Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1053/2024 16.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Abşeron rayonu, Hökməli qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Hökməli qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 2-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün həkim müayinəsindən keçirilən zaman MOP(+),MET(+) aşkar edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır, Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Abşeron RPİ-nin Qobu PB polisi X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri vasitəni üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olmasında şübhəli bilinərək xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində saxlanılaraq Qobu PB-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman onun narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu, sonuncu dəfə 11 may 2024-cü il tarixdə narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Şəxs həkim müayinəsindən keçirən zaman MOP(+),MET(+) aşkar edilmişdir..Faktla əlaqədar Abşeron rayon Pİ-in TŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron RPİ-nin Qobu PB-nə göndərilmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir, sonuncu dəfə 11 may 2024-cü il tarixdə narkotik vasitə heroindən istifadə etmişdir. Himayəsində 3 azyaşlı uşağı var. Törətdiyi əməldən peşmandır. Ona görə də, məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 3341 nömrəli rəyindən görünür ki, Şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməsi və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə iş üzrə ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 3341 nömrəli rəyini nəzərə alaraq, habelə istinad olunan maddi hüquq normasının tələbinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilməli, o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 may 2024-cü il tarixdən, saat 18:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün X5 inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X2 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1053/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1053/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver