Məhkəmə qərarları › İş №3(012)-1056/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1056/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1056/2024 12.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi İrfan Başın iştirakları ilə, "xxxx" MMC-nin (VÖEN: **********) direktoru Nuri Kurtman barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin (VÖEN: **********) direktoru Kurtman Nurinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Kommersiya məhkəməsinin e-2-2(119)-457/2023 saylı, 23 iyun 2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 62135,21 (altmış iki min yüz otuz beş manat 21 qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 400(dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla 62535,21 manat (altmış iki min beş yüz otuz beş manat 21 qəpik) məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxsye tutulması qərara alınmışdır. Hazırda 58535 manat məbləğində borcu vardır. Borclu qeyd olunan borcdan narazı olduğunu bildirmiş və borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Borcla bağlı sonuncu ödəniş 2024-cü ilin yanvar ayında olmuşdur. Bu səbəbdən borclunun barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi İrfan Baş özlərini qismən təqsirli bilərək izahatında bildirdi ki, əvvəllər icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ilə borcun hissə-hissə ödəniləcəyi barədə razılıq əldə olunmuşdur, lakin daha sonra isə tələbkar fikrini dəyişmiş və borcun hissə-hissə deyil tam şəkildə ödənilməsini tələb etmişdir. Ümumiyyətlə "xxxx" MMC-ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləni icra etmək üçün müəyyən avadanlıqlar Zərərçəkmiş şəxs alınıb və "xxxx" MMC-nin işlərinin görülməsi üçün tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən icra müqaviləsinə əsasən öhdəlik hazırki tarixədək icra edilmədiyi üçün tələbkara ödəniş etmək mümkün olmamışdır. Borcun şirkətin borcu olmasına baxmayaraq şirkətin direktoru öz vəsaiti hesabına ümumi borcdan 4000 manat məbləğində pul vəsaiti ödəmişdir. Əlavə olaraq 20000 manat məbləğində ödəniş edildiyini də bildirmiş, lakin həmin ödəniş rəsmi qaydada olmadığı üçün tələbkar ona 20000 manat məbləğində ödəniş edildiyini inkar etmişdir. Bununla bağlı Bakı şəhər Xətai Rayon Polis İdarəsinə müraciət ediyini bildirmiş və Bakı şəhər Xətai RPİ-nin 37-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Budaq Budaqlının 01 mart 2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərarında şahid ifadələrində 20000 manat məbləğində ödənişin edilməsi təsdiq olunmuşdur. Həmçinin bildirdi ki, həmin icra sənədi üzrə “borc məbləğinin indeksiyası” ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsində məhkəmə prosesi davam edir. Həmçinin borcu ödəməkdən qərəzli şəkildə yayınmadıqlarını və gec-tez tam şəkildə ödəyəcəklərini bildirdi. Əlavə olaraq bildirdi ki "xxxx" MMC-yə müqavilə öhdəliklərinin icra edilməsi üçün rəsmi qayda müraciət edilmişdir və "xxxx" MMC tərəfindən ödənişlər ediləcəyi an qalıq borcu da ödəyəcəklərini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 İlker məhkəmə iclasına gəlməmiş,vəkili və nümayəndəsi Abbas Quliyev isə məhkəməyə ərizə ünvanlayaraq iştirakları olmadan işə baxıb, borcluya maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tələbkarın, nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Sumqayıt Kommersiya məhkəməsinin e-2-2(119)-457/2023 saylı, 23 iyun 2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 62135,21 (altmış iki min yüz otuz beş manat 21 qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 400(dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla 62535,21 manat (altmış iki min beş yüz otuz beş manat 21 qəpik) məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxsye verilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarxili “icraata başlamaq haqqında” qərarından görünür ki, Sumqayıt Kommersiya məhkəməsinin e-2-2(119)- 457/2023 saylı, 23 iyun 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin 22 avqust 2023-cü il tarixli “tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Kommersiya məhkəməsinin e-2- 2(119)-457/2023 saylı, 23 iyun 2023-cü il tarixli icra sənədinin könüllü icra edilməsi barədə “İdea Yapı “ MMC-yə məlumat göndərilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin 18 mart 2024-cü il tarixli qərarından görünür ki, borclu xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi, 2, 9B, 51 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri Kurtman Nurinin yaşadığı yer müəyyən olunmadığından barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 16 may 2024-cü il tarixli məktubundan görünür ki, 102379 saylı axtarış işi üzrə axtarışda olan, xx.xx.1981-ci il təvəllüdlü Kurtman Nuri 16 may 2024-cü il tarixdə tutularaq Abşeron Rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. "xxxx" MMC və "xxxx" MMC arasında bağlanan 28 noyabr 2022-ci il tarixli A-İY 001 saylı podrat müqaviləsindən görünür ki, "xxxx" MMC müqavilə bağlandığı gündən etibarən "xxxx" MMC-nin sifarişini qəbul edərək Azərbaycan Respublikası, Laçın şəhərində yerləşən yaşayış evlərinin PVC pəncərə və PVC qapıların istehsalat və quraşdırma işlərini yerinə yetirməyi öz öhdəsinə götürmüşdür və “X1” əsasən "xxxx" MMC həmin protokolda qeyd olunan sifarişlərin və görüləcək işlərin əvəzində nəzərdə tutulan məbləği "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 29 mart 2024-cü il və 03 may 2024-cü il tarixli məktublardan görünür ki, şirkətin müəyyən borcları və çətinlikləri olduğundan 28 noyabr 2022-ci il tarixli podrat müqaviləsi üzrə ödənilməmiş 77810.60 manat məbləğində yekun borc məbləğinin ödənilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 16(119)-31/2023 saylı, 20 aprel 2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-nin hesablarına həbs qoyulmşdur. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması təsdiq edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 48-ci maddəyə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1 və 3.2-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra sənədi üzrə icraata başlanılmış, borclu şəxs tərəfindən tələbkara 2024-cü ilin yanvar ayında 4000 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu şəxsin qərarı icra etməməsində hər hansı qərəzlilik yoxdur. Belə ki, borclu şəxs borcun ödənilməsində obyektiv səbəblərdən dolayı çətinlik çəkir. Məhkəmə araşdırması zamanı icra sənədinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, borcun ödənilməsindən qərəzli olaraq yayınma və icra sənədinin icrasını qəsdən təmin etməmə hərəkətlərinin olması sübuta yetirilmədi, iş materiallarında olan sənədlərə və izahatlara əsasən müəyyən edilmişdir ki, icra sənədi icraata götürüldüyü vaxtdan borclu tərəfindən 4000 maant məbləğində ödəniş həyata keçirilsə də,daha sonra ödəniş oluna bilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC və "xxxx" MMC arasında bağlanılan 28 noyabr 2022-ci il tarixli A-İY 001 saylı podrat müqaviləsi üzrə sifarişçi "xxxx" MMC yerinə yetirilmiş işlərin ödənişi ilə bağlı 77810.60 manat məbləğində pul vəsaitini icraçı "xxxx" MMC-yə ödəmədiyinə görə müqavilədə göstərilmiş işlərin icra olunması üçün Zərərçəkmiş şəxs alınan avadanlıqların istifadəsi üzrə borc məbləği tam şəkildə ödənilə bilməmişdir. Bütün bunlar təqdim edilmiş sənədlərlə öz təsdiqini tapır. Odur ki, borclu tərəfindən ödənilməli olan pul məbləğinin ödənilməməsi onun iradəsindən asılı olmayan səbəblərdən olmuşdur. Bütün bu hallar borclu tərəfindən qərarın icra edilməməsində qərəzliliyin olmamasına dəlalət edir. Məhkəmə hesab edir ki, borclu tərəfindən bildirilən hallar onu borc öhdəliyindən azad etməsə də, onun əməlində inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlməyə əsas verir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin (VÖEN: **********) direktoru Kurtman Nurinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1,43,48-51,53,55,114.1.4,115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Kurtman Nurinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar