Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1169/2024 28.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs MMC-in Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron – Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 2-ci Quşçuluq yaşayış massivi, ev 94, mənzil 14 olan Şəxs MMC tərəfindən X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb olunmasına baxmayaraq, peşəkarlıq səviyyəsi qane etmədiyindən onunla əmək müqaviləsi bağlanılmamış və elektron informasiya sisteminə daxil edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 tərtib edilmiş protokola etiraz edərək, izahatında göstərmişdir ki, X4 xx.xx.2024 tarixində müəssisə ilə əməkdaşlığa başlamış, əmək müqaviləsi şifahi şəkildə bağlanmış lakin, asan imza ilə bağlı bir sıra problemler olduğundan qarşı tərəfə də bildirilərək, ƏMAS elektron sistemində qeydiyyata alına bilməmiş, problem yalnız xx.xx.2024 tarixində həll olunmuş və xx.xx.2024 tarixinə (geri tarixə) sistemə daxil oluna bilmişdir. Qeyd olunan şəxslə bağlı xx.xx.2024 tarixindən etibarən əməkdaşlıq müddətində bütün ödənişlər rəsmi olaraq bank vasitəsi ilə hesabdan karta köçürmə yolu ilə edilmiş, həmçinin əlavə bonuslar və mükafatlar da şəxsin əməkhaqqı kartına köçürmə yolu ilə ödənilmişdir. Mart ayı boyunca müəssisədə satışın zəif olması və əməkdaşların ödənişlərinin ödənilməsində müvafiq çətinliklərin yaranması, həmçinin müəssisədə əlavə işçilərin iş yükünün tamamən azalması səbəbindən işçilərin ixtisarına qərar verilmişdir. X1 ştatı ləğv olunmuş bununla bağlı özünə məlumat verilmiş, həmçinin kompensasiyası tərəflərindən bank hesabına ödənilmişdir. Əməkdaşın işlədiyi müddət ərzində istifadə edilməmiş 5 məzuniyyət günü olmuşdur. Bunun üçündə əməkdaşa 194.44 AZN son haqq hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) ödənilmişdir. Bundan əlavə olaraq Əmək məcəlləsinin 70.b, 77.1,77.3,77.4 maddələrini rəhbər tutaraq qeyd olunan şəxsə orta aylıq əməkhaqqı məbləğində işdən çıxma müavinəti (1000 AZN), xəbərdarlıq müddətinin ötürülməsi ilə bağlı isə orta aylıq əməkhaqqının 0.5 misli məbləğində (500 AZN) kompensasiya ödənilmişdir. Əməkdaşa qarşı tərəfimizdən hər hansı hüquq pozma olmamışdır. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və protokol tərtib etmiş qurumun nümayəndəsi işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən Şəxs MMC-də əmək fəaliyyətinə cəlb edilmiş, onun adına əmək müqaviləsi rəsmiləşdirilməmişdir. - Ödəniş cədvəlindən görünür ki, Şəxs MMC tərəfindən X2 194.44 AZN son haqq hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya), orta aylıq əməkhaqqı məbləğində işdən çıxma müavinəti (1000 AZN), xəbərdarlıq müddətinin ötürülməsi ilə bağlı isə orta aylıq əməkhaqqının 0.5 misli məbləğində (500 AZN) kompensasiya ödənilmişdir; - Əmək Müfəttişliyi Xidmətinin Abşeron – Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron – Xızı regional şöbəsinə daxil olmuş müraciətə şöbəsində baxılmış və Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinin pozularaq X1 Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. - xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı ünvan 2da yerləşən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xidmətə cəlb olunmuş, peşəkarlıq səviyyəsi qane etmədiyindən onunla əmək müqaviləsi bağlanılmamış və elektron informasiya sisteminə daxil edilməmişdir. Bu fakt, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron –Xızı regional şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında "əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Baxılan işə münasibətdə məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs MMC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1 -ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 1 -ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1 -ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 44-cü maddəsinin 1 -ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1 -2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitamverilməsibununla bağlı elektron nformasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsiilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxiledilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1 -2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Əmək münasibətlərinin yaranması əsasları, bunun üçün mühüm şərtlər qanunvericilikdə konkret olaraq müəyyən edildiyindən, ondan kənar yaranmış münasibətlər, işçinin əmək müqaviləsi bağlanılmadan və elektron informasiya sisteminə daxil edilmədən, peşəkarlıq səviyyəsinin müəyyən olunmasınadək işə cəlb edilməsi, artıq həmin tələblərin pozulması deməkdir ki, bunun üçün də məsuliyyətin müvafiq növləri müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İxM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş hüquqi şəxsin barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin hüquqi şəxsi (müvafiq vəzifəli şəxslərinə münasibətdə) qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1169/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1169/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver