Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1130/2024 23.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən: Abşeron DYP YHN inspektor, polis kapitanı X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Xırdalan şəhər vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 may 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Abşeron DYP YHN inspektor, polis kapitanı Şirvan Abbasov tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü ildə, saat 16:00 radələrində idarə etdiyi “KHAZAR LX” minik markalı **-BK- *** dövlət qeydiyyatlı avtomaşınla əks hərəkət zolağına çıxmaqla manevr qaydasını pozaraq qarşıdan sola dönən “Mercedes” markalı, **-EX-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, sürücü nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini istifadə etsə də hadisə onun ehtiyatsızlığı nəticəsində baş verməmişdir. Belə ki, 18 illik təcrübəsində indiyədək nəqliyyat hadisəsi baş verməmişdir. Sürücülük hüququnun məhdudlaşdırılması əlillik dərəcəsinə görə olmuşdur. O, xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə edən zaman qarşısında hərəkət edən “Mercedes” markalı, **-EX-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü ötmə işığını yandırmadan sola çıxmışdır. O, bu anda əyləcdən istifadə etsə də baş vermiş hadisənin qarşısını ala bilməmişdir. Sürücülük hüququ olmadan hadisəni törətdiyi üçün zərəçəkmişə dəfələrlə ona dəymiş zərəri ödəməyə hazır olduğunu bildirdiyini qeyd edmişdir. Toqquşma zamanı xəsarət almamışdır. Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Masazır-Novxanı yolu küçəsində olan yol nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində baş vermişdir. Belə ki, o, etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı, **-EX-*** qeydiyyat nişanlı avtomobillə Novxanı kəndi istiqamətində hərkətdə olarkən sol zolaqda hərəkət edib, sola dönmək üçün sola dönmə işığını yandırıb, qırıqqırıq xəttdən sola dönərkən onunla eyni istiqamətdə arxan gələn “KHAZAR LX” minik markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobil qarşı yola çıxaraq, sol hissədən onu vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Şəxs hadisə olan vaxtdan ona dəymiş zərəri qarşılamağı söz versə də, ona vurulmuş zərər ödənilməmişdir. Məhkəmə iclasında müdafiəçi Niyaz Talıbov hüquqlarını müdafiə etdiyi Şəxs barəsində qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və tərtib edilmiş sxemdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:00-da Şəxs Masazır-Novxanı yolunda “KHAZAR LX” minik markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobili hərəkətdə olan zaman idarəetməni itirərək, qarşıdan sola dönən “Mercedes” markalı, **-EX-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. - xx.xx.2024-cü il tarixli arayışa əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar Şəxs yazılı izahat verilməsi təklif olunduqda o, hadisə ilə bağlı yazılı izahat verməyəcəyini bildirdi. - Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs qeyd olunan inzibati xətanı törədən zaman sərxoşluq faktları aşkar olunmamışdır. - “Azemis” Elektron İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs evlidir, himayəsində xx.xx.2014-cu il təvəllüdlü Dəniz Abdullazadə, xx.xx.2015-ci il təvəllüdlü Adəm Abdullayev və xx.xx.2021-ci il təvəllüdlü Həvva Abdullazadə adlı övladları var. - Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir. (İİ qrup əlildir). Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, inzibati xəta hadisəsi nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmiş Şəxs tərəfindən törətdiyindən o, İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Digər tərəfdən isə qeyd edilməlidir ki, Şəxs tərəfindən törədilməsi ehtimal edilən İXM-in 327.2-ci maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılmamalıdır. Həmin maddə ilə nəzərdə tutulmuş əmələ inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən müvafiq araşdırmanın nəticəsi olaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 32-ci maddəsinə əsasən Şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (2-ci qrup) əlilliyinin olmasını və himayəsində azyaşlı uşaqlarının olması onun yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti ağırlaşdıran halların aşkar edilməməsini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi sonuncunun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan xətaya isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Abşeron rayon Polis İdarəsi Dövlət X8 həvalə olunmalıdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 cəmi 30 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Abşeron rayon Polis İdarəsi Dövlət X8 həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 cəmi 30 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1130/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1130/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver