Məhkəmə qərarları › İş №3(012)-1082/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1082/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1082/2022 19.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi arədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvələr İdarəsinin İnzibati tənbeh vermə haqqında MN №1120256 saylı, 18 may 2022-ci il tarixli qərarı ilə razı deyil. Beləki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-maddəsində nəzəərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qərarını onunla əsaslandırmışdır ki, Hökməli bələdiyyəsinin xidməti ərazisi olan Hökməli qəsəbəsi M Əliyev küçəsində müxtəlif mənşəli məişət və istehsalat tullantıları ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanmışdır. Buna görə də Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Abşeron rayonu Hökməli Bələdiyyəsinin müavini kimi barəsində protokol tərtib olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməm haqqında MN №1120256 saylı, 18 may 2022-ci il tarixli qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvələr İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı qanunsuzdur. Sonda o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 67850 nömrəli aktdan görünür ki, 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı ünvan 1 ünvanı ərazisində müxtəlif növ məişət tullantılarının qalaqlanaraq yığılıb qalması faktı aşkar edilmişdir. Araşdırma zamanı qeyd edilən tullantıların həmin ünvanda fəaliyyət göstərən bələdiyyə tərəfindən yarandığı müəyyən edilmiş və aşkar edilmiş xətanın fotoşəkilləri çəkilərək akta əlavə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Abşeron rayonu Hökməli Bələdiyyəsinin nizamnaməsində göstərilmişdir ki, dövlət həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərin həllinə yerli əhalini cəlb etməklə yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının toplanması və emalı, suyun, havanın torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlərin həyata keçirilməsi məqsdəilə əlaqədar proqramlar işləyib hazırlayıb və həyata keçirir. Bələdiyyə dövlətin ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərir. Bələdiyyənin icra aparatı bələdiyyənin sədrindən və yerli əhaliyə xidmətdən, iqtisadi ekoloji sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və bölmələrdən ibarətdir. Bələdiyyənin icra aparaının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncam verici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı inzibati xətanın məhz Hökməli bələdiyyəsi tərəfindən törədilməsini təsdiq edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Protokol tərtib etmiş orqan qeyri-qanuni tullantı boşaldılması və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasını Hökməli qəsəbəsi, M.Əliyev küçəsi ünvanı ərazisində olmasını müəyyən edilməsi ilə kifayətlənmiş, inzibati araşdırma aparmadan Hökməli bələdiyyəsinin sədr müavini X4 inzibati məsuliyyətə cəlb etmişdir. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə iclasında qərar qəbul etmiş səlahiyyətli orqan mübahisələndirilən qərarda qeyd edilmiş inzibati xətanı məhz Hökməli bələdiyyəsi tərəfindən törədilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, hüquq nəzəriyyəsinə görə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedik də, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibatitəsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Hazırki işin faktiki hallarından göründüyü kimi, X3 ehtimal edilən hüquq pozuntusu aşkar edilmiş Abşeron rayonu, Xırdalan Ailə Sağlamlıq Mərkəzinə münasibətdə vəzifəli şəxs statusunda deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə təqsirli bilinib, 2000 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə təqsirli bilinib, 2000 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar