Məhkəmə qərarları › İş №3(012)-113/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-113/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-113/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, şikayətçi Nümayəndə iştirakı ilə Şikayətçi Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23993161 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Nümayəndə şikayət ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23993161 nömrəli elektron qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, avtomobilini xx.xx.2024-cü il tarixdə texniki baxışı keçirtmək istəyən zaman, DİN BDYP İdarəsinin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, AYNA-nə 294 manat məbləğində cərimə borcu vardır və bununla əlaqədar texniki baxışdan avtomobil buraxıla bilməz. Araşdırma zamanı məlum olmuşdur ki, həmin protokollar BNA və AYNA tərəfindən 2019-2023-cü illlərdə tərtib olunmuşdur. Odur ki, bu protokolların bəzilərindən xəbəri olmamışdır. Bəzilərinin ləğv edilməsi barədə AYNA əməkdaşlardan məlumat almışdır. Lakin, buna baxmayaraq həmin cərimələr ləğv olunmamış, bazada durur. BNA və AYNA parklanma üzrə öz fəaliyyətini başladıqda o dərhal həmin aqentliklərə müraciət etmiş, yaşadığı ünvanda parkinq yeri istəmiş, ancaq naməlum səbəbdən ona parklama yeri ayrılması vaxtı uzadılmış, əvəzinə cərimələri yazmışdılar. Bu imtinanı onunla aslandırmışdılar ki, onun etibarnaməsi ləğv olunmuşdur. Bununla əlaqədar 44 saylı notariat kontoruna müraciət etmiş, rəsmi arayış almışdır ki, həmin müddət ərzində arvadı Əbdüləzimova Bənovşa tərəfindən avtəmobilə qarşı ona verilmiş etibarnamə qüvvədədir. Bu barədə dəfələrlə AYNA əməkdaşlarına bildirmiş, sənədi onlara təqdim etmişdir. Buna baxmayaraq, AYNA əməkdaşları onu məcbur etmişdilər ki, o yeni etibarnamə alsın. Ancaq bundan sonra, ona avtomobili üçün parklama yeri vermişdilər. Ona görə də Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23993161 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında qərardan şikayət vermiş Nümayəndə şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23993161 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, xx.xx.2024-cü il tarixində, 10:41-də Novxanı yolunda CHEVROLET EPİKCA MİNİK markalı ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, Nümayəndə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23993161 nömrəli inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. 30-cu maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. 30-cu maddəsinin İX hissəsinə əsasən bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.3-cü maddəsinə müvafiq olaraq torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş xəta barədə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati qanunvericiliyin qeyd edilən müddəalarına riayət edilib edilməməsini məhkəmə iclasında araşdırmaq mümkün olmadı. Belə ki, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Nümayəndə şikayəti təmin olunmalı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 339.1-1-ci maddəsi ilə təqsirli bilinib, 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23993161 nömrəli qərarın qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Nümayəndə Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23993161 nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23993161 saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X6 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar