Məhkəmə qərarları › İş №3(012)-1100/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1100/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1100/2021 27.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qıznın sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zanura Həsənovanın və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, 15 aprel 1959-cu il tarixdə Gürcüstan Respublikası, Marnueli rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gürcüstan Respublikası, Marnueli rayonunda qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan Zanura Həsənovanın barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Zanura Həsənova barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞnin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X5 bildirdi ki, 26 iyun 2021-ci il tarixdə saat 09:30 radələrində Zərərçəkmiş şəxs ilə onunla qonşuluqda yaşayan Zanura Həsənova yaşadıqları evin qarşısındakı küçədə aralarında şəxsi münasibətlər zəmnində mübahisə yaranmış və həmin mübahisə zamanı Zanura Həsənova qonşusu Zərərçəkmiş şəxs başına və bədəninin müxtəlif nahiyyələrinə vurmaqla ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə döymüşdür. Buna görə də Zanura Həsənovanın barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən Zanura Həsənova inzibati xəta törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, onunla qonşuluqda yaşayan şəxslər onu Gülşən kimi tanısalar da, lakin əsl adı Zanuradır. Zərərçəkmiş şəxs onun yaşadığı evin qarşısında olan mağazada satıcı işləyir. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 26 iyun 2021-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlib hansı səbəbdən arxasınca danışdığını soruşmuş və o, yaşadığı evin yaxınlığına çıxan zaman Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə baş vermişdir. Həmin mübahisə zamanı Zərərçəkmiş şəxs ona nalayiq küçə sözləri dediyi üçün əsəbləşib qapının yanında olan gül qabını sonuncunun başına vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs da onun üzərinə hücum çəkib ona qarşılıq verməklə onu vurmuşdur. Sonda o, mübahisənin Zərərçəkmiş şəxs görə başlanmasını əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Gülşən adı ilə tanıdığı, lakin sonradan adının Zanura Həsənova olduğunu öyrəndiyi qadının evinin qarşısında olan mağazada satıcı işləyir. Himayəsində altı uşağı var. Həmin qadınla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 26 iyun 2021-ci il tarixdə saat 09:30 radələrində işlədiyi mağazaya getmək üçün yaşadığı evdən çıxıb küçə ilə hərəkətdə olarkən Zanura adlı qadının onun ünvanına nalayiq sözlər dediyini eşitmiş və bu səbəbdən də aralarında mübahisə baş vermişdir. Həmin mübahisə zamanı qonşusu Zanura qapının qarşısında olan gül dibçəyini yerdən götürüb onun baş nahiyyəsinə vurmaqla ona xəsarət yetirmiş, o, zərbədən huşunu itirib yerə yıxılmışdır. Buna görə o, DİN-nin 102 xidməti zəng mərkəzinə telefonla məlumat vermişdir. Sonda o, Zanura Həsənova barəsində qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zanura Həsənovanın müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, 26 iyun 2021-ci il tarixdə saat 09:30 radələrində yaşadığı evin yaxınlığında olan zaman Gülşən adı ilə tanıdığı, lakin sonradan adının Zanura Həsənova olduğunu bildiyi qadınla və Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş və baş vermiş mübahisə zamanı Zanura Həsənova gül dibçəyi ilə Zərərçəkmiş şəxs vurmaqla onu döymüşdür. İş materiallarına əlavə olunmuş 06 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 28 iyun 2021-ci il tarixli, 1378 saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- boyun, sağ diz nahiyyələrinin sıyrıqları, sol bazu nahiyyəsinin qançırları bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, 26 iyun 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin müvafiq qərarlarına əsasən məlum olur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zanura Həsənova barəsində əvvəllər də inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-1102/2020 saylı, 27 iyul 2020-ci il tarixli qərarından görünür ki, Zanura Həsənova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)- 1327/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Zanura Həsənova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 300 (üç) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi, şahidi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Zanura Həsənovanın inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zanura Həsənovanın məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zanura Həsənova barəsində əvvəllər də inzibati tənbeh tədbirləri tətbiq edilməsi ağırlaşdıran hal kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, Zanura Həsənovaya inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: Zanura Həsənova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar