Məhkəmə qərarları › İş №3(012)-1088/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1088/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1088/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X2 AR DİN BDYPİ V X7 Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP 381179 saylı inzibati tənbeh vermə haqqında qərardan onun tərəfindən verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP 381179 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X2 şikayətini onunla əsaslandırdı ki, xx xxxx 2020-ci il tarixdə Abşeron rayon ərazisindən keçən Bakı-Şamaxı yolunda ona məxsus '"HYUNDAİ SONATA" minik avtomobili ilə hərəkət edərkən saat 17:03 radələrində YPX onu saxlamış və AR DİN BDYPİ V X7 Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən onun barəsində İXP ******* saylı İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə təqsirli bilinməsi barədə protokol tərtib olunmuş, protokol tərtib olunarkən xəbəri olmamış, onu inspektor geri qaytarmış və o da geri qayıtmış, buna görə də protokola etirazını qeyd edə bilməmiş, barəsində protokol tərtib edən polis baş serjantı X3 elə həmin gün yəni, xx xxxx 2020-ci il tarixdə heç bir qanuna əsaslanmadan onun barəsində AR İXM-nin 211.1 maddəsi ilə 200 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar çıxarmış, həmin gün işdə olmasına baxmayaraq onun barəsində karantin qaydalarının pozulması barədə protokol tərtib olunmuş, rəsmi portalda qeydiyyata alındığı üçün onun Abşeron rayonunda hərəkəti üzrə heç bir məhdudiyyət ola bilməz, həmçinin də, onu geri qaytararaq onun hərəkətinə icazə verməmişlər, göründüyü kimi bu maddənin tələbləri pozulmamışdır. Sonda o, AR DİN BDYPİ V X7 Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP 381179 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, AR DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə AR DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, AR DİN BDYPİ V X7 Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş və nəticədə X2Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 200 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X2 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X1 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Məhkəmə belə hesab edir ki, AR DİN BDYPİ V X7 Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 200 manat məbləğində cərimə tətbiq edilməsinə dair AR DİN BDYPİ V X7 Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar