Məhkəmə qərarları › İş №3(012)-105/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-105/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-105/2022 20.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X8 Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X8 Təbii Sərvətlər İdarəsinin "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin və 4 saylı X8 Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 29 noyabr 2021-ci il tarixdə keçirilmiş monitorinq zamanı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus metal əritmə zavodunun fəaliyyətdə olduğu müddətdə ətraf ərazidə aparılan ölçmə işləri zamanı zavoddan atmosferə atılan tullantıların miqdarının ətraf mühit üçün yol verilən həddən artıq olması CO-10,5 mq/m3 (norma:5,0mq/m3) müəyyən olunaraq müəssisə barəsində Azərbaycan Respublikas İXM-nin 233.1-ci maddəsi ilə 16 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-105/2022 nömrəli 28 yanvar 2022-ci il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10500 (on min beş yüz) manat məbləğində cərimə edilmişdir. Abşeron Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarından "xxxx" MMC-nin direktoru Abdulla Hüseynov apelyasiya şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt apelyasiya Məhkəməsinin 3(105)-157/2022 saylı, 28.03.2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin 3(012)-105/2022 saylı 28 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və inzibati materialın yenidən araşdırılması üçün Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt Apellyesiya Məhkəməsi tərəfindən məhkəmə baxışının yekunlarına dair qəbul olunmuş təqdimatdan görünür ki, Azərbaycan Respublikası İXM-nin 119-cu maddəsinin tələblərinə əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə 16 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X8 Təbii Sərvətlər İdarəsinin əməkdaşı X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud pozulmasına yol verdiyinə görə onlar barəsində müvafiq tədbir görülməsi məsələsinə baxılması bildirilmişdir. Protokola və ona əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus metaləritmə zavodu fəaliyyətdə olduğu müddətdə ətraf ərazidə aparılan ölçmə işləri zamanı zavoddan atmosferə atılan tullantıların miqdarının ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur. "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X8 Təbii Sərvətlər İdarəsi tərəfindən 16.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X2 bildirmişdir ki, barələrində Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 04 saylı X8 Təbii Sərvətlər İdarəsi tərəfindən 16.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən "xxxx" MMC-nin heç bir nümayəndəsinin iştirakı təmin edilməmişdir. Monitorinq aktında qeyd olunub ki, guya "xxxx" MMC-nin nümayəndəsi monitorinqdə iştirak etdi, akta imza atmaqdan imtina etdi». Lakin bu tamamilə yalan qeyddir və şirkətin heç bir nümayəndəsi nə monitorinqə cəlb olunmamış, nə də ona akta imza etmək təklif olunmamış və ona görə də bunlara dair işdə heç bir sübut yoxdur. Bundan başqa 16.12.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunub ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X1 izahat verməkdən və protokola imza etməkdən imtina etdi». Bu da tamamilə yalan qeyddir, şirkətin heç bir nümayəndəsi nə protokolun tərtibinə cəlb olunmamış, nə də ona protokola imza etmək təklif olunmamışdır. Bunlara dair işdə heç bir sübut yoxdur. Aktın və protokolun tərtibi zamanı da qanunvericiliyə riayət olunmamışdır. Belə ki, stasionar müşahidə məntəqələri sistematik və uzunmüddətli müşahidələr aparılması üçün nəzərdə tutulmuş səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulmuşdur. Lakin, monitorinqi aparan orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidməti həmin qaydalara əməl etməyərək cəmi bir dəfə yoxlama aparmış və onun da nəticələrinə dair əsaslı sübut yoxdur. Bu da kobud qanun pozuntusu olmaqla barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Həm də qeyd edir ki, qeyd olunan nöqsanlarla bağlı Sumqayıt Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 04 saylı X8 Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə bağlı xüsusi qərar çıxarılmışdır. Ona görə də xahiş edir ki, şirkətin əməlində Azərbaycan Respublikas İXM-nin 233.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X8 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 bildirdi ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus metaləritmə zavodunun ətrafında monitorinq ölçmə işləri aparılmışdır. Nəticədə "xxxx" MMC-yə məxsus metaləritmə zavodunun fəaliyyətdə olduğu müddətdə ətraf ərazidə aparılan ölçmə işləri zamanı zavoddan atmosferə atılan tullantıların miqdarının ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur. Protokol tərtib olunarkən tərəflərin iştirakı təmin edilmişdir. Bildirir ki, məhkəməyə təqdim etdiyi təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair rəsmi statistika hesabatı da mövcuddur, həmin hesabatdan görünür ki, "xxxx" MMC-nin təmizləyici və qaztutucu qurğuları yoxdur. Bu hal da ətraf mühitə zərərli maddələrin atılmasının normadan artıq olmasına səbəbdir. Qeyd edir ki, protokolda olan nöqsanlar inzibati xətanın olmasını istisna etmir. İnzibati xəta mövcuddur. Ona görə də "xxxx" MMC barəsində tərtib olunmuş protokolla bağlı inzibati tənbeh tədbiri görülməsi barədə qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin və 4 saylı X8 Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin fikirlərini dinləyib hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilmlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən tərtib olunmuş 0692 nömrəli, 29.11.2021-ci il tarixli monitorinq aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə daxil olan 28.10.2021-ci il, A-466 saylı ünvan 1 ünvan sakini X10 rayonu, Güzdək qəsəbəsi yaxınlığında fəaliyyət göstərən "MİLAN-A” MMC metal zavodundan tullantıların atılması və atmosferə tüstünün yayılması” ilə bağlı şikayətinə əsasən 29.11.2021-ci il tarixində Milli Hidrometeorologiya Xidmətinin və 4 saylı X8 Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən monitorinq keçirilmişdir. Monitorinq sabit hava şəraitində saat 1240 radələrində səyyar portativ ANKAT-64M3-03 cihazı vasitəsilə aparılmışdır. Nəticələrə əsasən, CO-10,5 mq/m3 (norma: 5,0 mq/m3), SO2-0,5 mq/m3 (norma: 0,5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müşahidə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X8 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 16.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən "MİLAN-A” MMC-yə məxsus metaləritmə zavodundan fəaliyyətdə olduğu müddətdə ətraf ərazidə aparılan ölçmə işləri zamanı zavoddan atmosferə atılan tullantıların miqdarının ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri yalnız məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirildikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirli olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib olunur. Azərbaycan Respublikası İXM-in 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətinin və hüquqi şəxsin şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətndə tərtib edilir. Azərbaycan Respublikası İXM-in 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Göründüyü kimi inzibati protokol tərtib olunarkən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, iş üzrə əlavə məlumat əldə edilməsinə zərurət olmadığı halda inzibati xəta faktı 29 noyabr 2021-ci il tarixdə keçirilmiş monitorinqdən bir müddət sonra yəni, 16 dekabr 2021-ci il tarixdə inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən mufafiq sertifakatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Göründüyü ki, işdə olan həm monitorinq aktı, həm də protokolda inzibati xətanın aşkar edilməsi zamanı istifadə olunan texniki vasitə olan “Ankat” 64M3-03 modelli cihazın göstəriciləri (elektron qaydada), ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd olunmamışdır. Halbuki, İXMnin 100.1.8-ci maddəsinin birbaşa tələbidir. Bundan başqa monitorinq aktı və protokolda inzibati xətanın aşkar edilməsi zamanı istifadə olunan texniki vasitə olan “Ankat” 64M3-03 modelli cihazın göstəricisi CO-10,5 mq/m3 (norma: 5,0 mq/m3), S(>>-0,5 mq/m3 (norma: 0,5 mq/m3) qeyd olunsa da buna dair cihazdan birbaşa elektron çıxarış akta və protokola əlavə olunmadığından, akt və protokola edilmiş həmin qeydlərin həqiqiliyi, həm də "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirildiyindən şübhələr doğurur. Bundan əlavə monitorinq aktının və protokolun tərtibi zamanı maddi hüquq normaları da pozulmuşdur. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsində ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi məsələlələri tənzimlənir. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyən edilir. «Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə»də qeyd olunmuşdur: Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. Atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və digər zərərli maddələrin qatdığını müəyyənləşdirmək üçün üç kateqoriyadan ibarət müşahidə və nəzarət məntəqələri təşkil edilir: - stasionar müşahidə məntəqələri sistematik və uzunmüddətli müşahidələr aparılması üçün nəzərdə tutulur. Bu məntəqələr hava nümunələrinin götürülməsi, atmosferə atılan tullantıların fasiləsiz qeydiyyatının aparılması və meteoroloji parametrlərin müəyyənləşdirilməsi üçün zəruri olan cihaz və avadanlıqlarla təchiz olunur; - səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulur; Göründüyü kimi atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar müşahidə məntəqələri sistematik və uzunmüddətli müşahidələr aparılması üçün nəzərdə tutulmuş səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulmuşdur. Lakin iş materiallarında görünur ki, monitorinqi aparan orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidməti həmin qaydalara əməl etməyərək cəmi bir dəfə yoxlama aparmış və onun əsasında akt və protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İlk növbədə qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar