Məhkəmə qərarları › İş №3(012)-108/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-108/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-108/2025 30.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, X14 Alperin vəkili Nümayəndə Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 MN ******* saylı, 13 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti X5 13 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. X18 Alperin vəkili Nümayəndə şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Abşeron X17 rəisi vəzifəsini icra edən X16 tərəfindən "xxxx" MMC-nin direktoru X22 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1500 manat cərimə cəzası tətbiq edilməsi barədə 13 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh etmə haqqında qərar qəbul edilmişdir. İşin halları ilə bağlı nəzərə çatdırılır ki, vətəndaş X13 17 fevral 2023-cü il tarixindən müddətli əmək müqaviləsinə əsasən “Sirab Satış və Dağıtım" Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi vəzifəsində işləməyə başlamışdır. 2023-cü ilin oktyabr ayında onun tam maddi məsuliyyət müqaviləsi əsasında təhvil aldığı “Sirab Satış və Dağıtım" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan məhsulları təmsil etdiyi ərazilərdəki obyektlərə təhvil verməsi, pul vəsaitini alaraq şirkətin hesabına mədaxil etmədiyi müəyyən olunmuşdur. Bununla əlaəqdar sərbəst audit dəvət olunmuş və Azərbaycan Respublikası Auditorlar Platasının sərbəst auditoru X6 xx.xx.2023-cü il tarixli N°35 saylı müstəqil audit hesabatı ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC-in satş təmsilçisi işləyən X13 xx.xx.2023-cü i tarixinə maddi məsuliyyətində olan 288813,40 manat məbləğində malın təmsil etdiyi obyektlərdə olmadığı müəyyən olunmuşdu. Həmin tarixli əmrlə X13 işdən kənar edilmiş və lakin əmrlə tanış olmaqdan imtina etmişdir. Həmin tarixdən etibarən X13 ümumiyyətlə işə gəlməmiş, belə bir tələblə də çıxış etməmişdir. Bu məsələ ilə bağlı Abşeron rayon prokurorluğunda araşırma aparılaraq və fakta görə cinayət işi başlanılmış və ittiham aktı tərtib olunaraq baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. 2024-cü ilin yay ayında Zeynalov Cahid məktub göndərərək öz ərizəsi ilə işdən azad olunmasını xahiş etmişdir. Həmin ərizənin ona məxsus olub-olmadığını dəqiqləşdirmək üçün o xx.xx.2024-cü il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlmiş, həmin ərizənin ona məxsus olduğunu təsdiq etmiş, həmçinin ərizə yazaraq işdən azad olunmasını xahiş etmişdir. Şirkət humanistlik göstərərək onu öz ərizəsi ilə işdən azad etmişdir. O ümumiyyətlə işdə olmadığı üçün ona əmək haqqı hesablanmamış, məzuniyyət pulu isə həmin gün hesablanıb onun hesabına köçürülmüşdür. Zeynalov Cahid xx.xx.2024-cü il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətind. olarkən ona işdə olmaması ilə bağlı əmrlər təqdim edilmiş və o “işə gəlmədiyim və buraxılmadığımla bağlı işə gəlməmişəm” qeydini yazaraq əmrlərlə tanış olmuş, bir daha özüdə işdə olmadığını təsdiq etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X7ndən 15 iyul 2024-cü il tarixli 3-17-5/2-45910/2024 saylı məktub daxil olmuş və X1 güya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək hüquqlarının pozulması, qeyd etmişdir. Qeyd etmk istərdik ki, həmin məktubda X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyimi 142 “Çağrı Mərkəzinə” ünvanladığı müraciətinə baxıldığı qeyd edilmişdir. Həmin müraciətə elə 2024cü ilin iyul ayında şirkət tərəfindən cavab verilmiş və zəruri sənədlər təqdim edilmişdir. Daha sonra, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X7ndən 23 noyabr 2024-cü i tarixli 3-17-5/2-846699/2024 saylı məktub daxil olmuş və X1 güya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək hüquqlarımı pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 4 saylı Bakı DOST Mərkəzinə ünvanladığı müraciətə X15 Xidmət X7ndə baxıldığı qeyd edilmişdir. Nə həmin müraciət, nə də həmin müraciətə fikir bildirilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər hansı müraciət göndərilməmişdir. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Abşeron X17 rəisi vəzifəsini icra edən X16 tərəfindən "xxxx" MMC-nin direktoru X21 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasər 1500 manat cərimə cəzası tətbiq edilməsi barədə 13 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh etmə haqqında qərar təqdim edilmişdir. X13 2023-cü ilin oktyabr ayından etibarən işdə olmamış, hər hansı əmək funkiyasını yerinə yetirməmişdir. Bununla bağlı ona hər hansı əmək haqqının ödənilməsindən söhbət gedə bilməz. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Abşeron X17 rəisi vəzifəsini icra edən X12 13 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, iş üzrə icrata xitam verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X14 Alperin vəkili Nümayəndə şikayətlə oxşar, eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, vətəndaş X4 təmsilçisi vəzifəsində işlədiyi "xxxx" MMC-də cinayət xarakterli əməllərə yol verdiyi üçün analoji hərəkətlərə davam etməməsi üçün şirkət tərəfindən işdən kənarlaşdırılması qərara alınıb və bu qərar əmrləşdirilmişdir. X24 ibtidai istintaq müddəti ərzində işə gəlməyi və ən azından boş dayanma ilə bağlı ona maaş veriləcəyi təklif olunmuşdur. Lakin o, əmrlə tanış olmaqdan imtina etmiş (bu barədə akta özü qol çəkmişdir), ümumiyyətlə uzun müddət işə gəlməmişdir. Daha sonra ərizə ilə müraciət edərək könüllü işdən azad olunmasını xahiş etmiş, şirkət tərəfindən ərizənin onun özü tərəfindən verilib-verilmədiyini aydınlaşdırmaq üçün şəxs şirkətə dəvət edilmiş, ərizənin özü tərəfindən yazıldığın müəyyən edilmişdir. Bundan sonra Cahid Zeynalov öz ərizəsinə əsasən işdən azad edilmiş, məzuniyyət haqqı ödənilmişdir. Daha sonra o, əmək haqqının almadığı ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə şikayət etmişdir. X1 şikayəti əsasında 2024-cü ilin iyul ayında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən araşdırılma aparılmış və əmək haqqı ilə bağlı olan hissə üzrə zəruri sənədlər səlahiyyətli orqana təqdim edilmişdir. Orqanın vəzifəli şəxsi tərəfindən ona bildirilmişdir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur və vətəndaşa şikayətinə əsasən məhkəməyə müraciət etməsi ilə bağlı hüquqları məktub vasitəsi ilə ona izah olunacağı bildirilmişdir. Lakin 2024-cü ilin dekabr ayında yəni, vətəndaşın müraciətindən, təxminən 5 ay sonra şirkətin direktoru X25 barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol poçt vasitəsilə şirkətə 02 dekabr 2024-cü il tarixdə axşam saatlarında çatmışdır. Bununla bağlı səlahiyyətli orqanın əməkdaşı ilə əlaqə saxlanılmış, əməkdaş ona inzibati xəta haqqında protokolla bağlı şirkətin mühasibinə məlumat verdiyini bildirmişdir. Bundan sonra mühasiblə əlaqə saxlamış, mühasib ona daxil olan zəngdə ancaq “vətəndaşın pulunu vaxtında verin” kimi sözlər deyildiyini, inzibati xəta haqqında icraat və ya protokol barəsində məlumat verilmədiyini bildirmişdir. X10 inzibati icraat barədə məlumatlandırılmadığını bildirdi. Səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud surətdə pozaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirərək məhkəmədən X25 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti nümayəndəsi Elçin Əliyev 16 yanvar 2025-ci ildə keçirilmiş məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı müdafiə etmiş və əlavə olaraq bildirdi ki, şirkət tərəfindən işçinin hüquqları pozulduğu üçün ( işçi barəsində inzibati xəta haqqında icraat və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməlin törədilməsi öz təsdiqini tapmadan onun işdən kənarlaşdırılması) barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və bu qərar şirkət tərəfindən qəbul edilmişdir. Daha sonra işçiyə işdən azad olunan zaman əmək haqqının verilməməsi halı aşkarlanmış və şirkətin direktoru X25 barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Həmçinin nəzərə çatdırmaq istəyir ki, X25 "xxxx" MMC-nin direktoru olduğu üçün inzibati xəta haqqında protokol şirkətin hüquqi ünvanına göndərilmişdir. İş üzrə zəruri sənədləri məhkəməyə təqdim edəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti nümayəndəsi X3 şirkətin digər nümayəndəsi Elçin Əliyevin izahatını təsdiqləyərək iş üzrə zəruri sənədləri məhkəməyə təqdim etdiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X25 MN ******* nömrəli protokol əsasında qəbul olunmuş MN ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 57.3-cü maddəsinə sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 102.5-ci maddəsinə əsasən İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 192.4-ci maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X13 "xxxx" MMC tərəfindən işdən kənarlaşdıırılmış və həmin əmrlə tanış olmaqdan imtina etməsi barədə akt tərtib olunmuşdur. Daha sonra müəyyən vaxtlarda “işçinin üzrlü səbəb göstərmədən işə gəlməməsi ilə bağlı” aktlar tərtib olumuş və şirkətin işçiləri tərəfindən imzalanmışdır. 28 iyun 2024-cü il tarixdə vətəndaş X13 şirkətə ərizə ilə müraciət edərək işdən öz ərizəsi əsasında azad edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin 203/K nömrəli 28 iyun 2024-cü il tarixli əmrinə əsasən vətəndaş X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və istifadə edilməmiş 15 gün əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. İlk öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Abşeron X27 tərəfindən X1 2024-cü ilin iyul və sentyabr ayında şikayəti əsasında 03 dekabr 2024cü il tarixdə "xxxx" MMC-nin direktoru X25 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 02 dekabr 2024-cü il tarixli MN saylı ******* saylı protokol tərtib olunmuşdur. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən 2024-cü ilin iyul ayında başlanmış inzibati araşdırma əsasında 2024-cü ilin dekabr ayında inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.5-ci maddəsinin (İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır.) tələblərini pozduğuna dəlalət edir. Bundan başqa baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X25 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən vətəndaşın müraciətinə əsasən bir dəfə araşdırma aparıldığı və şirkət tərəfindən zəruri sənədlər təqdim edildikdən təxminən 5 ay sonra barəsində inzibati tənbeh vermə haqqında protokol və protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın, yenidən hansı müraciət əsasında başlanılması, habelə inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə tərəfə göndərilməli olan bildirişin hansı tarixdə barəsində inzibati icraat aparılan şəxsə göndərilməsi barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Göndərilmiş bildiriş hüquqi şəxsin ünvanına göndərilmiş, halbuki qərar vəzifəli şəxs barəsində çıxarılmışdır. Belə olan halda şəxsin ünvanına rəsmi qaydada bildiriş göndərilməli və o, inzibati icraat barədə məlumatlandırılmalı idi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X11 X7 tərəfindən sübut qismində təqdim edilmiş, habelə nümayəndələrin məhkəmə iclasında izahatlarında vətəndaş Cahid Zeynalovun işdən kənarlaşdırıldıqdan sonra şirkət tərəfindən işə buraxılmaması ilə bağlı göstərilən xüsusatları sübut edən heç bir sübut, dəlil məhkəməyə təqdim olunmamışdır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X20 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı X20 hüquqlarının təmin edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən yalnız vətəndaşın ərizəsi əsasında səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı mötəbər sübuta istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X20 şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə tam, sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X25 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X7 tərəfindən qəbul edilmiş 13 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar