Məhkəmə qərarları › İş №3(012)-115/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-115/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-115/2025 07.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X5 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polsi sahə rəisi, polis kapitanı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş 06 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polsi sahə rəisi, polis kapitanı X8 izahat verərək bildirdi ki, 05 yanvar 2025-ci il tarixdə, saat 23:50 radələrində Abşeron rayonu, Masazır kəndi, H.Əliyev küçəsində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmış, 06 yanvar 2025-ci il tarixdə həkim müayinəsindən keçirilərkən sidik nümunəsindən MOP(+), MET(+), THC(+), PEB(+) aşkar olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin Abbasov məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, o, 05 yanvar 2025-ci il tarixdə, saat 23:50 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində olarkən 1 nəfər mülkü geyimli şəxsin ona yaxınlaşaraq, özünü polis əməkdaşı kimi təqdim edərək, DİN-nin “102” Xidmətinə zəng etdikdən sonra daha 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar və özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və onu polis bölməsinə dəvət etmişlər. O, edilmiş təklifə etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmiş, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. İlk olaraq ona hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü vasitəsi ilə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulduqda o, könüllü olaraq üzərində olan 1 ədəd “İphone 5S” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonları təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. O, könüllü olaraq 01 il müddətdən artıq müddət olar ki, psixotrop maddə olan metafetamindən istifadə etməsini könüllü olaraq etiraf etmişdir. Əməlindən peşman olmasını və atasının İ Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3 izahatında göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı vəzifəsində çalışır. O, 05 yanvar 2025-ci il tarixdə DİN-nin “102” Xidmətinə zəng edərək, yaşadığı binanın qarşısında narkotik vasitə olan şəxsi tutub saxladığını bildirmişdir. Bundan sonra Abşeron RPİnin polis əməkdaşları X4 və X6 onun qeyd etdiyi ünvana gələrək, Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və onu polis bölməsinə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. “Şübhəli şəxsin tutulması” haqqında 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 00:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

2. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 06 yanvar 2025-ci il tarixli, 09 №-li rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkamaniya xəstəliyi) aşkar olunur. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

3. “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Abşeron RPİ CAŞ-nin əməkdaşlarının raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;

4. “İnzibati xəta haqqında” 06 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 05 yanvar 2025-ci il tarixdə, saat 23;50 radələrində Abşeron rayonu, Masazır kəndi, H.Əliyev küçəsində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmış, 06 yanvar 2025-ci il tarixdə həkim müayinəsindən keçirilərkən sidik nümunəsindən MOP(+), MET(+), THC(+), PEB(+) aşkar olunmuşdur.

5. “İnzibati qaydada tutma haqqında” 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 05 yanvar 2025-ci il tarixdə, saat 23:50-dən məhdudlaşdırılmışdır.

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan Məcəllənin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Beləliklə, məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin barəsində inzibati icraat aparılan şəxsin narkamaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə

Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni, 05 yanvar 2025-ci il tarixdən, saat 23:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, bu tədbir inzibati həbs çəkilib qurtardıqdan sonra icra olunsun. Məcburi müalicənin icrasına nəzarət Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar