Məhkəmə qərarları › İş №3(012)-1182/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1182/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1182/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Abşeron RPİ-nin İTŞ-nın polis sahə rəisi, polis baş leytenantı Yüzbaşiyev Emil Vaqif oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Laçın rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinəkeçən gecə Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında saxlağıdı Mercedes markalı avtomobilin hər iki yan güzgüsünü oğurlamaqla 400 manat maddi ziyan vurmuşdur. Abşeron RPİ-nin İTŞ-nın polis sahə rəisi, polis baş leytenantı Yüzbaşiyev Emil Vaqif oğlu izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə şəxsiyyəti təhqiqata sonradan məlum olan Şəxs tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksindəki binanın qarşısındakı dayanmış və Zərərçəkmiş şəxs məxsus olan avtomobilin 400 manat dəyərində olan hər iki yan güzgüləri gizli yolla talanmışdır. Ona görə də, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, inzibati xəta üzrə özünü təqsirli bilir, pula ehtiyacı olduğu üçün Masazır kəndi “Qurtuluş 93” yaşayış kompleksindəki binanın qarşısında dayanmış avtomobilin hər iki yan güzgülərini oğurlamışdır. Bundan başqa etdiyi əməldən peşman olduğunu və tərəfindən bir daha belə halların baş verməyəcəyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin inzibati xəta üzrə özünü təqsirli bildiyini əsas gətirərək barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xəta üzrə özünü təqsirli bilməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:30-dan hesablanmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə ona dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar