Məhkəmə qərarları › İş №3(012)-1148/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1148/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1148/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "PALLADİUM DEFENCE AND SECURİTY SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan EP 02550778 nömrəli, 02 may 2025-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən "PALLADİUM DEFENCE AND SECURİTY SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyəti 2337500.00 Rusiya Rublu məbləğindəki vəsait 10 aprel 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 02 il müddətində 2337500.00 Rusiya Rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və barəsində inzibati icraat aparılan hüquqi şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında tərəflərin nümayəndələri iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə2 elektron məhkəmə vasitəsi ilə sənədlər ünvanlayaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. "xxxx" VTB tərəfindən 10 mart 2023-cü il tarixdə verilmiş ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 2337500.00 Rusiya Rublu məbləğində pul vəsaiti həmin tarixdə "xxxx" VTB ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür;

2. «Bank VTB (Azərbaycan)» ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 01 aprel 2025-ci il tarixli, KB-162/2-78/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarınln tələbi olaraq idxal olunan mal və ya xidmətlər üzrə qabaqcadan ödəniş aparıdığı gündən 02 il müddətində mal və ya xidmətin idxalını təsdiq edən sənədlər Banka təqdim edilməmişdir;

3. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin aparıcı hüquq məsləhətçiisi X2 tərəfindən tərtib edilmiş 02 may 2025-ci il tarixli, EP 02550778 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2337500.00 Rusiya Rublu məbləğində vəsaiti 10 aprel 2023-cü il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 2337500.00 Rusiya Rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır;

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxs MMC arasında bağlanmış 05 may 2022-cü il tarixli məxfi müqavilədən və malın gəlməsini təsdiq edən digər sənədlərdən görünür ki, ödəniş tapşırığında göstərilən məbləğdə pulun xaricə köçürüldüyü vaxtdan 2 (iki) il müddət keçməmiş həmin məbləğ hesabına alınan malları ölkəyə idxal edilmişdir.

Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş "xxxx" MMC barəsində EP 02550778 nömrəli, 02 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arasında bağlanmış məxfi müqaviləyə əsasən "xxxx" SC şirkətinin hesabına köçürülmüş vəsait tam olaraq MMC-nin hesabına geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məqsədləri üçün idxal edilən mallar, müdafiə və milli təhlükəsizlik ehtiyacları ilə əlaqəli olduğundan, həmçinin bu mallara dair gömrük bəyannamələri və ya idxal sənədləri dövlət sirri kimi qorunduğundan qeyd olunan sübutlar "xxxx" MMC tərəfindən banka təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə, hazırkı iş üzrə MMC-nin hərəkətlərində inzibati xəta tərkibinin mövcud olmadığı qənaətinə gələrək, iş üzrə icraata xitam verilməsini doğru və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43 , 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar