Məhkəmə qərarları › İş №3(012)-1052/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1052/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1052/2022 12.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X8 katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş №**********3617 saylı, 14 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6 məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş №**********3617 saylı, 14 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətini belə əsaslandırdı ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,024 ha olan torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsini 28 aprel 2020-ci il tarixli icarə müqaviləsinə əsasən X2 icarəyə götürmüşdür, götürdüyü həmin qeyri-yaşayış sahəsində yerləşən obyekti işlədir və hal-hazırda vergi ödəyicisidir. “Asan Pay” ödəniş portalında hər hansı cəriməsinin olubolmamasını yoxlayarkən ona məlum olmuşdur ki, İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş №**********3617 saylı, 14 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələri mütəmadi olaraq icarə əsasında çalışdırdığı müəssisədə olmuşlar və heç bir qanun pozuntusunu aşkar etməmişlər. Lakin, indi müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və qeyd olunan protokol əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş №**********3617 saylı, 14 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşının barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilən **********3617 saylı,xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğu üçün həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, dünyada yayılaraq Azərbaycana da gəlib çatmış “Covid-19” infeksiyasının ölkə ərazisində yayılmasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabineti və Operativ Qərargah tərəfindən qəbul edilmiş qərar, tələb və tövsiyyələrə həmişə əməl etmişdir. Şikayətin mahiyyəti üzrə bildirir ki, maskadan istifadə etməməyinin hüquqi məsuliyyəti ona və müəssisənin hər bir əməkdaşına aydın olmuşdur. Oraya gəlib-gedən müştərilərin də Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlara riayət etməsi üçün daima müvafiq tədbirlər görmüşdür. İnzibati xəta haqqında protokolun tərtib olunduğu 30 noyabr 2021-ci il tarixdə də eyni qaydada bütün işçilər və müştərilər fərdi qoruyucu vasitədən (maska) istifadə etmiş və hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İcarə əsasında çalışdırdığı müəssisəyə mütəmadi olaraq gələn Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları mütəmadi olaraq icarə əsasında çalışdırdığı obyektdə yoxlamalar aparmış, hər dəfəsində onunla razılaşaraq heç bir qayda pozuntusunun olmamasını bildirərək oranı tərk etmişlər. Barəsində inzibati xəta haqqında protokolun tərtib olunması barədə ona və ya orada olan şəxslərə heç bir məlumat verilməmişdir. Gizli şəkildə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X4 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının bu cür qanunun tələblərini kobud surətdə pozaraq barəsində inzibati xəta haqqında protokol tərtib etməsi və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi hüquqa ziddir. Bununla belə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmamışdan qabaq barəsində inzibati araşdırma aparılarkən müvafiq vergi orqanına dəvət olunmamış və ilkin araşdırma zamanı vəsatət və sübutlarını təqdim etmək inzibati qanunvericiliyə əsasən hüququ olduğu halda inzibati araşdırma gizli şəkildə aparılaraq ona məlumat verilməmişdir. Bununla yanaşı inzibati xəta haqqında protokol tərtib olunarkən da hüquqları və vəzifələri ona izah olunmamış, inzibati xəta haqqında protokolun surəti ona təqdim olunmalı olduğu halda təqdim olunmamış, barəsində məlumatsız şəkildə tərtib olunmuş inzibati xəta haqqında protokolun müvafiq bölməsi imzalanması üçün ona təqdim olunmamış, nə də o, protokolu imzalamaqdan imtina etmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Barəsində olan inzibati tənbeh vermə haqqında qərarın surətini 27 iyun 2022-ci il tarixdə rəsmi qaydada almışdır. Sonda o, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin rəisi X1 №**********3617 saylı, 14 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan bildirişi alsa da, qurumun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin rəisi X1 №**********3617 saylı, 14 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, “icarəyə verən” X7 “icarəçi” X5 Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0.024 ha olan torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə ona məxsus hissəsini icarəyə vermişdir. ********** qeydiyyat nömrəli VÖEN-dən görünür ki, X6 vəzifəli şəxsdir. Məhkəmə inzibati qərardan verilmiş şikayəti obyektiv araşdırmaq məqsədi ilə inzibati xətanın törədilməsinə əsas olan sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən sorğu əsasında tələb etmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi yalnız tərtib olunmuş protokolu məhkəməyə göndərmiş, həmin protokolun tərtib olunmasına səbəb olan və inzibati xətanı təsdiq edən sübutlar – videogörüntü, akt və sairə sənədlər əlavə edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin dövlət vergi müfəttişi X9 tərəfindən tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:30-də Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu şosesinin sol tərəfi ünvanında yerləşən “Təndir” obyektində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tələbləri pozularaq fərdi qoyucu vasitədən istifadə etmədən şəxsi heyətin qapalı məkanda fəaliyyəti aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncam verici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Məhkəmə iclasında qərar qəbul etmiş səlahiyyətli orqan mübahisələndirilən qərarda qeyd edilmiş inzibati xətanı məhz barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən törədilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X1 №**********3617 saylı, 14 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin rəisi X1 №**********3617 saylı, 14 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə qərarın ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nə göndərilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar