Məhkəmə qərarları › İş №3(012)-1144/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1144/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1144/2024 27.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi Qarayev Cavid Nazim oğlunun katibliyi Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Bakı şəhər X9 İdarəsinin TP ******* saylı, 13 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X3 DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 tərəfindən şikayət onunla əsalandırılmışdır ki, 04 mart 2024-cü ildə saat 07:45 radələrində, "xxxx" MMC-nin balansında olan **-AV-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtomobil Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsində tam olaraq bir tərəfli hərəkətdə olarkən xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat 4 balla cərimə olunmuşdur. Həmin protokolun qərarı protokol tərtib olunduqdan təxminən 1 ay sonra qəbul olunmuşdur. Həmin avtomobil hüquqi şəxsə məxsus olduğu üçün avtomobilin kim tərəfindən idarə olunması və ya kimin istifadəsində olmağı ilə bağlı həç bir bildiriş və sorğu göndərmədən tərtib olunmuş protokol birbaşa hüquqi şəxsin təsisçisi kimi deyil, fiziki şəxs olaraq X2 ünvanına yazılmışdır. Eyni zamanda hadisə ilə bağlı dəfələrlə sorğu və yazılı müraciətlər edilməsinə baxmayaraq heç bir video və ya foto görüntü elektron kabinetə yerləşdirilməmişdir. Lakin DYP əməkdaşı MMC-ə sorğu göndərməli MMC-öz növbəsində hüquqi şəxs olaraq sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokol həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verməli idi. Odur ki, protokolun və çıxarılmış qərarın tərtibat ardıcılığı kobud şəkildə pozulmuşdur. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron RPİ X10 şöbəsinin nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 İXP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 manat məbləğində inzibati cərimə edilmişdir. 02 may 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- 150 məbləğində cərimə müəyyən olunmuşdur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə İXM-nin 327.4-cü maddəsi ilə təqsirləndirilən X3 barəsində qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən yetərli sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, orqan tərəfindən qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə heç bir bildiriş göndərilməmiş, hüquqi şəxsin balansında olan avtomobilin kimin istifadəsində olması ilə bağlı sorğu verilməmiş və sorğunun cavabı alınmadan, həmçinin şəxsin iştirakı təmin olunmamış və onun iştirakı olmadan barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin polis mayoru X1 xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin polis mayoru X1 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar