Məhkəmə qərarları › İş №3(012)-1064/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1064/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1064/2025 01.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, “Şəxs” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, “Şəxs” MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Şəxs” MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:27 radələrində fiziki şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən yük maşının mülkiyyətçisi kimi tanınaraq “Şəxs” MMC-yə sorğu göndərilmiş, 5 gün ərzində sorğuya cavab verilmədiyi səbəbindən “Şəxs” MMC barəsində Abşeron RPİ-nin DYPŞ-si tərəfindən xx.xx.2025-ci il tarixli AP ******* saylı protokol tərtib olunmuşdur. X1 həmçinin qeyd etmişdir ki, protokolda göstərilmiş “MAZ 5549” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını “Şəxs” MMC-yə məxsus deyildir.Bunu Abşeron rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 59/2948saylı məktubu da təsdiq edir. Belə ki, həmin məktubda müəssisəyə verilmiş sorgu araşdırılarkən qayda pozan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının səhv olduğu məlum olmuşdur. Qeyd olunan texniki səhv aradan qaldırılmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış inizbati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş Abşeron rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 59/2948 saylı məktubda müəssisəyə verilmiş sorgu araşdırılarkən qayda pozan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının səhv olduğu məlum olmuşdur. Qeyd olunan texniki səhv aradan qaldırılmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, inzibati xəta törədən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı səhv müəyyən edilmişdir. Bu səbəbdən əməldə inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan göründüyü kimi inzibati xəta törədən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı səhv müəyyən edilmişdir. Bu səbəbdən “Şəxs” MMC-nin hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Şəxs” MMC barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 347-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar