Məhkəmə qərarları › İş №3(012)-1124/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1124/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1124/2024 21.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 13 may 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs ASC 30000.00 ABŞ dolları məbləğində vəsaiti 29 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 30000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Şəxs ASC ilə OOO«Xan777» şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cəmiyyət 30000.00 ABŞ dolları məbləğində pulu xaricə köçürmüşdür. Həmin müqavilədə nəzərdə tutulan işlər görülməmiş, lakin ödənilən məbləğ Şəxs ASC-nə geri qaytarılmışdır. Belə ki, Şəxs ASC, OOO«Xan777» və «Amectronix Pty» LTD arasında bağlanmış xx.xx.2023-cü il tarixli 184B nömrəli öhdəliyin ötürülməsi ilə bağlı üçtərəfli müqavilədən görünür ki, Şəxs ASC tərəfindən ödənilmiş məbləğ OOO«Xan777» şirkəti tərəfindən deyil, öhdəliyin ötürüldüyü «Amectronix Pty» LTD tərəfindən xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş, lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli KB-119/2-113/2024 nömrəli məktubundan görünür ki, Şəxs ASC-nin hesabından 29 aprel 2022-ci il tarixdə 30000.00 ABŞ dolları məbləğində vəsait köçürülmüş, lakin 2 il tamam olmasına baxmayaraq 30000.00 ABŞ dolları məbləğində malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs ASC-nin hesabından OOO«Xan777» şirkətinə 30000.00 ABŞ dolları köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 184B nömrəli öhdəliyin ötürülməsi ilə bağlı üçtərəfli müqavilədən görünür ki, OOO«Xan777» şirkəti "xxxx" ASC vasitəsi ilə ödənilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 75000 ABŞ dolları, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 80000 ABŞ dolları, "xxxx" ASC vasitəsi ilə ödənilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 180000 ABŞ dolları, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 39000 ABŞ dolları məbləği olmaqla, cəmi 374000 ABŞ dolları borc məbləğininin geri ödənilməsini tam olaraq «Amectronix Pty» LTD-nə ötürmüş, «Amectronix Pty» LTD isə həmin borc öhdəliyini tam olaraq Şəxs ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli 184B nömrəli öhdəliyin ötürülməsi ilə bağlı üçtərəfli müqaviləyə əsasən Şəxs ASC-nə 122506 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 02 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə X1 təqdim edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs ASC bağlamış olduğu xx.xx.2022-ci il tarixli müqavilə əsasında 29 aprel 2022-ci il tarixində 30000.00 ABŞ dolları dəyərində məbləği xaricə köçürmüşdür. Həmin müqavilə əsasında ödənilmiş məbləğ xx.xx.2023-cü il tarixli 184B nömrəli öhdəliyin ötürülməsi ilə bağlı üçtərəfli müqavilə əsasında xx.xx.2023cü il tarixdə Şəxs ASC-nə geri qaytarılmışdır. Qeyd olunan halları hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli 184B nömrəli öhdəliyin ötürülməsi ilə bağlı üçtərəfli müqavilə və kredit haqqında xx.xx.2023-cü il tarixli bildiriş təsdiq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bu səbəbdən, “A+CO» ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar