Məhkəmə qərarları › İş №3(012)-1037/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1037/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1037/2021 30.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsi Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, "xxxx" MMC-nin direktoru Nümayəndə iştirakları ilə, "xxxx" MMC (hüquqi ünvanı: AZ 0100, Abşeron rayonu, Saray ŞTQ, Saray Novxanı şossesi), barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4, 538-1.1 və 538.1-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4, 538-1.1 və 538.1-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola görə Abşeron rayonu, Saray STQ, Saray-Novxanı şosesi, ünvanındakı obyektdə 01.07.2021-ci il tarixdə qara metal tullantıların uyğunluq sertifikatının, avadanlıq və qurğuların uyğunluq sertifikatının, radiasiya müayinəsi məqsədilə laboratoriyanın, digər oçmə vasitələrinin şəhadətnaməsinin və tipinin sertifikatının satılan metal məmulatın sertifikatının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 məhkəmədə çıxış etməklə protokolla eyni məzmunlu izahat vermiş və barəsində inziati protokol tərtib olunan şəxsin barəsində inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib olunan şəxsin direktoru Nümayəndə bildirdi ki, protokolda qeyd olunan çatışmazlıqlarla razıdırlar, əvvəllər məlumatları olmadığından qeyd olunan pozuntulara yol vermiş, sonradan həmin halları aradan qaldırmışlar. Ona görə də yüngül cəza təyin edilməsini xahiş edirlər. Təqdim edilmiş materiallardan görünür ki: 01 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yoxlama aparılmış və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış cəmiyyətin direktoruna təqdim olunmuşdur. Yoxlama barədə müvafiq qeydlər aparılması üçün "xxxx" təqdim olunmadı. Müəssisə fiziki və hüquqi şəxslərdən qara metal tullantıları akt və elektron qaimə əsasında alqı-satqı yolu ilə əldə edir, əldə etdikləri qara metal tullantıları emal edərək ondan müxtəlif markalı armaturlar və pəstahar istehsal olunur. İstehsal olunan armaturların və pəstahların yeri və xarici bazarlarda satışı həyata keçirilir. Yoxlama zamanı tərkibində qara metallar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı ilə əlaqədar avadanlıq və qurğuların uyğunluq sertifikatının həmçinin fiziki və hüquqi şəxslərdən tədarük olunan qara metal tullantılarının uyğunluq sertifikatının olmadığı aşkar olundu. Bundan başqa yoxlama nəticəsində metal tullantıların radiasiya müayinəsi məqsədilə olçmələri aparılan sahibkarlıq obyektinin laboratoriyasının, metal tullantıların radiasiya müayinəsi məqsədilə istifadə olunan olçmə vasitələrinin olmadığı və digər olçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin olmadığı və tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı aşkar olundu. Bununla da “Uyğunluğun qiymətləndirilməsu sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 2021-ci il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radasiya və partlayış təhlükəsizliyi axımından müayinədən keçirilməsi” qaydalarının 6.8-ci bəndinin “ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci və 12.5 və 11.3-cü bəndlərinin tələblərinin pozulduğu müəyyən olundu. Bundan başqa yoxlama zamanı istehsalatda istifadə olunan xammal qara metal tullantı olduğu müəyyən olunmuşdur. Bu tullantıların uyğunluq sertifikatı yoxdur. İstehsal olunan və satılan metal məmulatarının sertifikatı yoxdur. İstehsal olunan və satılan armaturun uyğunluq sertifikatının olmadığı müəyyən olundu. Bununla da aşkar olunan pozuntulara görə hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4, 538.1 və 538-1.1-ci maddələri ilə tövsif olunaraq barəsində 01.07.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olundu. Bununla da müəyyən edilir ki, Abşeron rayonu, Saray STQ, Saray-Novxanı şosesi, ünvanındakı obyektdə 01.07.2021-ci il tarixdə qara metal tullantıların uyğunluq sertifikatının, avadanlıq və qurğuların uyğunluq sertifikatının, radiasiya müayinəsi məqsədilə laboratoriyanın, digər olçmə vasitələrinin şəhadətnaməsinin və tipinin sertifikatının satılan metal məmulatın sertifikatının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsinə Akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə - vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cəriməni nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4, 538-1.1 və 538.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1ci mddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz.İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 447.0.4, 538-1.1 və 538.1-ci maddələri ilə təqsirli bilinməklə həmin Məcəllənin 447.0.4-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4, 538-1.1 və 538.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsilə 4000 (dörd min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar