Məhkəmə qərarları › İş №3(012)-1140/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1140/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1140/2022 14.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis leytenantı X1, inzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun Vəkil iştirakı ilə, xx.xx.1974-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın şəhəri, N.Nərimanov küçəsi, ev 59-da qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 206, 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin müayinə zamanı onun narkotik vasitələrin aludəçisi olması müəyyən edilmişdir. Bununla da, Şəxs barəsində 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və Azərbaycan Respublikası İXMnin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokollar tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron RPİ-nin polis əməkdaşı Elmir Mirizadə tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində özünü şübhəli aparması ilə əlaqədar Pİ-nə dəvət edilərkən, Abşeron rayon Pİ-nə getməkdən imtina etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin müayinə zamanı onun narkotik vasitələrin aludəçisi olması müəyyən edilmişdir. Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 206, 535.1-ci maddələri ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Abşeron rayon Pİin əməkdaşları ona yaxınlaşaraq, onu polis idarəsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarına polis idarəsinə getməyəcəyini bildirmişdir. Narkotik vasitə istifadə edir. Pİ-si onu müayinəyə göndərilmiş, müayinə zamanı onun sidiyində narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin əməliyyat müvəkkili X3 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində, Abşeron rayonu, Xırdalan şəhərində, Qalubiyyə küçəsində 1 nəfər şəxsin özünü şübhəli apardığını aşkar etmiş və ona yaxınlaşaraq özünü təqdim edib, ondan özünü təqdim etməsinin istəyəndə onunla mübahisə etməyə başlamış, Pİ-nə dəvət edildikdə imtina etmişdir. Həmin şəxsi tabesizlik göstərdiyi üçün Abşeron RPİ-yə gətirilmişdir. Bundan sonra idarənin rəhbərliyinə raportla müraciət edərək onun barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. İdarədə onun şəxsiyyəti yoxlanılaraq Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3791 saylı rəyindən görünür ki, Şəxs narkoloji – tibbi müayinəsi zamanı aşağıdakı nəticələrə gəlinmişdir: Şəxs ekspres-test üsulu ilə müayinəsi nəticəsində onda götürülmüş sidik nümunəsində OPİ(+), MOP(+), MTD(+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İnizbati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:20-də inzibati qaydada tutulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 206, 535.1-ci maddələrinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in İTŞ-nə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206, 535.1-ci maddələri ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə İXM-in 206-cı madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs İXM-in 206-cı madddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 23:20-dən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, qərarın icrasına nəzarət isə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar