Məhkəmə qərarları › İş №3(012)-1113/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1113/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1113/2024 24.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Qasımov Abusət Sahib oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Abşeron rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Şəxs X6 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “DAF FTXF 105” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu, Bakı-Sumqayıt şossesində yerləşən “166 Yükdaşıma” şirkətinin qarajından baş yola çıxarkən manevr etmə qaydalarını pozub həmin yolla üzü Sumqayıt şəhəri istiqamətində hərəkət edən X3 X7 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Toyota-Prius” markalı 77-XU- 972 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişinlər X4, X1, X5, X2 və X8 dərəcəsi təyin edilməyən bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmun barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Abşeron rayon DYP YNH-nin baş inspektoru, polis mayoru X10 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X11 tərəfindən tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli 1421 saylı ekspertiza rəyinə əsasən B.Q. Hüseynovun bədən səthində aşkar edilmiş xəsarət döş qəfəsi, bel və sağ bazu nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsinin mümkünlüyü, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələrinin təyin edilməsi, həmçinin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1427 saylı ekspertiza rəyinə əsasən 1982-ci il təvəllüdlü Həziyeva (Qaziyeva) Yeganə Sabir qızının məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol ayaq, boyun döş qəfəsinin yumşaq toxumalarının əziyi, sol baldırın geniş sahəli qançırı, hərəkət məhdudluğu ilə - küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə sərnişin olduğu minik avtomaşının digər yük avtomaşın ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid olması, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1435 saylı ekspertiza rəyinə əsasən Ş.R. Nağıyevanın bədən səthində aşkar edilmiş xəsarətlər - burun və sağ baldır nahiyələrinin qançırları, sol said nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsinin mümkünlüyü, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən olması, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1543 saylı ekspertiza rəyinə əsasən D.E. Hüseynzadənin bədənində aşkar edilmiş xəsarətlər - üst çənənin sınığı, üst çənədə soldan İ, İİ sağdan İ, İİ, İİİ, İV, V dişlərin travmatik çıxığı, üst dodağın əzilmiş-cırılmış yaraları bərk küt əşyanın təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsinin mümkün olması və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasın səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid olması, məhkəmətibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1542 saylı ekspertiza rəyinə əsasən E.Q. Hüseynovun bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın sümüyünün burun çıxıntısının, hər iki almacıq sümüyünün alın çıxıntısının, sol əng sümüyünün almacıq çıxıntısının, sağ əng sümüyünün cisminin, burun sümüklərinin yerdəyişən sınıqları, sağ tərəfli Vİİ, Vİİİ qabırğaların sınıqları, burun və sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yaraları, hər iki gözün qapaqlarının, hər iki gözaltı almacıq nahiyəsinin və döş qəfəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsinin mümkün olması və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasının səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid olması göstərilsə də, sözügedən ekspertiza rəyləri ümumiyyətlə məhkəməyə ünvanlanmış iş materiallarına əlavə edilməmişdir Bundan başqa tərtib olunmuş protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları və vəzifələrinin izah edilməsi ilə bağlı olan hissədə hər hansı qeyd aparılmamış, şəxsə inzibati xəta haqqında protokolun surətinin verilibverilməməsini müəyyən etmək mümkün olmamış, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, əgər şəxs protokolu imzalamaqdan imtina etmişsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yekun olaraq isə inzibati xəta haqqında protokol zərərçəkmiş şəxslər tərəfindən imzalanmamış, protokolun qeyd hissəsində göstərilən qeydə uyğun olaraq protokolu imzalamaqdan imtina səbəbi göstərilməmiş, bundan əlavə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxslərin verdiyi izahatlar da inzibati xəta haqqında materiala əlavə olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənlərə əsasən, məhkəmə qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün olmadığı qənaətindədir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Abşeron rayon Polis İdarəsinə geri qaytarılsın. Abşeron rayon Polis İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qeyd olunan qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar