Məhkəmə qərarları › İş №3(012)-1064/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1064/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1064/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 1958-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndi, M.Füzuli küçəsi, döngə 1, ev 18 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 12 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4625/2019 saylı, 19 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs oğlundan X1 xeyrinə 5405 (beş min dörd yüz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin sözü gedən icra vərəqəsi 23 yanvar 2020-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs halhazırda 4985 (dörd min doqquz yüz səksən beş) manat borcu vardır. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan üç ay ərzində 450 manat pul ödədiyini, maddi imkanının zəif olması səbəbindən qeyd olunan icra vərəqəsi üzrə borcunu ödəyə bilmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 icra sənədi üzrə ödəniməmiş 4985 (dörd min doqquz yüz səksən beş) manat borcun tam şəkildə ona ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin maddi imkanının zəif olmasını nəzərə alıb onun barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-4625/2019 saylı, 19 noyabr 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs oğlundan X1 xeyrinə 5405 (beş min dörd yüz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarında olan 19 noyabr 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq qətnaməyə dair iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan məktublardan görünür ki, Şəxs adına heç bir əmanət hesabı, daşınmaz əmlak aşkar edilməmiş, pensiya alan şəxs və vergi ödəyicisi kimi qeydiyyatda yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmurunun, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar