Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1099/2025 02.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: X2 iştirakları ilə xx.xx.1980-cı ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Abşeron rayon Polis İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Natiq İsmayılov izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya X5 Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zaur Əlsov barəsində tərtib edilmiş inzibati xəta ilə bağlı özünü təqsirli bilməyərək bildirmişdir ki, o, **-NY-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman polis əməkdaşı tərəfindən ona verilən saxla əmrinə tabe olaraq avtomobili saxlamış, ona törətdiyi pozuntuya görə sənədlərinin təqdim edilməsi bildirdikdə, o, hadisəyə səbəb olan xətanın nədən ibarət olmasına dair görüntüləri təqdim etməsini tələb etmiş, lakin sonuncu ona görüntülərin onda olmadığını, onunla içəri keçməsini və bundan sonra göstərə biləcəyini demişdir. Avtomobili saxladığı yer gediş-gəliş yolu olduğundan və nəqliyyat vasitəsi yolun işlək vəziyyətinə yaxın hissədə saxladığı üçün o, polis əməkdaşına şərait yaratmasınıvə nəqliyyat vasitəsini kənara çəkməsini xahiş etmiş, lakin sonuncu onun xahişinə məhəl qoymayaraq, ona məxsus avtomobilin açarın əlindən almışdır. O, törətdiyi inzibati xətaya səbəb olacaq videogörüntüləri göstərməzsə ona məxsus sənədləri təqdim etməyəcəyini bildirmişdir. Bundan sonra zor təbiq edərək,barəsind protokol tərtib etmişlər. O, dövlət yol polisi əməkdaşlarına və post patrul xidməti əməkdaşlarına qarşı tabesizlik və ya müqavimət göstərməmişdir. Göstərilənlərə əsasən, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “İnzibati qaydada tutma haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, X2 azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 13:00-dan məhdudlaşdırılmışdır.
2. İnzibati xəta haqqında 02 may 2025-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya X5 Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xəta törətmişdir;
3. Hadisənin görüntülərini əks etdirən diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X4 02 may 2025-ci il tarixdə barəsində tərtib edilmiş protokolda qeyd edilən hərəkətlərə yol verməmişdir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Aparılmış məhkəmə araşdırma zamanı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair sübut nə iş materiallarındakı sənədlərlə nə də təqdim olunmuş videogörüntülərlə öz əksini tapmamışdır. Belə ki, X2 polisin hansı qanuni tələblərinə tabe olmaması və həmin tabe olmamanın nədə ifadə olunmasını müəyyən etmək qeyri-mümkün olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta hadisəsi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X2 barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Abusət Qasımov