Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-11/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi X7 qızının iştirakı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli qərarı ilə «Unimetal” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06.12.2021-ci il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 3(012)-1193/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və "Unimetal” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə məhkəmə baxışına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 məhkəmədə çıxış etməklə protokolla eyni məzmunlu izahat vermiş və barəsində inzibati protokol tərtib olunan şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. "Unimetal” MMC tərəfindən məhkəməyə ünvanlanmış etirazdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin Abşeron rayonu Mehdiabad kəndi ərazisində yerləşən istehsalat obyektində 04-05 avqust 2021-ci il tarixdə keçirilmiş yoxlama nəticəsində 05.08.2021-ci il tarixdə 000047 saylı Yoxlama Aktı tərtib olunmuşdur. Yoxlama aktı yoxlama suallarının siyahısında göstərilən 989, 990, 991, 992, 993, 994 və 995 saylı suallarla bağlı araşdırma nəticəsində tərtib olunmuşdur. Yoxlama aktında yoxlama suallarından 989 saylı sualla bağlı istehsalatda istifadə olunan 16 ədəd körpülü kranın, 1 ədəd qızdırıcı sobanın və 1 ədəd yayma xəttinin uyğunluq sertifikatının olmadığı aşkar olunması və bununla da "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin pozulmasının müəyyən olunduğu qeyd olunmuşdur. Bundan başqa, yoxlama aktında yoxlama suallarından 993 saylı sualla bağlı istehsalatda istifadə olunan ölçmə vasitələri olan "ştangenpərgar, manometr, hidravlik press, metal xətkeş, elektron avtomobil tərəzisi, laboratoriya sınaq qurğusu"nun tipinin təsdiq edilməsi barədə sertifikatın olmadığı aşkar olunması və bununla da "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.1 və 11.3-cü maddələrinin tələblərinin pozulmasının müəyyən olunduğu qeyd olunmuşdur. Bundan başqa, yoxlama suallarından 994 saylı sualla bağlı istehsalatda istifadə olunan xammalın (isti yayılmış və soyuq yayılmış dəmir vərəqlər (rulonlar), sinklənmiş və rəngli dəmir rulonlar) uyğunluq sertifikatının olmadığı aşkar olunması və bununla da "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinin tələblərinin pozulmasının müəyyən olunduğu qeyd olunmuşdur. Daha sonra isə yoxlama aktı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05.08.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Abşeron rayonu Məmmədli, 2-ci Om çuluq y/m, ev o. m. o imvanındakı istehsalat sahələrində 05.08.2021-ci il tarixdə istehsalatda istifadə olunan qurğuların və xammalın uyğunluq sertifikatının olmadığı, ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə sertifikatın olmadığı müəyyən edilmişdir. Protokolun məzmunundan göründüyü kimi, istehsalatda istifadə olunan qurğuların və xammalın uyğunluq sertifikatının olmadığına görə yoxlama aktında göstərilən 989 saylı (istehsalatda istifadə olunan 16 ədəd körpülü kranın, 1 ədəd qızdırıcı sobanın və 1 ədəd yayma xəttinin uyğunluq sertifikatının olmaması) və 994 saylı suallarla bağlı (istehsalatda istifadə olunan xammalın (isti yayılmış və soyuq yayılmış dəmir vərəqlər (rulonlar), sinklənmiş və rəngli dəmir rulonlar) uyğunluq sertifikatının olmaması) Azərbaycan Resöublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi iddia olunur. Qeyd etmək lazımdır ki, "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən "Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğular, maşın və mexanizmlər müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır." Lakin, İnzibati Xətalar Məcəlləsi həmin qurğu və avadanlığın sertifikatının olmamasına görə məsuliyyət nəzərdə tutmamışdır. İXM-nin 447-ci maddəsinin adından da göründüyü kimi (Maddə 447. İstehlakçıların hüquqlarının pozulması) istehlakçıların hüquqlarının qorunması ilə bağlı məsuliyyət nəzərdə tutur. Ona görə də, protokolun həmin hissəsi tam əsassızdır. Bundan başqa yenə də protokolun məzmunundan göründüyü kimi, istehsalatda istifadə olunan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə sertifikatın olmadığına görə isə yoxlama aktında göstərilən 993 saylı sualla bağlı (istehsalatda istifadə olanan ölçmə vasitələri olan "ştangenpərgar, manometr, hidravlik press, metal xətkeş, elektron avtomobil tərəzisi, laboratoriya sınaq qurğusu"nun tipinin təsdiq edilməsi barədə sertifikatın olmaması) AR İXM-nin 538.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi iddia olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC-nin barəsində 05.08.2021 -ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, yoxlama aktı vasitəsilə "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsində isə qeyd olunur: Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin, nə yoxlama aktında, nə də protokolda "xxxx" MMC-nə məxsus və istehsalatda istifadə olunan "ştangenpərgar, manometr, hidravlik press, metal xətkeş, elektron avtomobil tərəzisi, laboratoriya sınaq qurğusu"nun "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahıda olub-olmaması barədə heç bir məlumat yoxdur. Ona görə də, həmin protokol da əsaslı sayıla bilməz və protokola həmin hissədə də xitam verilməlidir. Bundan başqa onu da qeyd edirik ki, hətta hesab etsək ki, "xxxx" MMC-nin hərəkətlərində hər hansı inzibati xəta əlamətləri var, "xxxx" MMC yenə də məsuliyyətə cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən: İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qeyd edirik ki, bu tipli məsələlərlə bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin icraatında da inzibati iş olmuş, lakin məhkəmələrin müvafiq qərarları ilə həmin inzibati işlərə də xitam verilmişdir. Göstərilən halları və qanunvericilik normalarının tələblərini nəzərə alaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Abşeron rayon Məhkəməsinə təqdim etdiyi 05.08.2021ci il tarixli, MN № ******* saylı Protokolun təmin olunmaması və başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən "Unimetal” MMC-nin nümayəndəsi məhkəməyə təqdim etdiyi etirazla eyni məzmunlu izahat verməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib və toplanmış materialları nəzərdən keçirib hesab edirəm ki, "Unimetal” MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, 05 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanındakı istehsalat sahələrində 05.08.2021-ci il tarixdə istehsalda istifadə olunan qurğuların və xammalın uyğunluq sertifikatının olmadığı, olçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə sertifikatın olmadığı aşkar olunmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində tələbləri pozulmuş, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-ci maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəddir (1.1.8- ci maddə); Sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqi təsdiqidir (1.1.12-ci maddə); Yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır. Yüksək riskli malların sertifikatlaşdırılması təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciəti əsasında həyata keçirilir və sertifikatlaşdırmanın müsbət nəticələri əsasında uyğunluq sertifikatı verilir (13.3-cü maddə). Azərbaycan Respublikasında məhsulun (proseslərin, xidmətlərin) məcburi və könüllü sertifikatlaşdırılmasının əsaslarını, bu sahədə dövlət idarəetmə orqanlarının, xüsusi səlahiyyət verilmiş orqanların, müxtəlif mülkiyyət formalı müəssisələrin, sahibkarların və sertifikatlaşdırma işləri üzrə digər iştirakçıların hüquq, vəzifə və məsuliyyətlərini müəyyənləşdirən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli, 343 nömrəli qərarı ilə təsdiq olunmuş Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə Azərbaycan Respublikası Baş Nazirinin 08 may 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Göründüyü kimİ, hazırda bu sahəni tənzimləyən normativ akt mövcud deyildir. İş materiallarına əlavə edilmiş 05 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən isə ünvan 1 ünvanındakı istehsalat sahələrində 05.08.2021-ci il tarixdə istehsalda istifadə olunan qurğuların və xammalın uyğunluq sertifikatının olmadığı, olçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə sertifikatın olmadığına görə tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsi “qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə” görə inzibati məsuliyyət tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Bundan başqa protokolda adları dəqiq qeyd olunmasa da aktdan görünür ki, həmin qurğu və xammal Şəxs MMC tərəfindən əsasən Rusiya Federasiyasından idxal olunan isti yayılmış və soyuq yayılmış dəmir vərəqələrdən, eyni zamanda sinklənmiş dəmir vərəqlərdən ibarətdir. Qanunvericilik aktlarından aydın olur ki, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Lakin hal-hazırda qurğuların və xammalın yüksək riskli malların, həmçinin məcburi sertifikatlaşdırmalı məhsulların dairəsinə aid olması ilə bağlı hər hansı normativ hüquqi akta rast gəlinmir. Göründüyü kimi, qanunverici uyğunluq sertifikatının olmamasını deyil, məhz məcburi sertifikatlaşdırılmanın həyata keçirilməməsini inzibati xəta kimi tanıyaraq ona görə inzibati tənbeh tədbirinin tətbiq edilməsini nəzərdə tutmuş və nəzərə alınsa ki, məcburi sertikatlaşdırılma özündə uyğunluq sertifikatının olmamasını ehtiva etmir və həmin anlayışlar eyni olmamaqla ayrı-ayrı mallara münasibətdə tam fərqli qaydaları nəzərdə tutur, belə olan halda "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin tərkibinin olmasından söhbət gedə bilməz. Həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi qanunvericiliyə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə məsuliyyəti nəzərdə tutur. Göründüyü kimi, qanunverici sertifikatın olmamasını deyil, məhz ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsini inzibati xəta kimi tanıyaraq ona görə inzibati tənbeh tədbirinin tətbiq edilməsini nəzərdə tutmuş və nəzərə alınsa ki, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsi özündə uyğunluq sertifikatının olmamasını ehtiva etmir və həmin anlayışlar eyni olmamaqla ayrı-ayrı mallara münasibətdə tam fərqli qaydaları nəzərdə tutur, belə olan halda Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsinin də tərkibinin olmasından da söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş.şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, iş üzrə "xxxx" MMC-nin əməlində İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə müəyyən olunan inzibati xəta hadisəsinin mövcudluğu təsdiq olunmur və hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən də məhkəmənin icraatına daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-11/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-11/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver