Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1059/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1nun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cıı il tarixdə saat təxminən 17:16 radələrində idarə etdiyim “Toyota Hilux” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 8-ci km-də orta zolaqda hərəkət edərkən onun sağ tərəfində arxada hərəkət edən “Toyota Prado” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil özündən sağ tərəfdə hərəkət edən “DAF” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşduqdan sonra onun avtomobilinin sağ tərəfinə çırpılmış və nəticədə zəncirvari qəza baş vermişdir. Hadisədən sonra ora yol-partul xidməti əməkdaşları gəlmiş və onlardan avtomobilin sənədlərini alıb getmişlər. Həmçinin onu idarəyə dəvət etmişlər. xx.xx.2023- cü il tarixdə o Ekologiya postuna yaxınlaşmış və orada ona izahat yazmalı olduğum bildirilmiş, hadisə barədə izahat yazmağa başlamış, izahat yazarkən polis əməkdaşı ondan onun dediyi kimi izahat yazmağını istəmiş, o isə onun dediyi kimi deyil, hadisənin necə baş verdiyi barədə olduğu kimi izahat yazmalı olduğunu demişdir. Lakin həmin polis əməkdaşı onun sözlərinilə razılaşmamış və izahatın tam yazılmasına imkan verməyərək izahatı yarımçıq formada əlindən almış və onun üçün heç bir problem olmayacağını deyərək protokola özü əlavə qeydlər etmişdir. O da onun protokola etdiyi qeydləri oxumadan imza etmişdir. Həmin vaxt o hadisənin onun təqsiri ucbatından baş vermədiyini bildirərək hadisənin obyektiv araşdırılmasını tələb etdə ona bildirilmişdir ki, hadisə ətarflı araşdırılaraq qərar qəbul ediləcəkdir. Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidmətinin inspektoru. polis baş serjantı X7 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) təqsirli bilinmişdir. Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayətçi X5 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana – qərarından şikayət edilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə “Toyota Hilux” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək idarə etdiyi üçün barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İXM-nin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 327.1-cü maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaranır. İcraata başlama mərhələsində həyata keçirilən hər bir hərəkət inzibati-prosessual qaydada rəsmiləşdirilir. Aparılan inzibati təhqiqatın nəticələri isə, inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə başa çatır. İnzibati xəta haqqında iş üzrə icraata başlama mərhələsində inzibati xəta haqqında protokolun tərtib edilməsi xüsusi yer tutur. İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinin əsası, qaydası və inzibati xəta haqqında protokolda göstərilməli olan məlumatların dairəsi müəyyən edilmişdir. İXM-in 99.1.1-ci maddəsinə əsasən idarə xassələrinin fəaliyyətini idarə etmək və idarə etmək vəzifəsi şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin vasitələri , şəxsi vasitələr icra orqanlarının idarə edilməsi orqanlarının (ehtiyatların idarə edilməsi) informasiya sistemi, başqa dövlət informasiya sistemləri (ehtiyatları) ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindəndir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən inzibati xəta haqqında icraatın X4 barəsində başlanılmasının səbəbi xx.xx.2023-cü il tarixdə saat 17:16 radələrində “Toyota Hilux” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax dairəvi yolu 8 km Bakı şəhər istiqaməti ərazisində hərəkətdə olarkən guya əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək idarə etməsi ilə bağlı olmuşdur. Halbu ki, məhkəmə iclasında tədqiq edilmiş qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda sürücü X4 tərəfindən törədilməsi iddia edilən İXM-in 327.1-ci maddəsinin dispozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini təmin etməmiş və bu barədə tərtib edilmiş protokolda qeydlər aparılmamışdır. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. Nəzərə alımalıdır ki, inzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati Xətalar Məcəlləsi digər məcəllələşdirilmiş normativ hüquqi aktlardan strukturuna və tənzimlədiyi münasibətlərin xarakterinə görə fərqlənir. Belə ki, həmin Məcəllə özündə həm maddi normaları, həm də prosessual, yəni inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normaları ehtiva edir. Qanunun qeyd olunan normasında əks olunmuş vəzifələrin icrasını təmin etmək üçün inzibati xətalar haqqında protokol tərtib etmək və işə baxmağa səlahiyyətli olan şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normalara vaxtında və tam riayət etməyə borculudurlar. Lakin buna baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmadan, heç bir tutarlı sübuta əsaslanmadan xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qəbul etmişdir. Baxmayaraq ki, səlahiyyətli şəxsi inzibati xəta haqqında qərarı qəbul edərkən, eləcə də həmin qərar üzrə inzibati xəta haqqında işə baxarkən inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normaların yuxarıda qeyd olunan pozuntularına yol vermişdir. Həmin pozuntulara yol verilməklə qəbul olunan inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı sayıla bilməz. Şikayətçi tərəfindən təqdim edilmiş foto şəkillərə baxaraq qiymətləndirilməmiş, yəni mübahisənin mövcudluğunun müəyyən edilməsini özündə əks etdirən sübutlar əldə edilməsi istiqamətində araşdırma aparılmamışdır. Halbu ki, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş fotogörüntülərdən görünür ki, inzibati xətanın baş verdiyi ərazidə müşahidə kamerası mövcuddur. Həmçinin dəfələrlə təklif edilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs tərəfindən təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti yalnız öz subyektiv mülahizələrinə əsasən X3 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qəbul edilən məhkəmə aktı o zaman qanuni və əsaslı hesab edilir ki, iş üzrə sual doğuracaq hallar aradan qalxmış olsun və müəyyən edilməsin. Çünki ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə qərarının qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin olunmalı, mübahisələndirilən qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİ: Şikayət təmin olunsun. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1059/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1059/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver