Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1123/2023 20.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2002-ci ildə Qobustan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qobustan rayonu, Qurbançı ərazi dairəsi, Ərəbşahverdi kəndində qeydiyyatda olan, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, döngə 2, ev 24 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin sahə rəisi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində Xırdalan şəhəri, Heydər Əliyev prospektində polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Abşeron RPİ-nin polis sahə rəisi, polis kapitanı X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron RPİ DYPŞ YPXİ əməkdaşı tərəfindən tərtib edilmiş raporta əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, Şəxs “Vaz 21074” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilində konstruksiya dəyişiklikləri olduğundan xx.xx.2023-cü il tarixdə saxlanılmış və barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra Şəxs yenidən avtomobilində olan konstruksiya dəyişikliklərinə görə xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində saxlanılmış, lakin sürücü Şəxs polisin qanuni əmrinə tabe olmamış və avtomobilini idarə etməyə davam etmişdir. Avtomobili saxladıqdan sonra isə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hadisə yerinə PPX əməkdaşları çağırılmamış, belə ki, əməkdaşlar özləri yolda hərəkətdə olan zaman baş verənləri görüb gəlmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətmədiyini qeyd edərək, əlavə olaraq izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-dən Kamran adlı şəxs ona zəng edərək avtomobilində konstruksiya dəyişikliyi olması ilə əlaqədar idarəyə çağırmışdır. İdarədə avtomobilində konstruktiv dəyişiklik olduğundan yol polis əməkdaşı çağırılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 150 manat məbləğində cərimə edilmişdir. Bundan sonra yol polis əməkdaşı ilə birlikdə avtomobilini 15 saylı duracağa yerləşdirmişlər. Həmçinin ona həftənin birinci günü, yəni 19 iyun 2023-cü il tarixdə idarəyə yaxınlaşmasını və avtomobilini cərimə meydançasından necə çıxartmalı olduğunu izah edəcəklərini bildirmişlər. 19 iyun 2023-cü il tarixdə piyada yaşadığı ünvandan Abşeron Rayon Polis İdarəsinə getmiş və orada barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Bildirir ki, 19 iyun 2023-cü il tarixdə polis əməkdaşları ilə aralarında heç bir mübahisə olmamış və onlara qarşı heç bir tabesizlik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Şəxs avtomobilində konstruksiya dəyişikliyi etdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolu tərtib etdikdən sonra vətəndaşa qeyd edilən pozuntuları aradan qaldırılmasını izah etmiş, lakin protokol tərtib edilərkən və ya tərtib etdikdən sonra vətəndaş Şəxs onlara qarşı tabesizlik etməmiş və onları təhqir etməmişdir. 17 iyun 2023-cü il tarixdən sonra Şəxs görməmiş və 19 iyun 2023-cü il tarixdə baş verənlər barədə məlumatlı deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X8 izahat verərək bildirdi ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə konstruksiya dəyişikliyi etdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Həmin tarixdən sonra Şəxs görməmişəm. Protokol tərtib edilən zaman, yəni xx.xx.2023-cü il tarixdə Şəxs heç bir tabesizlik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri-sürücü X9 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman Abşerin RPİ-nə getmələri bildirilmişdir. Yolda hərəkətdə olan zaman Heydər Əliyev prospektində “Vaz 21074” markalı nəqliyyat vasitəsini yol patrul xidməti əməkdaşlarının saxladığını və saxlanılan şəxsin YPX əməkdaşları ilə əl-qol ilə danışdığını görmüşdür. Daha sonra hadisə yerinə yaxınlaşmış və həmin şəxsi idarəyə getməyə dəvət etmişlər. Lakin Şəxs onlara tabe olmamış və nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri X6 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman Xırdalan şəhəri, Heydər Əliyev prospektində hərəkət edərkən “Vaz 21074” markalı nəqliyyat vasitəsinin yol patrul xidməti əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Hadisə yerinə yaxınlaşan zaman saxlanılan şəxsin YPX əməkdaşlarına tabesizlik etdiyini və nalayiq ifadələr işlətdiyini eşitmişdir. Bu səbəbdən vətəndaşa idarəyə getməyi təklif etmişlər. Lakin Şəxs onlara tabe olmamış, nalayiq söyüşlər söyməyə davam etmişdir. O, Şəxs qolundan tutmaq istəyəndə onu itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri X10 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman rəhbərlik tərəfindən RPİ-nin inzibati binasına yaxınlaşmaları bildirilmişdir. İdarəyə gedərkən yolda “Vaz 21074” markalı nəqliyyat vasitəsinin YPX əməkdaşları tərəfindən saxlanıldığını və saxlanılan sürücünün əməkdaşlarla mübahisə etdiyini görmüşlər. Hadisə yerinə yaxınlaşan zaman sürücünün əməkdaşları təhqir etdiyini və əmrlərinə tabe olmadığının şahidi olmuşdur. Bu səbəbdən özünü təqdim edərək vətəndaşı idarəyə dəvət etmişdir. Lakin Şəxs onun qanuni əmrinə tabe olmamış və nalayiq ifadələr işlətməyə davam etmişdir. O, Şəxs gəlməyəcəyi təqdirdə onu zorla aparacaqlarını bildirdikdən sonra vətəndaş onlarla gəlməyə razılaşmışdır. Məhkəmə iclasında müdafiəçi vəkil X7 hüquqlarını müdafiə etdiyi şəxsin istinad edilən əməlləri törətmədiyini nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ DYPŞ YPXİ polis baş serjantı Nicat Ağayev tərəfindən Abşeron RPİ-nin rəisi polis polkovniki Musa Musayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Abşeron rayonu, Xırdalan şəhərində xidmətdə olduğu zaman “Vaz 21074” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən sürücü manevr və konstruksiya dəyişikliyi qaydasını pozduğu üçün tərəflərindən saxla əmri verilmiş, sürücü polisin qanuni saxla əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti saat 16:50 radələrində sürücü nəqliyyat vasitəsini konstruksiya dəyişikliyi qaydasını pozaraq avtomobili saxlanılan zaman YPX inspektorlarına tabesizlik göstərmiş, fiziki hərəkətlərlə polisi nalayiq söyüşlərlə təhqir edərək qanuni tələbinə tabe olmayaraq həmin ərazidən uzaqlaşmışdır. Odur ki, yol hərəkəti qaydasını pozmuş sürücü barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “Vaz 21074 minik” markalı ** EO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə” görə barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 150 manat məbləğində cərimə edilmişdir. Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Elməddin Əliyev, Əsəd Əsədov və Heydər Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:50-də RPİ-nə gələn zaman Xırdalan şəhəri, Heydər Əliyev prospektində “Vaz 21074 minik” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü nəqliyyat vasitəsinin konstruksiya dəyişikliyi qaydasını pozaraq avtomobili idarə etmiş, bu zaman YPX inspektoru tərəfindən avtomaşın saxlanılmışdır. Sürücü inspektora tabesizlik göstərmiş, fiziki hərəkətlərlə inspektoru nalayiq söyüşlərlə təhqir edərək, polisin qanuni tələblərinə tabesizlik göstərmiş və tabe olmamışdır. Odur ki, yol hərəkət qaydasını pozmuş Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, polis forması geyinmiş şəxsiyyəti bilinməyən bir nəfər şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs birgə avtomobildə əyləşmişlər və avtomobili polis forması geyinmiş şəxsiyyəti bilinməyən şəxs idarə edir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də, başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1 -ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 19 iyun 2023-cü il tarixdən saat 14:45-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 6 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1123/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1123/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver