Məhkəmə qərarları › İş №3(012)-1149/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1149/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1149/2024 27.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib edən: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən mənzildə kirayədə yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 2(012)-1770/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs borca görə 4950 manat, ödənilmiş dövlət rüsumuna görə 50 mnat pul vəsaiti olmaqla cəmi 5000 manat pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs oğuna verilməsi qərara alınmışdır. Sözügedən icra vərəqəsi xx.xx.2022-ci il tarixdə icra şöbəsinə daxil olmuş, ”icraata başlamaq haqqında” qərar qəbul edilərək, icra hərəkətləri yerinə yetirilmişdir. Borclu hazırki vaxtadək icra vərəqi üzrə borcundan bu gün 100 manat ödəməklə, cəmi 500 manat pul ödəmişdir. Onun hazırda icra qeydi üzrə 4500 manat borcu vardır. Tələbkar borcun tam ödənilməsini tələb etmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən borclunun barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, tələbkara olan borcunu ödəməkdən imtina etmir, lakin uzun müddət işləmədiyi üçün sonuncuya olan borcundan ödənişlər edə bilməmişdir. Sonuncu dəfə bu gün borcdan 100 manat ödəniş etmişdir. Hazırda 4500 manat borcu qalmışdır. Yaranmış borcunu birdəfəyə ödəməyə imkanı olmasa da vaxt verilərsə qalan borcu bir neçə aya tam ödəyə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Abşeron rayon məhkəməsinin 2(012)-1770/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs borca görə 4950 manat, ödənilmiş dövlət rüsumuna görə 50 mnat pul vəsaiti olmaqla cəmi 5000 manat pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs oğuna verilməsi qərara alınmışdır İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-544/2023 saylı qərardada əsasən xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu Şəxs borc məbləği ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixli tələbkar Zərərçəkmiş şəxs tərəfindən Abşeron rayon İcra və Probasiya Şöbsinə ünvanlanmış ərizəyə əsasən Şəxs borcunu tam şəkildə ödəməsini tələb etmiş əks halda inzibati məsuliyyətə cəlb olunması üçün tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq icra sənədi üzrə göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini inzibati məsuliyyəti yüngülləşdirən hal olaraq müəyyən edərək, əməldə ağırlaşdırıcı hallar olmadığı qənaətinə gəlmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar