Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-100/2023 06.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nın iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 244.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin 08 aprel 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin 08 aprel 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsinin müdiri vəzifəsini icra edən X4 xx.xx.2022-ci il tarixli, MN №: ******* saylı qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, barəsində 600 manat cərimə tətbiq edilmişdir. Qərara görə G.Əliyeva Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti aparmaqla torpağın münbit qatını korlamışdır. Bildiririk ki, sözügedən qərarın mövcudluğundan yalnız icra məmurunun xx.xx.2022- ci il tarixli, №123127/2022- 9K/211 saylı tələbin könüllü icrası haqqında bildirişi aldıqdan sonra məlumatı olmuşdur. Sözügedən bildiriş G.Əliyevanın ünvanına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə həmin qərarın rəsmi şəkildə G.Əliyevaya təqdim edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsinə müraciət edilsə də, bugünə kimi qurumdan G.Əliyevanın ünvanına rəsmi məktub daxil olmamışdır.G.Əliyeva qanunla nəzərdə tutulmuş müddətdə cavabın gəlməməsi səbəbindən özü şəxsən Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsinin inzibati binasına gedərək, məktuba cavab verilməməsinin səbəbi ilə maraqlanan zaman, vətəndaşın hüquqi savadsızlığından və yaşının çoxluğundan istifadə edərək inzibati binaya gəlməsi və qəbula düşməklə bağlı qəbzə imza etməli olduğunu bildirərək, ona məqsədli formada barəsində tərtib edilmiş qərar və protokolun surətini almasına dair qəbzə imza etdirmiş, bununla belə sözügedən sənədləri vətəndaşa təqdim etməmişlər. Bu barədə məlumatı ilə vətəndaş Əmlak Məsələləri Dövlət Xidmətinin özünə şikayətlə müraciət etdikdən sonra əldə etmişdir. Sadalanan səbəblərdən sözügedən qərardan qanunla müəyyən edilmiş müddət daxilində şikayətin verilməsi mümkünsüz olmuş, hazırda şikayətlə yanaşı müddətin ötürülməsinin üzrlü səbəblərlə bağlı olmasına dair ərizə də təqdim edilmişdir. Belə olan halda, onun əməlində inzibati xəta hadisəsi yoxdur və başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, X2 rayonu Masazır kəndində mülkiyyətində olan 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaqlarında tikinti aparılmaqla torpağın münbit qatını korlamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkillərdən və aktdan da torpaq sahəsində qazıntı işlərinin aparılması, torpaq sahəsi üzərində daşdan tikilmiş tikilinin olması görünür. İnzibati xəta haqqında 14 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı protokoldan və 08 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Abşeron rayonu, Masazır kəndində mülkiyyətində olan 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaqlarında tikinti aparılmaqla torpağın münbit qatını korlamış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 -ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən X6 barəsində qəbul edilmiş 08 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 3(012)-1436/2022 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə şikayətçini dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qərar ləğv edilməli və sonuncu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında qərarından şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi iştirak etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün sənədləri məhkəməyə təqdim etməmiş və şikayət verən şəxsin etdiyi etirazın əsasları kimi istinad etdiyi halların təkzib edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Torpaqların münbit qatının korlanması dedikdə onun tərkibində olan canlı həyatı üçün vacib elementlərin tükənməsi, dənəvərciklik ölçülərinin dəyişməsi, məhsuldarlığın itməsi və ya təbii su saxlama qabiliyyəti dərəcəsinin dəyişməsi və sair şəkildə ola bilər. Bu halların aşkar edilməsi üçün həmin torpağın təbiətini aydınlaşdırmaq üçün mikroskopik və kimyəvi (torpağın rəngi, mexaniki tərkibi, karbonatlığı, mineral tərkibi və humusu) tədqiqatlar aparılmalı idi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı inzibati xəta haqqında protokolun X6 barəsində başlanılmasının səbəbi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi ev inşa edilməklə əsaslı tikinti işləri aparılmış yerin X3 mülkiyyətində olan Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində olması ilə bağlı olmuşdur. Halbu ki, inzibati protokol tərtib edildiyi zaman X6 tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Araşdırma aparan orqan əraziyə baxış keçirərkən inzibati xəta törətmiş şəxsi yəni, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi ev inşa edilməklə əsaslı tikinti işləri apararaq, torpağın münbit qatını korlayan şəxsi müəyyən etməmişdir. Belə ki, İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə predmeti olan 0,02 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarışla X3 adına qeydə alınmışdır. Həmçinin Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təsdiq etdiyi 20.06. 2022 nömrəli Aktda mübahisə predmeti olan 0,02 ha torpaq sahəsi üzərində tikilinin X6 tərəfindən deyil, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi tərəfindən inşa edildiyi göstərilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi yalnız öz subyektiv mülahizələrinə əsasən X3 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Məhkəmə iclasda toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusunu və Azərbaycan Respublikasının qanunvericiliyinin yuxarıda şərh edilmiş müddəalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin tərəfindən X3 mülkiyyətinə verilmiş və Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0,02 ha kənd təsərrüfat təyinatlı əkin sahəsində qanunsuz baxış keçirilərək akt tərtib edilmişdir. Bu səbəbdən də həmin sözügedən akt və həmin akt əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş 14 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində ümumiyyətlə istifadə edilə bilməzlər. Qeyd edilən akt və inzibati xəta haqqında protokol istisna olmaqla X3 əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç-bir mötəbər sübut əlavə edilməmişdir. Eyni zamanda aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xətanın kimin tərəfindən törədilməsi araşdırılmamışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması sübuta yetirilməməsi səbəbi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunan hüquq normalarının məzmunundan da görünür ki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İşdən görünür ki, inzibati icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) hər bir inzibati xətaya aid edilən sübutlar əldə edməklə konkret inzibati xətanın törədilməsini və həmin xətanı törətmiş şəxsin təqsirini müəyyən edilmədiyi halda inzibati qaydada tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, səlahiyyətli şəxs 14 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli «inzibati xəta haqqında» protokol əsasında X3 inzibati qaydada tənbeh etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, Azərbaycan Respublikası İXM-in 244.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetirilmədiyindən, hazırki iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından şikayət təmin edilməli və X3 barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsi tərəfindən 08 aprel 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə qəbul edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin 08 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-100/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-100/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver