Məhkəmə qərarları › İş №3(012)-1064/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1064/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1064/2023 12.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri X1 və X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 07 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus istehsalat sahəsində ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dislokasiyasında olan müəssisəsələrdən biri də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-dir. Həmin müəssisəsə ətraf mühitə atılan, axıdılan, basdırılan tullantıların dəqiq uçot-hesabatını aparmalı, hər ilin sonunda 2 TG (hava), 2TH (təhlükəli tullantı) və 2 TG (su təsərrüfatı) dövlət statistik hesabatları İdarə ilə razılaşdırılmalı, ətraf mühitə atılan tullantılara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş “Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları”na və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilərdə daxil olmaqla) dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə hesablanmış ödəniş hər ayın 10-dan gec olmayaraq “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməlidir. Lakin Şəxs MMC-nə dəfələrlə, xx.xx.2023cü il tarixli 3-14-43/2-313/2023 və 25 may 2023-cü il tarixli Ç-BM/4323-297 nömrəli məktublarla xəbərdarlıq edilməsinə baxmayaraq qeyd edilən statistik hesabatları təqdim etməmişlər. Eyni zamanda protokol tərtib etməmişdən qabaq Şəxs MMC-nin nümayəndəsi idarəyə dəvət olunmasına baxmayaraq iştirakını təmin etməmişlər. Həmçinin bildirmişdir ki, müəssisədə qeyd edilən hesabat formalarına dair tullantılar olmasa belə həmin məlumatlar ekoloji pasport ilə birlikdə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilməli idi. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol ilə razı deyil. Belə ki, işlədiyi müəssisəsə içməli suların qablaşdırılması işi ilə məşğuldur və qablaşma materiallarını uyğunluq sertifikatı əsasında hazır formada alırlar. Protokolda qeyd edilən hesabatları 2022-ci il üçün xx.xx.2023-cü il tarixdə Dövlət Statistika Komitəsinə təqdim etmişlər. Müəssisəsələri bütün hesabatları elektron formada göndərir. Həmçinin qeyd edilən protokolla bağlı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət edərək həmin hesabatları təqdim etməli olmalarına dair müraciətlərinə sözügedən komitədən gələn cavabdan da aydın olur ki, 2-TG (hava) nörməli rəsmi statistika hesabatını yalnız atmosfer havasını çirkləndirən stasionar mənbələrə malik olan şəxslər, 2-TG (tullantılar) nömrəli rəsmi statistika hesabatını istehsal prosesində təhlükəli tullantılar əmələ gətirən müəssisəsələr təqdim etməlidirlər. Bu hallar baş vermədikdə hesabat formasının razılaşdırılması və Dövlət Statistika Komitəsinə təqdim edilməsi tələb olunmur. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 izahatında bildirmişdir ki, Şəxs MMC-nin aparıcı mühasibi olaraq elektron formada hesabatları o təqdim edir. İnzibati xəta haqqında protokolda qeyd edilən hesabatların təqdim edilib-edilməməsinə dair Dövlət Statistika Komitəsinə şifahi sorğu etmiş və təqdim edilməsinin tələb olunmadığı bildirilmişdir. Həmçinin həmin hesabatların elektron formada 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi qaydaları müəyyən edilməmişdir. Ona görə də, inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 79516 nömrəli aktdan görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 may 2023-cü il tarixli 052 saylı sərəncamına əsasən idarənin xidməti ərazisi olan Abşeron rayonu ərazisində “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunlarının və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyəti araşdırılarkən, ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən ətraf mühitə atılan, axıdılan, yerləşdirilən tullantıların uçot hesabatının aparılmadığı və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırılmadığı aşkar edilmişdir. Həmin fakt üzrə ətraf mühitdə araşdırma aparılmış və həmin araşdırma zamanı Şəxs MMC tərəfindən ətraf mühitə atılan, axıdılan, yerləşdirilən tullantıların uçot hesabatının aparılmaması 2022-ci il üzrə 2TG (hava, su təsərrüfatı, təhlükəli tullantı) statistik hesabatlarının 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırılmaması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı qərarı ilə təsdiq olunmuş “Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi qaydaları”na və həmin qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı qərarına əsasən zərərli maddələrin ətraf mühitə atılmasına görə ödəniş haqlarının ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilməməsi ilə əlaqədar Şəxs MMC-nin qanuni təmsilçisi Əhmədov Nüsrətə xx.xx.2023-cü il tarixli və idarənin xx.xx.2023-cü il tarixli bildirişləri olmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə təyin olunmuş araşdırmada MMC-nin nümayəndəsinin iştirakı təmin olunmamışdır. Bununla da Şəxs MMC-nin tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 18,24-cü maddələrinin, Azərbaycan Respublikası NK-nin xx.xx.1992-ci il tarixli 122 saylı qərarı ilə təsdiq olunmuş “Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi” Qaydalarının, NK-nin 2002-ci il 15 aprel tarixli 63 saylı qərarı ilə təsdiq edilmiş “Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə qaydası”nın tələbləri pozulmuşdur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC ətraf mühitə atılan, axıdılan, basdırılan tullantıların dəqiq uçot-hesabatını, yəni 2 TG (hava), 2 TG (təhlükəli tullantı) və 2 TG (su təsərrüfatı) dövlət statistik hesabatları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırmamış və qeyd edilən hesabatları İdarəyə təqdim etməmişdir. Məhkəmə həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin qeyd etdiyi xüsusatlara əsasən qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC tərəfindən həmin hesabatların Dövlət Statistika Komitəsinə təqdim edilməsi və ya müəssisəsədə həmin tullantıların olmaması hesabatların Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli regional qurumlarına təqdim edilməməsi üçün əsas ola bilməz. Həmçinin hüquqi şəxsin nümayəndəsinin istinad etmiş olduğu Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 05 iyul 2023-cü il tarixli məktubundanda görünür ki, qeyd edilən hesabatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli regional qurumları ilə razılaşdırılmalıdır. Bundan başqa, hüquqi şəxsin nümayəndəsinin təqdim etmiş olduğu ödəniş tapşırıqlarındanda görünür ki, Şəxs MMC 2018, 2019, 2020 və 2021-ci illər üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli regional qurumlarına ətraf mühitin mühafizəsi üçün hesabat təqdim etməklə ödənişlər etmişlər. Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 55, 114-117, 128-130 və 239-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8500 (səkkiz min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar