Məhkəmə qərarları › İş №3(012)-1038/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1038/2022

01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1038/2022 01.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya X7 nazirliyi 4 saylı X6 Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X1 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası Ekologiya X7 Nazirliyi nin 4 saylı X6 Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253-1.2.1-ci və 253-1.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ekologiya X7 Nazirliyinin 4 saylı X6 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokol xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Protokola və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 18-ci km-də yolun sağında “İS Oil” yanacaq doldurma məntəqəsi və ona bitişik obyektiv qarşısında müvafiq icra hakimiyyəti orqanının rəyi, yaşıllığın götürülmə vərəqi, qərar olmadan 114 kv.m ot birkiləri (qazonu) məhv edilmiş, 3 (üç) ədəd ağac və 3 (üç) ədəd kolun götürülməsi (köçürülməsi) faktı aşkar edilmişdir. "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya X7 Nazirliyinin 4 saylı X6 Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya X7 nazirliyi 4 saylı X6 Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 bildirdi ki, 4 saylı X6 Təbii Sərvət İdarəsinin əməkdaşları tərəfindən idarənin xidməti ərazisi olan Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində Bakı -Şamaxı yolunun 18-ci kilometrliyində “İS OİL” yanacaqdoldurma məntəqəsinin qarşısında və ona bitişik inzibati binanın ətrafında olan 114 kvm. otlaq sahənin məhv edilməsi, 3 (üç) ədəd müxtəlif cinsli ağac və 3(üç) ədəd kol bitkisinin qanunsuz olaraq məhv edilməsi faktı aşkar olunmuşdur. "Ətraf mühitin mühafizəsi haqqında", “Ekoloji təhlükəsizlik haqqında”, "Yaşıllıqların mühafizəsi haqqında" qanunların və ətraf mühitin mühafizəsi haqqında digər normativ hüquqi aktların tələblərinə riayət olunmaqla aşkar olunmuş hüquq pozuntusu yerində araşdırılarkən ətraf mühitə 5700 (beş min yeddi yüz) manat miqdarında maddi ziyan vurulması müəyyən edilmişdir. Qeyd olunan inzibati xətanın hüquqi şəxs "İS.M.M” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona məxsus "İS OİL" yanacaqdoldurma məntəqəsində və ətrafında aparılan tikinti-təmir işləri nəticəsində törədildiyi aşkar olunmuşdur. Faktla bağlı "xxxx" MMC barəsində 66556 saylı akt tərtib olunmuş və xx.xx.2022-ci il tarixli, MN1493068 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X2 bildirdi ki, 3(012)-1038/2022 nömrəli inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Ekologiya X7 Nazirliyi 4 saylı X6 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN1493068 nömrəli inzibati xəta haqqında protokola etiraz etdiyini, həmin “İnzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1.2.1 və 253.1.2.2-ci maddələrinə istinad edildiyini, həmin protokolun "İS.M.M” MMC-yə qarşı qərəzli münasibətini əks etdirməklə yanaşı, tamamilə qanunsuz və əsassız olduğunu, 4 saylı X6 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN1493068 nömrəli inzibati xəta haqqında protokolunda guya xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 18-ci km-də yolun sağında “İS Oil” yanacaq doldurma məntəqəsi və ona bitişik obyektiv qarşısında müvafiq icra hakimiyyəti orqanının rəyi, yaşıllığın götürülmə vərəqi, qərar olmadan 114 kv.m ot birkiləri (qazonu) məhv edilmiş, 3 (üç) ədəd ağac və 3 (üç) ədəd kolun köçürüldüyünü, protokol tərtib edilən zaman 22-xx.xx.2022-ci il tarixli, 66556 nömrəli akta və fotoşəkillərə istinad edilməklə təsdiq edilmişdir. "İS.M.M” MMC tərəfindən ağacların köçürülməsi 4 saylı X6 Təbii Sərvətlər İdarəsinin təhrif olunmuş “sübutu”dur. Ümumiyyətlə, "İS.M.M” MMC-nin əməlində inzibati xəta mövcud deyildir. Çünki maddi hüquq normasına görə, ancaq qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Sonda o, yuxarıda qeyd olunanları nəzərə alaraq, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsini rəhbər tutaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan 22-xx.xx.2022-ci il tarixli 66556 saylı aktdan görünür ki, AR Ekologiya X7 Nazirliyi 4 saylı X6 Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 09 saylı sərəncamına əsasən idarənin xidməti ərazisi olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində “Yaşıllıqların mühafizəsi haqqında” “Ətraf mühitin mühafizəsi” haqqında, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarının və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər normativ hüquqi tələblərinə riayət olunması vəziyyəti araşdırılarkən Hökməli qəsəbəsi ərazisində Bakı -Şamaxı yolunun 18-ci kilometrliyində “İS OİL” yanacaqdoldurma məntəqəsinin qarşısında və ona bitişik olan inzibati binanın ətrafında olan yaşıllıqların məhv edilməsi və köçürülməsi faktları aaşkar edilmişdir. Fakt üzrə araşdırma aparılarkən Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində Bakı -Şamaxı yolunun 18-ci kilometrliyində “İS OİL” yanacaqdoldurma məntəqəsinin qarşısında və ona bitişik inzibati binanın qarşısında mövcud olmuş yaşıllıq sahəsi götürülərək həmin yerin betonlaşması işləriin aparıldığı müəyyən edilmişdir. Özünü "İS.M.M” MMC-nin nümayəndəsi (menecer) kimi təqdim edən Xəqani adlı şəxs şifahi izahat edərək həmin inzibati binanın “Rahat” supermarketə icarəyə verildiyini və həmin yaşıllıq sahəsinin obyektə gələn avtomobillərin giriş-çıxışına mane olduğu üçün və avtomobillərin dayanacaq probleminin aradan qaldırılması məqsədilə MMC-nin göstərişi ilə onlar tərəfindən obyektin kənarına köçürüldüyünü bildirdi. Ərizəyə “Google Earth” proqram vasitəsilə keçirilən baxış məntəqəsinə bitişik inzibati binanın (obyektin) qarşısındakı yaşıllıq sahəsində mövcud olmuş köküstə yaş halda diametrləri 8-12 sm olan 3 (üç) ədə leylandr ağacı, 03 (üç) ədəd aylandr kolunun obyektiv kənarına köçürüldüyü və ölçüləri 6m x 13m=78 kv.m və 6mx6m=36 kv.m olan ot bitkilərinin (qazonun) məhv edildiyi müəyyən edildi. Araşdırma müddətində yaşıllıqların götürülməsi və ya köçürülməsi barədə hüquqi səndə təqdim olunmadı. Bununla da "İS.M.M” MMC tərəfindən Azərbaycan Respublikası “Yaşıllıqların mühafizəsi haqqında” “Ətraf mühitin mühafizəsi” haqqında Qanunun 10,13-cü maddələrinin tələbləri pozulmuş, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası haqqında” qərarına əsasən ot bitkilərinin (qazonun) məhv edilməsi nəticəsində nəticəsində təbiətə ziyan dəydiyi müəyyən edildi. İş materiallarından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 18-ci km-də yolun sağında “İS Oil” yanacaq doldurma məntəqəsi və ona bitişik obyektin qarşısında mövcud olmuş ot bitkiləri (qazon) sahəsi aparılan təmir-tikinti işləri zamanı məhv edilmişdir. Dəymiş ziyanın miqdarı 5700 (beş min yeddi yüz) manat təşkil edir. Beləliklə, məhkəmə zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 18-ci km-də yolun sağında “İS Oil” yanacaq doldurma məntəqəsi və ona bitişik obyektin qarşısında mövcud olmuş ot bitkiləri (qazon) sahəsi aparılan təmir-tikinti işləri zamanı məhv edildiyi, faktla bağlı da "İS.M.M” MMC barəsində xx.xx.2022-ci il tarixli, 66556 saylı akt tərtib olunduğu və ağacların qanunsuz köçürülməsi ilə bağlı hüquqi şəxs barəsində MN1493068 nömrəli protokolun tərtib edildiyi müəyyən edilmişdir. "İS.M.M” MMC–nin Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci və 253-1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi Azərbaycan Respublikası Ekologiya X7 Nazirliyinin 04 saylı X6 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol, fotoşəkillər, akt və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci və 253-1.2.2ci maddələrinə əsasən, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə, yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 18-ci maddəsinin tələblərinə əsasən "İS.M.M” MMC hüquqi şəxsdir. Buna görə də o hüquqi şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "İS.M.M” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "İS.M.M” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "İS.M.M” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15000 (on beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar