Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1160/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X4” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında “X4” MMC-yə məxsus müəssisə tərəfindən xx.xx.2025-ci il tarixədək ətraf müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə etdi və əlavə olaraq bildirdi ki, müəssisəyə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə məktub göndərilmiş, həmçinin müəssisənin əməkdaşı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq məlumat verilmişdir. Lakin müəssisə tərəfindən qeyd olunan statistik hesabatlar təqdim edilməmişdir. Odur ki, müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X4” MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, şirkət tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsinin dispoziyasında uçot və hesabatın bu və ya digər qaydada hansısa orqana təqdim olunması öhdəliyi ehtiva edilmir. Belə ki, şirkət tərəfindən statistik hesabatlar vaxtaşırı olaraq Dövlət Statistika Komitəsinə təqdim edilir. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılması şirkət tərəfindən vaxtaşırı və davamlı şəkildə həyata keçirilməkdədir, lakin uçot və hesabatın təqdim edilməsi nüans qanunvericilikdə nəzərdə tutulmadığından təqdim olunmamışdır. Uçot və hesabatın nəinki inzibati xətaya səbəb olmaması məqsədi, həmçinin müəssisənin işinin düzgün təşkili və ilbəil həmin uçot və hesabatlar əsasında aparılan müqayisəli təhlillərlə ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin daim müəyyən hədlər daxilində saxlamaq, ətraf mühitə vurulan zərərli təsiri minimallaşdırmaq və”sağlam ətraf mühit” ideyasına töhfə vermək məqsədi daşıyır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 29 oktyabr 2024-cü il tarixdə müəssisəyə məktub göndərilmiş və məktuba uyğun olaraq statisik hesabatların razılaşdırılması üçün idarəyə əməkdaşı göndərmək üçün məlumat verilmişdir. Lakin idarə tərəfindən hesabatların razılaşdırılması üçün əməkdaşı müəssisəyə gəlməmişdir. İdarə daxilində baş vermiş anlaşılmazlıq nəticəsində hesbatın təqdim edilməsi mümkün olmamışdır.Odur ki, barələrində tərtib edilmiş protokola inzibati xəta tərkibi olmadığından xitam verilməsi xahiş edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokldan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında “X4” MMC-yə məxsus müəssisə tərəfindən xx.xx.2025-ci il tarixədək ətraf müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 89666 saylı aktından görünür ki, müəssisələr tərəfindən ətraf mühitə atılan, axıdılan, basdırılan tullantıların dəqiq uçot hesabatı aparılmalı, hər ilin sonunda 2 TG-(hava), 2TG- (təhlükəli tullantı) və 2 TG-(su təsərrüfatı) dövlət statistik hesabatları İdarə ilə razılaşdırılmalı, ətraf mühitə atılan tullantılara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş “Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları”na və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilərdə daxil olmaqla) dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödəniş haqqlarını “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməlidir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, MMC-yə xx.xx.2024-cü il tarixli 3-14-43/2-1239/2024 nömrəli xəbərdarlıq məktubu göndərilsə də bu istiqamətdə heç bir iş görülməmiş və məktuba cavab verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 239-cu maddəsinə əsasən traf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “X4” MMC tərəfindən 2024-cü ildə aylar üzrə təqdim edilməli olan ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatlar qanunvericiliklə müəyyən edilmiş vaxtda aparılmamış və təqdim edilməmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsindən görünür ki, ətraf mühitin monitorinqi- təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsidir. 18-ci maddəsindən görünür ki, 1. Hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar.
2. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır.
3. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına (“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 173 №li Fərmanın 2.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi), onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin atmosfer havasına zərərli təsirin uçotu sahəsindəki vəzifələri aşağıdakılardır: 8.1 – tabeliyində olan müəssisə, idarə və təşkilatlarda atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirin ilkin uçotunu müəyyən edilmiş qaydada aparır və bu uçotun düzgünlüyünü və vaxtında təhvil verilməsini təmin edirlər. 8.2 – Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış, Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş qaydada və müddətdə, atmosfer havasına atılan zərərli maddələrin tərkibini və onların miqdarını, eyni zamanda atmosfer havasına göstərilən zərərli fiziki təsirin növlərini və miqyasını müəyyən edirlər. Energetika və ətraf mühitin statistikasından görünür ki, 4-ətraf mühit №-li (ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərə və ödənişlərə dair) illik hesabatlat fevralın 25dək; 1-təbiəti mühafizə №-li forma (ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə dövlət nəzarəti haqqında) illik hesabatlar yanvarın 9-dək; 2- TG (tullantılar) №-li forma (təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair) illik hesabatlar yanvar ayının 25-dək təqdim edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X4” MMCnin nümayəndəsi Nümayəndə izahatına münasibətdə hesab edir ki, nümayəndə tərəfindən qeyd edilən hallar əsassızdır və yuxarıda göstərilən müddəalarla uyğunluq təşkil etmir. Nümayəndənin məhkəmə iclasında “statistik hesabatlar vaxtaşırı olaraq tərtib edildiyi və qanunla nəzərdə tutulmuş qaydada Dövlət Statistika Komitəsinə təqdim edilməsi ilə bağlı izahatına münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan hesabatlar yuxarıda göstərilən qanuna əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmalıdır. Bundan başqa məhkəmə iclasında verilmiş suallara cavab olaraq Nümayəndə şirkətin təxminən 10 ilə yaxın müddətdir ki, fəaliyyətdə olduğunu və həmin müddət ərzində hesabatların təqdim edilməsində 2024-cü il tarixədək heç bir problemin yaşanmadığı ilə bağlı izahatına münasibət bildirərək hesab edir ki, müəssisənin artıq uzun müddətdir qeyd olunan hesabatların hansı formada, hansı orqana təqdim edilməsi ilə bağlı məlumatı vardır, odur ki,məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi vardır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.
Hakim: Firuzə Kərimova