Məhkəmə qərarları › İş №3(012)-1032/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1032/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1032/2024 20.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 10 may 2024-cü il tarixli, MN № ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1nq zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən mülkiyyətdə olan 1,9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində torpağı qazaraq beton tökməklə məqsədli təyinatdan kənar başqa məqsədlər üçün istifadə etməsi aşkar olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin nümayəndəsi Qurban Mikayılov izahatında bildirdi ki, Abşeron rayonu, Məmmədli kənd ərazisində yerləşən Şəxs MMC-yə məxsus olan torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. Qanunvericiliyin tələbinə əsasən, qeyd edilən torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə müvəqqəti tikililərin tikintisinə icazə verilməsinə baxmayaraq Şəxs MMC tərəfindən beton tökməklə məqsədli təyinatdan kənar başqa məqsədlər üçün istifadə etmişdir. Şəxs tərəfindən həmin torpaq sahəsindən təyinatı üzrə istifadə qaydaları pozulmuşdur. Şəxs MMC barəsində tərtib olunmuş protokol əsaslı olduğundan barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kənd ərazisində yerləşən ümumi sahəsi 1,9999 ha olan torpaq sahəsi Şəxs MMC-nin xüsusi mülkiyyətindədir. Qeyd edilən çıxarışda həmin torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı təyinatlı” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin nümayəndəsi Torpaqların İdarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdürü X5iu, məsləhətçi X2 və məsləhətçi-müfəttiş X1 iştirakı ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, torpaq sahəsindən istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə monitorinq aparılan zaman Abşeron rayonu, Məmmədli kənd ərazisində Şəxs MMC tərəfindən torpaq sahəsində torpağın qazılaraq betona tökülməsi faktı aşkar olunmuşdur. Araşdırma zamanı tikinti işləri Şəxs MMC-nin xüsusi mülkiyyətinə (xx.xx.20007-ci il tarixli, **********97 reyestr nömrəli çıxarış, torpaq sahəsinin plan və ölçüsü) aid kənd təsərrüfatı təyinatlı 1,9999 ha torpaq sahəsində aparıldığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 3-21-3-29/2-308/2023 saylı Şəxsnə ünvanlanmış bildirişdən görünür ki, ünvan 1nq zamanı torpaq qanunvericiliyinin pozulması ilə nəticələnən inzibati xətaya yol verildiyi müəyyən edilmiş və xx.xx.2024-cü il tariixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Fotoşəkillərdən görünür ki, torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə müvəqqəti tikililərin tikintisinə icazə verilməsinə baxmayaraq Şəxs MMC tərəfindən beton tökməklə məqsədli təyinatdan kənar başqa məqsədlər üçün istifadə edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə-fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında əsasnamənin 3-cü bəndində qeyd edilmişdir ki, Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətini Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirirlər. Həmin əsasnamənin 4-cü bəndində qeyd edilmişdir ki, Torpaqlardan istifadə və onların mühafizəsinə Dövlət nəzarəti orqanlarının tərkibinə həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri daxildir. Eyni əsasnamənin 8-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələrinin rəhbərləri vəzifələrinə görə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə rayon, şəhər dövlət müfəttişləridir, yerli qurumların (bölmələrin) dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri isə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir. Həmin əsasnamənin 9.1-ci bəndində qeyd edilir ki, öz səlahiyyətli daxilində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi ölkə ərazisində bütün torpaqların səmərəli istifadəsinə və onların mühafizəsinə dövlət nəzarətini təşkil edir və həyata keçirir. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı aşkar olunmuşdur ki, Şəxs MMC-nin xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kənd ərazisində yerləşən ümumi sahəsi 1,9999 ha olan torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı təyinatlı” olmasına baxmayaraq həmin torpaq sahəsində mülkiyyətçisi tərəfindən beton tökülməklə məqsədli təyinatdan kənar başqa məqsədlər üçün istifadə etmişdir. Beləliklə, məhkəmə Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək, 5.000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar