Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1063/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, 2-ci qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nörməli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-1116/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmir. Borclunun hazırda aliment borcu 8100 manat təşkil edir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1116/19 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat aliment tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlanmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Tərəflərindən verilmiş könüllü müddət ərzində tələb borclu tərəfindən təmin edilmədiyi üçün tələbin borclunun əmlakına yönəldilməsi məqsədi ilə aidiyyatı orqanlara sorğular verilmiş, nəticədə Şəxs DSMF-nun Abşeron Rayon Şöbəsindən pensiya aldığı məlum olmuş və aliment tələbi tutulma aparılması üçün Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Abşeron Rayon Şöbəsinə yönəldilmişdir. Borclunun pensiyasından tutulmalar aparılmış, lakin sonuncu dəfə borclunun "xxxx" ASC-nə olan borcu tutulduğundan tutulma aparılması mümkün olmamışdır. Hazırda borclunun 8100 manat məbləğində borcu vardır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, aliment məbləği ona vaxtlı-vaxtında ödənilmir. Uşağının sağlamlıq vəziyyətinə görə ona aliment məbləği lazımdır. Hazırda borcludan şikayətçidir və icra sənədinin icra edilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, aliment məbləği onun pensiyasından tutulmuşdur. Lakin "xxxx" ASC-nə borcu olduğundan həmin məbləğdə pensiyasından tutulmuş və hazırda qalan məbləğ onun yaşayışı üçün kifayət etmir. Sağlamlıq vəziyyətinə görə işləyə bilmir. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 izahat verərək qeyd etdi ki, borclu Şəxs borcundan əvvəllər ödəniş etmiş, lakin hazırda maddi vəziyyətində olan digər problemlərə görə ödəniş məbləği azalmışdır. Həmçinin Şəxs xəstəliyini və 2-ci qrup əlil olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-1116/19 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılmış, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat aliment tutulması, tutmanın əvvəli qətnamə qanuni qüvvəyə minən gündən hesablanması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-1116/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs sağlamlıq vəziyyətinə görə işləyə bilməməsi, başqa borclarının olması ilə əlaqədar icra sənədini icra edə bilməməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, istinad edilən dəlil əslində keçən uzun müddət ərzində yuxarıda sadalanan sənədin icra edilməsi üçün bəhanə olmaqla dövlətin adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə etinasız yanaşmanın göstəricisidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs 2-ci qrup əlil və müharibə veteranı olmasını yüngülləşdirici hal kimi qeydə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Digər tərəfdən, ədalətli və qanuni cəza təyinatı zamanı ilə bağlı məhkəmə onuda nəzərə alır ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 1ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər hüquq normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yetirməsi üçün maddi və saitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlib. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə X4 barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də, cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 6 saat olmaqla, cəmi 36 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1063/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1063/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver