Məhkəmə qərarları › İş №3(012)-1009/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1009/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1009/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının hakimliyi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin, polis sahə rəisi, polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1987-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşağı olan, ali təhsilli, deməsinə görə müəllimə və kafedə qabyuyan işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və müxtəlif ünvanlarda kirayədə yaşayan (mobil telefon-070 816 42 07) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron rayon RPİ-nin polis sahə rəisi, polis mayoru X10 tərəfindən tərtib edilmiş MN ******* saylı, 28.06.2021-ci il və MN ******* saylı, 28.06.2021-ci il tarixli protokollar və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon RPİ-nin polis sahə rəisi, polis mayoru X10 bildirdi ki, Şəxs 28 iyun 2021-ci il tarixdə saat təxminən 12:00 radələrində Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, polis əməkdaşlarının ünvanına ucadan nəlayiq ifadələr işlətməklə xırda xuliqanlıq inzibati xəta törətmişdir. Buna görə də Şəxs barəsində inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Xırdalan şəhəri, Kristal ünvan 2 ünvanında yerləşən X6 məxsus mənzildə kirayədə qalmış, 300 manat bir aylıq kirayə pulunu da əvvəlcədən vermiş, lakin ikinci ayda mənzil sahibi onun mənzildən çıxmasını tələb etdikdə əşyalarının yerləşdirilməsi və iki uşağı ilə qalmaq üşün başqa kirayə mənzilin tapılmasına görə vaxt verilməsini xahiş etdikdə X8 mənzildən çıxarılma ilə əlaqədar Abşeron rayon məhkəməsnə iddia ərizəsi vermiş, həmçinin Abşeron rayon Polis İdarəsinə şikayət etmişdir. O, uşaqlarını saxlamaq üçün gündüz Pirşağı qəsəbəsində müəllimə, axşamlar isə kofedə qabyuyan işləyir. 25 iyun 2021-ci il tarixdə gecə saat 1-2 radələrində Abşeron rayon Polis İdarəsinin sahə rəisi Loğman, təhqiqatçı Cavanşir, ev sahibi bir neçə polis əməkdaşı onun kirayədə yaşadığı mənzilə gələrək mənzildən çıxmasını, izahat verməsi üçün polis idarəsinə getməsini tələb edərkən o, gecəyarı körpə uşaqlarını tək qoyub polis idarəsinə getməkdən imtina etdiyi üçün onu zorla bayıra sürütləmək istərkən onların hay küyünə qonşular gəlib “bu nə biabırçılıqdır?, gecə vaxtı insanları niyə narahat etdiklərini soruşduqda polis işçiləri oranı tərk etmişlər. Sabahı günü, 26 iyun 2021-ci il tarixdə saat 11-12 radələrində yenə sahə rəisi Loğman, təhqiqatçı Cavanşir polis işçiləri ilə onun kirayə yaşadığı mənzilə gəlib mənzildən çıxmasını, izahat verməsi üçün polis idarəsinə getməsini tələb etdikdə mübahisənin həlli üçün mənzilin sahibinin məhkəməyə müraciət etdiyini bildirərək başqa ev tapmaq üçün ona vaxt verilməsini, ona polisə çağırmaq üçün bildiriş göndərilməsini xahiş etmişdir. 28 iyun 2021-ci il tarixdə saat 11-12 radələrində yenə sahə rəisi Loğman, təhqiqatçı Cavanşir polis işçiləri ilə onun kirayə yaşadığı mənzilə gəlib mənzildən çıxmasını, izahat verməsi üçün polis idarəsinə getməsini tələb edib onu zorla bayıra sürüyərkən əli kəsilmiş, ayaqları, qolları yaralanmışdır. Polis işçiləri zorla onun boynundan tutaraq uşaqları ilə mənzildən bayıra atmış, əşyaları isə mənzildə, uşaqları isə küçədə qalmışdır. Polis işçiləri ona qarşı özbaşınalıq etmişlər. Onlar barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytnantı X7 göstərdi ki, X4 ərizəsi əsasında 25.06.2021-ci il tarixdə gecə saat 1-2 radələrində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Cavanşir Mansirov və bir neçə polis əməkdaşları ilə Şəxs izahatının alınması məqsədi ilə onun kirayə qaldığı mənzilə gəlmiş, o, səs-küy saldığı üçün təkrar sabahı gün, 26.06.2021-ci il tarixdə saat 12 radələrində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Cavanşir Mansirov və bir neçə polis əməkdaşları ilə onun kirayə qaldığı mənzilə gəlmiş, lakin o, mənzildən çıxmaqdan və izahat verməkdən imtina etmişdir. 28.06.2021-ci il tarixdə saat 12 radələrində X1 RPİ-nə və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, evini kirayə verdiyi Şəxs adlı şəxsin barəsində kirayə verdiyi Xırdalan şəhəri, Kristal ünvan 3 ünvanında yerləşən mənzilindən çıxarılması barədə Abşeron rayon məhkəməsində hazırda araşdırma aparıldığını, Şəxsnm ona məxsus mənzilin qapısının kilidli olmasına baxmayaraq kilidi qıraraq mənzilə daxil olduğunu, qapının kilidinin qırılması nəticəsində ona 100 manat maddi ziyan dəydiyini bildirməsi barədə məlumatla əlaqədar 1987-ci il təvəllüdlü Şəxs izahatının alınması məqsədilə onun kirayədə yaşadığı ünvana getdiklərini, daxil olmuş məlumatla əlaqədar Abşeron RPİ-nin rəis müavini, polis polkovniki Elçin Rəcəbovun, Abşeron RPİ-nin İTŞ-nin rəisi, polis polkovnik- leytenantı Zülfüqar Məmmədovun, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Cavanşir Mansirovun qeyd olunan ünvana gedib Şəxs izahatının alınması təklif olunüb profilaktiki danışıqlar aparılan zaman qapını açaraq ünvanlı və ünvansız nalayiq söyüşlər söymüş və xidməti fəaliyyətlərinə maneçilik törədərək qanuni tələblərini icra etməkdən qəsdən boyun qaçırmışdır. Həmçinin, Şəxs hündür səslə qışqıraraq binanın sakinlərinin rahatçılığını pozmuş və səs-küy salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Cavanşir Mansirov göstərdi ki, X4 ərizəsi əsasında 25.06.2021-ci il tarixdə gecə saat 1-2 radələrində Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytnantı X7 və bir neçə polis əməkdaşları ilə Şəxs izahatının alınması məqsədi ilə onun kirayə qaldığı mənzilə gəlmiş, o, səs-küy saldığı üçün təkrar sabahı gün, 26.06.2021-ci il tarixdə saat 12 radələrində Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytnantı X7 və bir neçə polis əməkdaşları ilə onun kirayə qaldığı mənzilə gəlmiş, lakin o, mənzildən çıxmaqdan və izahat verməkdən imtina etmişdir. 28.06.2021-ci il tarixdə saat 12 radələrində X1 RPİ-nə ərizə verərək evini kirayə verdiyi Şəxs adlı şəxsin barəsində kirayə verdiyi Xırdalan şəhəri, Kristal ünvan 3 ünvanında yerləşən mənzilindən çıxarılması barədə Abşeron rayon məhkəməsində hazırda araşdırma aparıldığını, Şəxsnm ona məxsus mənzilin qapısının kilidli olmasına baxmayaraq kilidi qıraraq mənzilə daxil olduğunu, qapının kilidinin qırılması nəticəsində ona 100 manat maddi ziyan dəydiyini bildirməsi barədə məlumatla əlaqədar 1987-ci il təvəllüdlü Şəxs izahatının alınması məqsədilə onun kirayədə yaşadığı ünvana getdik. Daxil olmuş məlumatla əlaqədar Abşeron RPİ-nin rəis müavini, polis polkovniki Elçin Rəcəbov, Abşeron RPİ-nin İTŞ-nin rəisi, polis polkovnikleytenantı Zülfüqar Məmmədov, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytnantı X7 qeyd olunan ünvana gedib Şəxs qızma izahatının alınması təklif olunüb profilaktiki danışıqlar aparılan zaman qapını açaraq ünvanlı və ünvansız nalayiq söyüşlər söymüş və xidməti fəaliyyətlərinə maneçilik törədərək qanuni tələblərini icra etməkdən qəsdən boyun qaçırmışdır. Həmçinin, Şəxs hündür səslə qışqıraraq binanın sakinlərinin rahatçılığını pozmuş və səs-küy salmışdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(012)-4090/2021 saylı qərarından görünür ki, iddiaçı X4 cavabdeh Şəxs qarşı mənzildən çıxarılmaya dair iddiası üzrə məhkəmə hazırlıq iclası 02 iyul 2021-ci il tarixə saat 16:30-a təyin edilmişdir. İş materiallarında olan Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytnantı X2 28.06.2021-ci il tarixdə tərtib etdiyi raportdan görünür ki, 28.06.2021-ci il tarixdə saat 12 radələrində X1 RPİ-nə və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, evini kirayə verdiyi Şəxs adlı şəxsin barəsində kirayə verdiyi Xırdalan şəhəri, Kristal ünvan 3 ünvanında yerləşən mənzilindən çıxarılması barədə Abşeron rayon məhkəməsində hazırda araşdırma aparıldığını, Şəxs ona məxsus mənzilin qapısının kilidli olmasına baxmayaraq kilidi qıraraq mənzilə daxil olduğunu, qapının kilidinin qırılması nəticəsində ona 100 manat maddi ziyan dəydiyini bildirməsi barədə məlumatla əlaqədar 1987-ci il təvəllüdlü Şəxs izahatının alınması məqsədilə onun kirayədə yaşadığı ünvana getdik. Daxil olmuş məlumatla əlaqədar Abşeron RPİ-nin rəis müavini, polis polkovniki Elçin Rəcəbov, Abşeron RPİ-nin İTŞ-nin rəisi, polis polkovnik- leytenantı Zülfüqar Məmmədov, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Cavanşir Mansirov qeyd olunan ünvana gedib Şəxs qızma izahatının alınması təklif olunub profilaktiki danışıqlar aparılan zaman qapını açaraq ünvanlı və ünvansız nalayiq söyüşlər söymüş və xidməti fəaliyyətimizə maneçilik törədərək qanuni tələblərimizi icra etməkdən qəsdən boyun qaçırmışdır. Həmçinin, Şəxs hündür səslə qışqıraraq binanın sakinlərinin rahatçılığını pozmuş və səs-küyü salmışdır. Odur ki, Xırdalan şəhəri, Kristal ünvan 3 ünvanında ev sahibəsi X4 iradəsinə zidd olaraq mənzildə yaşamağa davam edən Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə X4 25.06.2021-ci il tarixli ərizəsi əsasında toplamış mterialları tələb edib nəzərdən keçirərkən müəyyən etdi ki, 28.06.2021-ci il tarixdə saat 12 radələrində X1 RPİ-nə ərizə verərək evini kirayə verdiyi Şəxs adlı şəxsin barəsində kirayə verdiyi Xırdalan şəhəri, Kristal ünvan 3 ünvanında yerləşən mənzilindən çıxarılması barədə Abşeron rayon məhkəməsində hazırda araşdırma aparıldığını, Şəxsnm ona məxsus mənzilin qapısının kilidli olmasına baxmayaraq kilidi qıraraq mənzilə daxil olduğunu, qapının kilidinin qırılması nəticəsində ona 100 manat maddi ziyan dəydiyini bildirməsi barədə məlumat vermiş, ərizənin araşdırılması Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Cavanşir Mansirova tapşırılmış, təhqiqatçı sahə rəisi və digər polis işçiləri ilə birlikdə 25.06.2021-ci il tarixdə gecə saat 1-2 radələrində, 26.06.2021-ci il tarixdə və 28.06.2021-ci il tarixdə gündüz saat 12 radələrində Şəxs kirayə yaşadığı mənzilə getmiş, onun iş üzrə izahat verməsi və mənzildən çıxmasını tələb edilmiş, Abşeron rayon məhkəməsində iddiaçı X4 cavabdeh Şəxs qarşı mənzildən çıxarılmaya dair iddiası olduğu halda 28.06.2021-ci il tarixdə o polis işçiləri tərəfindən zorla mənzildən çıxarılmış, Şəxs mənzildən çıxarılarkən əlindən və bədən nahiyyələrindən xəsarət almışdır. Azərbaycan Respublikasının İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikasının İXM-nin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikasının İXM-nin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Azərbaycan Respublikasının MM-nin 2.2-ci maddəsinə görə mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5.1 maddəsinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.1 maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə zamanı müəyyən edildili ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Cavanşir Mansirov icraatında olan X4 Abşeron RPİ-nə yazdığı ərizəsi əsasında Şəxs yaşayış ünvanı üzrə bildiriş göndərmədən 25.06.2021-ci il tarixdə gecə saat 1-2 radələrində, 26.06.2021-ci il tarixdə və 28.06.2021-ci il tarixdə gündüz saat 12 radələrində Şəxs kirayə yaşadığı mənzilə getmiş, onun iş üzrə izahat verməsi və mənzildən çıxmasını tələb etmiş, polis əməkdaşları ilə birlikdə Abşeron rayon məhkəməsində iddiaçı X4 cavabdeh Şəxs qarşı mənzildən çıxarılmaya dair iddiası olduğu halda məhkəmənin qərarı olmadan «İnsan hüquqlarının va əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın müvafiq tələblərini pozaraq Şəxs zorla və xəsarət yetirməklə kirayə yaşadığı mənzildən çıxarmışlar. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytnantı X2 28.06.2021-ci il tarixdə tərtib etdiyi raportda Şəxs hündür səslə qışqıraraq binanın sakinlərinin rahatçılığını pozması və səs-küy salması, nalayiq sözlər deməsi göstərilsədə, bu faktı təsdiq edən sübutlar əldə edilməmiş, Şəxs hərəkəti nəticəsində narahat olan qonşuların və ya bina sakinlərinin izahatları alınıb iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri, digər sübutları, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş materiala obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verib, inzibati protokolu və raportu tərtib etmiş şəxsləri və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib - ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib - polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama müəyyən edilmədiyindən onun barəsində başlanılmış icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yenə də Həmin Məcəllənin 105.1-ci maddəsi ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrə əsasən xitam olunmalıdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar