Məhkəmə qərarları › İş №3(012)-1016/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1016/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1016/2023 18.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X1, "xxxx" firmasının nümayəndəsi və vəkili X2 iştirakları ilə, "xxxx" fırması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, "xxxx" fırması barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair 13 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X4 verdiyi izahatında bildirmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində icarəsində olan "xxxx" firmasının icarəsində olan torpaq sahəsinə karyer (mişardaşı istehsalı) kimi istifadə etməklə torpaq sahəsinə istehsalat və daş qırıntılarının tökülməsi faktı ilə zibilləməsinə səbəb olmuşdur. Bununla bağlı akt tərtib edilmiş, foto şəkillər çəkilmiş, daha sonra törədilmiş inzibati xətaya görə "xxxx" firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq "xxxx" firması inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" firmasının nümayəndəsi və vəkili X5 verdiyi izahatında bildirmişdir ki, "xxxx" firmasının fəaliyyət göstərdiyi torpaq sahəsi sənaye kateqoriyalı torpaq sahəsinə aiddir, həmin ərazidə faydalı qazıntının çıxarılması nəzərdə tutulur və meşə fondu torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. Belə ki, "xxxx" firması dağ-mədən sahəsində fəaliyyət göstərən və ölkəmizdə aparılan tikinti-quruculuq işləri ilə əlaqədar tikinti materiallarına olan tələbatı yerinə yetirən müəssisələrdən biridir. Firma dağ- mədən sahəsində fəaliyyətini “Yeri təki haqqında” qanunvericiliyinin tələbinə əsasən qurmuş və əsas məqsədi mineral xammaldan səmərəli istifadə olunmasıdır. "xxxx" firması faydalı qazıntı yatağı kimi dövlət qeydiyyatına alınmış “Güzdək-2” yatağında fəaliyyət göstərir və əsas fəaliyyət istiqaməti mişar daşının istehsalıdır. Qeyd edək ki, Bakı şəhər X3 14 iyun 1954-cü il tarixli 49/1214 saylı Qərarı ilə “Güzdək” Daş Karxanası müəssisəsi təsis edilmişdir. 1999-cu ildə “Güzdək” Daş Karxanası müəssisəsi Dövlət Əmlak Komitəsi tərəfindən Dövlət Özəlləşdirmə proqramı çərçivəsində hərraca çıxarılmış və onun bütün əmlakı (torpaq sahəsi, mövcud tikililər, avadanlıq və qurğular) əmək kollektivinin üzvləri tərəfindən əldə olunaraq, bu müəssisənin əsasında "xxxx" firması təsis edilmişdir. Müəssisəmizə özəlləşdirmənin nəticəsi olaraq auksion protokolu əsasında Dövlət Əmlak Komitəsi tərəfindən “Güzdək” daş karxanasının özəlləşdirilməsi barədə müvafiq şəhadətnamə (çıxarış) (xx.xx.1999-cu il tarixli, 13564 qeydiyyat nömrəli) verilmişdir. Əlavə olaraq bildirir ki, vətəndaşların şikayətləri ilə əlaqədar dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerolojiya Xidməti, X6 Agentliyi, Monitoring Mərkəzi və.s. yeni qurumları tərəfindən müəssisəmizin ərazisində ölçmə işləri aparılmış və hər dəfə tərtib olunan sənədlərdə (akt, protokol və.s.) bütün ekoloji göstəricilərin norma daxilində olması müəyyən olunmuş və bütün bunlar həmin sənədlərdə öz əksini tapmışdır. Milli Hidrometerologiya Xidmətinin xx.xx.2020-ci il tarixli aktında daş karxanasının ətraf ərazilərində bütün ekoloji normaların qaydasında olduğu və hər hansı pozuntunun olmaması öz əksini bir daha tapmışdır. Təkrar olaraq bildiririk ki, Güzdək daş yatağı 1954-cü ildən fəaliyyət göstərir və həmin torpaq sahəsi və ətraf ərazilərin hamısının kateqoriyası sənaye təyinatlıdır. Odur ki, "xxxx" Firması tam qanuni əsaslarla sənaye kateqoriyalı torpaq sahəsində faəliyyət göstərdiyi üçün, müəssisənin əməlində İnzibati xətalar Məcəlləsinin 244.1-ci maddəsində qeyd olunan inzibati xətanın tərkibi ola bilməz. Qeyd olunanları nəzərə alaraq "xxxx" firması barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 may 2023-cü il tarixli aktdan görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsində, “Güzdək-2” yatağında (39T X 388602 Y ******* saylı koordinatlar) yerləşən, dövlət mülkiyyətində olan,sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı təxminən 2.0 ha torpaq sahəsinin "xxxx" firması tərəfindən mişardaşı istehsalı üçün istifadə edildiyi müəyyən olunmuşdur. İş materialarında olan 00649 saylı dağ-mədən ayırması aktından görünür ki, “Güzdək” əhəngdaşı yatağında mişardaşı istehsalı məqsədi ilə 8,5 ha ərazi "xxxx" firmasının istifadəsinə verilmişdir. Məhkəmə 13 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" firması tərəfindən torpaq sahəsinin karyer kimi istifadə etməklə torpaq sahəsinə istehsalat və daş qırıntılarının tökülməsi ilə zibilləməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə həm də qeyd edir ki, "xxxx" firmasının fəaliyyət göstərdiyi torpaq sahəsi sənaye kateqoriyalı torpaq sahəsinə aiddir, həmin ərazidə faydalı qazıntının çıxarılması nəzərdə tutulur və meşə fondu torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 244.1-ci maddəsi Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə məsuliyyəti nəzərdə tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, "xxxx" fırması barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunvericiliyin tələbinə əsasən, "xxxx" fırmasının əməlində inzibati xəta tərkibi olmadığından inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" fırması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar