Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-108/2023 13.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar ictimai birliyinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar ictimai birliyi barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 215.1, 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar ictimai birliyinin 215.1, 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatına məxsus klinikada planlı yoxlama zamanı sertifıkatsız tibb fəaliyyəti (həkim oftalmoloq Məmmədova Lalə) və lisenziyadan kənar iş və fəaliyyət (stasionar oftalmlogiya) aşkar edilmişdir. Nəticədə hüquqi şəxs “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar ictimai birliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1, 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar ictimai birliyinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatlarla razılaşmadıqlarını bildirərək, izahatında göstərmişdir ki, “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar ictimai birliyi barəsində tərtib olunmuş protokola etiraz edir və bildirir ki, Humanitar təşkilat kimi 1999-cu il tarixindən bəri Oftalmoloji xidmət göstərir və göz əməliyyatları (Mirvari suyu, qara su, çəpgözlük və s) həyata keçirir. 2014-cü ilin əvvələrində “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı tibi fəaliyətlə məşğul olmaq üçün lisenziya alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş və Səhiyyə Nazirliyi Klinikada yoxlama apararaq, xx.xx.2014-cü il tarixli akt tərtib etmiş, aradan qaldırılmalı nöqsanların radan qaldırılıb yenidən lisenziya üçün müraciət edilməsini tələb etmişdir. “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı Səhiyyə Nazirliyinin aktda qeyd etdiyi nöqsanları aradan qaldıraraq lisenziya verilməsi üçün sənədləri yenidən təqdim etmiş və Səhiyyə Nazirliyi Humanitar təşkilata tibbi fəaliyyətlə məşğul olması üçün lisenziya vermişdir. 2008-ci il tarixində isə Lisenziyanın müddəti növbəti 5 il müddətinə uzadılmışdır. “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşklatı hər il apardığı göz əməliyyatları ilə bağlı Səhiyyə Nazirliyinə statistik məlumatlar vermişdir. Qeyd edilən xətanın törədilməsi protokol yazılması üçün əsas ola biləcək hər hansı bir digər sübut da aşkar edilməmişdir. Protokol yalnız yoxlayıcının mülahizəsi ilə qərəzli və qeyri-obyektiv olaraq tərtib olunmuşdur. Eyni zamanda inzibati məsuliyyətə cəlb etmə müddətinin 3 ay olduğu İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində açıq təsbit olunmuşdur. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş, eyni zamanda nümayəndənin özü tərəfindən təqdim edilmiş mobil telefon nömrəsinə AZEMİS vasitəsi ilə SMS xəbərdarlıq göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclasına gəlməmiş və onun nümayəndəsinin işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı yoxlamanın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 972 nömrəli, qərardan müəyyən olunur ki, “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə həmin müəssisədə planlı yoxlama aparılmalıdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli çıxarıdan görünür ki, “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə həmin müəssisədə plan üzrə yoxlama aparılacaqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatına məxsus klinikada planlı yoxlama zamanı sertifıkatsız tibb fəaliyyəti (həkim oftalmoloq Məmmədova Lalə) və lisenziyadan kənar iş və fəaliyyət (stasionar oftalmlogiya) aşkar edilmiş, nəticədə hüquqi şəxs “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1, 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisənin xx.xx.2022-ci il tarixli 566 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, yoxlamanın birinci sualı üzrə qeyd edilir ki, yoxlamanın birinci sualı üzrə qeyd edilir ki, tibbi qeydiyyat sənədlərinin ARSN xx.xx.2016-cı il tarixli, 100 nömrəli ƏMRİ-i ilə təsdiq edilmiş formalar üzrə aparılmır (Müəssisə daxili FONET-proqram ilə həyata keçirilir). Tibbi Statistik hesabatlar müəssisə üzrə ayrıca Səhiyyə Nazirliyinə təqdim edilmir. Yoxlamanın ikinci sualı üzrə qeyd edilir ki, bəzi tibb işçiləri sertifikasiya imtahanından keçmədən praktiki tibb fəaliyyəti ilə məşğul olurlar. 1. Baş həkim X2, 2. Həkim oftalmloq X3, 3. Həkim oftalmloq X5, 4. Baş tibb bacısı X1, 5. Həkim oftalmloq X7, 6. Həkim oftalmloq X4. Yoxlamanın üçüncü sualı üzrə qeyd edilir ki, lisenziyadan kənar iş üzrə fəaliyyət stasionar oftalmlogiya göstərilir. Məhkəmə proses iştirakçısının işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı Azərbaycan Respublikası İXM-nin 215.1, 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 215.1, 215.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, İmmunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiya-reanimatologiya, Mamaginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Məhkəmə “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatının nümayəndəsinin gətirdiyi dəlilərlə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillər xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatına məxsus klinikada sertifıkatsız tibb fəaliyyəti və lisenziyadan kənar iş və fəaliyyət göstərdiyinə dəlalət edir. Məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərtib olunmuş inzibati xəta haqqında protokol qanunun tələblərinə və işin faktiki hallarına uyğun olmuş və “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi xüsusatı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər (İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsi, yəni Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilməlidir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. 02 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 664-VİQD nömrəli Qanunun 1-ci bəndinə əsasən İXM-in 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İXM-nin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Məhkəmə iclasında müyyən edilmişdir ki, “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı tərəfindən törədilmiş inzibati xətalar xx.xx.2022-ci il tarixdə aşkar edilmiş və müvafiq aktla həmin tarixdə rəsmiləşdirilmişdir. Həmin tarixdə də “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatına inzibati tənbeh verilməsi müddəti bu tarixdən 3 ay (02 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 664-VİQD nömrəli Qanununa əsasən inzibati xətanın törədildiyi gündən 04 ay) sonra, yəni xx.xx.2023-cü il tarixdə bitmişdir. “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatının barəsində inzibati xəta haqqında materiallar inzibati xətanın törədildiyi vaxtdan yəni, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra Abşeron Rayon Məhkəməsinə daxil olmuş, hal-hazırda inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı zaman isə inzibati tənbeh tətbiq etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı tərəfindən törədilmiş İXM-in 215.1, 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməli və qanunvericiliklə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı tərəfindən törədilmiş İXM-in 215.1, 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-108/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-108/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver