin orada olmadığı müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. İşin bütün yuxarıda sadalanan hallarına baxmayaraq heç bir qanuni əsas olmadan və formal olaraq belə qənaətə gəlinmişdir ki, Şəxs icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. İcra məmurunun qeyd etdiyi bütün hallar məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, AR-İ 506501 saylı etibarnamədən görünür ki, X1 Könül Məhəmməd qızının adından X3 xx.xx.2017-ci il tarixdə mübahisəli avtomobilə dair sərəncam vermək səlahiyyəti də daxil olmaqla mülki etibarnamə vermişdir. Bu hal isə avtomobilin üçüncü şəxslərin sahibliyində olmasını istisna etmir. Məhkəmə iclasında ifadə verən T.A.Orduxanov bildirdi ki, mübahisəli avtomobil 2 ay onda olmuş, sonradan isə maşının kredit borcu çox olduğundan onu Hasilə qaytarmış, o isə avtomobili Elçin adlı şəxsə satmışdır. Beləliklə, məhkəmə Şəxs mübahisəli avtomobilə görə etibarnamənin 10 iyun 2015-ci il tarixdə verilməsinə və 17 may 2017-ci il tarixdə ləğv edilməsinə, maşınla bağlı əməliyyatların ondan sonra da aparılmasına əsaslanaraq belə hesab edir ki, iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Hazırki iş məhkəmədə araşdırılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5259/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış icra işi Abşeron rayon İcra və Probasiya Şöbəsindən tələb edilmiş, X2 xx.xx.2019-cu il tarixdən ölkəni tərk etməsi və geri dönməməsi, bununla da iş üzrə şahid kimi dindirilməsinin mümkün olmaması müəyyən edilmişdir. Bundan başqa, mübahisəli avtomobilin istifadə edilib-edilməməsi barədə aidiyyəti quruma sorğu verilmiş və arxivlərin saxlanılma müddətinin bitməsi səbəbindən **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” minik markalı avtomobilin ən son hansı tarixdə və kim tərəfindən idarə olunması ilə bağlı məlumatların təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə icra sənədi üzrə borclu Şəxs icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqazidd, təqsirli hərəkət etməsi müəyyən edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən ondan alınmalı avtomobilin hazırda onun tərəfindən istismar edilməsi, onun təqsiri nəticəsində bu və ya digər şəkildə mülki dövriyyədən çıxarılması iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar