Məhkəmə qərarları › İş №3(012)-1003/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1003/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1003/2021 08.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Behbudova Aytac Aşura qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Abşeron rayonunun, Xırdalan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron X3 İdarəsinin Yol-patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində tərtib edilmiş 16.06.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 16.06.2021-ci il tarixdə, saat 00:15 radələrində «KİA SPORTAGE» minik markalı 90ZH502 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydasını pozduğuna görə saxlanılmış və və bu zaman onun avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 16 iyun 2021-ci il tarixdə, saat 00:15 radələrində «KİA SPORTAGE» minik markalı 90ZH502 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. İnspektor ona yaxınlaşıb özünü təqdim etdikdən sonra heç bir əsas göstərmədən ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuşdur. O, bir bakal spirtli içki qəbul etdiyini etiraf etmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas yalnız alkotester müayinəsinin nəticəsi və şəxsin öz könüllü etirafı olmuşdur. İş materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin çıxarışının 16 iyun 2021-ci il tarixli nəticəsinə əsasən Şəxs aşkar edilmiş alkoqolun miqdarı 0.0258 litr təşkil edir. İş materiallarına əlavə olunmuş aktdan və inzibati xəta haqqında protokoldan aydın olur ki, sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş, bununla bağlı müvafiq qeydlər aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2 və 69.3-cü maddələrinin tələblərinə görə şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2014-cü il tarixli 209 saylı Qərarın 2.4-cü bəndində qeyd edilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Lakin iş materiallarından aydın olur ki, yol patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməmiş, yol patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmiş, həmçinin sərxoşluq vəziyyətini təyin edən müayinənin nəticəsinə əsasən barəsində inzibati protokol tərtib olunmuş şəxsdə aşkar edilmiş alkoqolun miqdarı 0.0258 litr təşkil etmişdir. Göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən qəbul edilmiş qərar üçün əsas olan məqamlar qanunvericiliyin tələb etdiyi çərçivədə hərəkətlər edilmədən həyata keçirilmişdir ki, bu hal isə sərxoşluq hallarının müəyyən edilməsi prosesinin obyektiv və qərəzsiz şəkildə aparılmasını, müayinədən keçirilən şəxsin ümumiyyətlə sərxoş olub-olmamasını şübhə altına alır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron X3 İdarəsinin Yol-patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X1 tərəfindən 16.06.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanı törədilməsi hadisəsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar