Məhkəmə qərarları › İş №3(012)-1041/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1041/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1041/2025 28.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis kapitanı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsndən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis kapitanı Amid Əliyev izahat verərək bildirdi ki, vətəndaş Şəxs 28 aprel 2025-ci il tarixdə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən kafenin qarşısında ictimai yerdə ucadan ünvansız nəlayiq ifadələr işlətməsi aşkar edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək, bildirmişdir ki, baş vermiş hadisəyə səbəb ona pul borcu olan dostu ilə telefonda mübahisə etməsi olmuşdur. Belə ki, o, dostu ilə telefonda danışarkən borcunu ödəməsini tələb etsə də, lakin həmin şəxs dediklərinə saymaycasına əhəmiyyət verməmiş, beləcə də onun əsəbləşərək, sonuncuya qarşı qeyri-etik sözlərdən istifadə edərək, ətrafdakıların narahatçılığına səbəb olan hərəkətlər etməsinə səbəb olmuşdur. Sonda əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini, ailəsinin dolanışığını təmin etmək üçün taksi fəaliyyəti ilə məşğul olaraq himayəsində olan azyaşlı uşağının ehtiyaclarını ödəməsini bildirərək, barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. İnzibati qaydada tutma haqqında 28 aprel 2025-ci il tarixli, AZA № 013885 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00-da tutulmuşdur;

2. “İnzibati xəta haqqında” 28 aprel 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 28 aprel 2025-ci il tarixdə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən kafenin qarşısında ictimai yerdə ucadan ünvansız nəlayiq ifadələr işlətməsi aşkar edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir;

3. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində 05 iyun 2024-cü il təvəllüdlü X1 adlı uşağı vardır.

Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olması və himayəsində 01 azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. 33-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, təqsir dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların aşkar edilməməsini, həmçinin himayəsində azyaşlı övladının olmasını, eləcə də tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar