Məhkəmə qərarları › İş №3(012)-1074/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1074/2022

07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1074/2022 07.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Vəkil iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 04-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1551/2021 saylı qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X5 və 21.06.211-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, 360 manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs tutulub, tələbkar X6 verilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra Şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(072)-1551/2021 saylı icra vərəqəsi xx.xx.2021-ci il tarixdə Abşeron rayon icra və probasiya Şöbəsinə daxil olmuş və dərhal icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası üçün qanunda nəzərdə tutulmuş tədbirlər görülmüş, Şəxs adına bankda pul və ya avtomobil olmadığı müəyyən edilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni tam icra etmək mümkün olmamışdır. Borclunun bugünədək tələbkara aliment borcundan ümumilikdə 4500 manat məbləğində pul ödəmişdir. Tələbkar müxtəlif orqanlara şikayət edərək, borcunun ödənilməsini təkidlə tələb etsə də borclu aliment borcunu ödəməkdən imtina edir. Hazırda borclunun tələbkara 2300 manat aliment borcu vardır. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, icra Şöbəsinin çağrışlarına gəlmiş, tələbkara məhkəmə qətnaməsi ilə qət edilmiş aliment borcundan 4500 manat məbləğində pul ödəmişdir. Taksi fəaliyyəti ilə məşğul olur, mütəmaddi aliment borcunu ödəyir. Avtomobili əzildiyinə görə işə çıxa bilmədiyindən aliment borcu yaranmışdır. Gündülük 15 manat məbləğində aliment borcunu ödəyəcəyinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs üç uşağa görə məhkəmə qətnaməsi ilə qət edilmiş 360 manat aliment borc pulunu indiyədək tam ödəməmişdir. Bugünədək borclu ona olan borcundan indiyədək 4500 manat məbləğində pul ödəmişdir. Borclu gündəlik aliment borcunu ödəsə də hazırda onun 2300 manat məbləğində aliment borcu vardır. Gündəlik aliment borcunu hissə-hissə ödənilməsi üçün borcluya vaxt verilməsinə etiraz etmir. Məhkəmə iclasında müdafiəçi, Abşeron rayon vəkil bürosunun vəkili Vəkil tərəflər arasındakı razılığı nəzərə alaraq, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(072)-1551/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X5 və 21.06.211-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, 360 manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs tutulub, tələbkar X6 verilməlidir. Qəbzdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(072)- 1551/2021 saylı icra vərəqəsinə əsasən boclu Şəxs tələbkar X6 aliment borcundan 4500 manat məbləğində pul ödəmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, eyni zamanda icra işini nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati işdə olan, məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanunda nəzərdə tutulmuş göstərişlərini borcu yerinə yetirmişdir. Borclu icra məmurunun cağırışına gəlmiş, borclu qətnamə icraya yönəldiyi vaxtdan başlayaraq borcundan hissə-hissə 4500 manat məbləğində pul ödəniş etmişdir. Məhkəmədə tərəflərin izahatları və işə əlavə edilmiş qəbz əsasında müəyyən edilmişdir ki, borclu tələbkara olan aliment borcundan 4500 manat məbləğində pul ödəmişdir. Borclunun hazırda 2300 manat aliment borcu qalmış və həmin borcun ödənilməsi barədə tərəflər arasında qalan borcun hiss-hissə ödənilməsi barədə razılıq vardır. Borclu borcu ödəməkdən qərəzli yayınmamışdır. Borclu gündəli ödənişlər etməklə qalan aliment borcunu ödəyəcəyini öz öhdəsinə götürür. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, borclunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Borclu qət edilmiş borcunun cox hissəsini ödəməklə qətnamənin icra edilməsinə maneçilik törətməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olması inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Azərbaycan Respublikası İXM-nin 75.0.6-cı maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olmasının sübut edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Məhkəmə icra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmədə borclu tərəfindən icra məmurunun icra vərəqəsinin icrası ilə bağlı hüquq və vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqazidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106, 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar