Məhkəmə qərarları › İş №3(012)-1077/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1077/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1077/2020 21.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X2 barəsində Abşeron RPİ YPX-nin serjantı X3 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş TP ******* saylı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Abşeron RPİ YPX-nin serjantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X2 ərizəsini onunla əsaslandırdı ki, xx.xx.2020 tarixində saat ll:03-də 8103 nömrəsinə 2 saatlıq icazə üçün sms göndərmiş və 15 dəqiqə sonra müsbət cavab gəlmişdir. Bundan sonra olduğum yeri tərk etmiş və saat 12:15 radələrində Abşeron Rayon Yol Polis Xidməti əməkdaşları tərəfində idarə etdiyi ** UV *** dövlət nömrə nişanlı avtomobili Novxanı qəsəbəsində saxlanılmışdır. Sənədlərinin qaydasında olduğu yoxlanıldıqdan sonra polis işçisi X3 ona yalnız aptek və mağazaya gedə biləcəyi haqqında şifahi bildiriş vermiş,eyni zamanda qeydiyyat ünvanının Bakı şəhərinə olduğundan Novxanı ərazisində ola bilməyinin düzgün olmadığını bildirdikdə onunla razılaşmayaraq operativ qərargahın qərarını əsas gətirərək iki saatlıq icazənin tək aptek və mağazaya deyil, poçt, bank əməliyyatları, açıq havada gəzmək və s. kimi operativ qərargahın icazə verdiyi digər məsələlərə də aid olduğunu. eyni zamanda qeydiyyatda olduğu yerlə yaşayış yerinin fərqli olduğunu da bildirmişdir. Lakin polis əməkdaşı öz fikrini dəyişməyərək, eləcə də onu sonadək dinləməyərək karantin qaydalarının pozulması ittihamı ilə ədalətsiz şəkildə elektron protokol tərtib etdiyini bildiribərzidən uzaqlaşmaq istədikdə ondan kağız formatında protokolun surətini tələb edib götürmüşdür. Məhkəmədən Abşeron RPİ YPX-nin serjantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron RPİ-nin YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron RPİ-nin YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Abşeron RPİ YPX-nin serjantı X3 tərəfindən saat 12:21-də tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* sayl qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş və nəticədə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 200 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan X1 xx.xx.2020-ci il tarixli saat 11:03-də alınmış icazəsindən görünür ki, 2 AZE ********* nömrəsi üzrə müraciət təsdiqlənmiş, 2 saat müddətinə yaşayış yerini tərk edilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X2 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X1 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, X1 xx.xx.2020-ci il tarixli saat 11:03-də 2 AZE ********* nömrəsi üzrə müraciət təsdiqlənmiş, onun iki saat müddətinə yaşayış yerini tərk edilməsinə icazə verilmişdir. Məhkəmə belə hesab edir ki, X1 xx.xx.2020-ci il tarixli saat 11:03-də 2 AZE ********* nömrəsi üzrə müraciət təsdiqlənmiş, onun iki saat müddətinə yaşayış yerini tərk edilməsinə icazəsi olduğu üçün Abşeron RPİ YPX-nin serjantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 200 manat məbləğində cərimə tətbiq edilməsinə dair Abşeron RPİ YPX-nin serjantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar