Məhkəmə qərarları › İş №3(012)-1183/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1183/2022

05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1183/2022 05.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X3 iştirakı ilə X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 04 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi şöbəsi tərəfindən qəbul edilmiş 04 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən X4 Abşeron rayonu, Mehdiabad qəsəbəsində mühafizəsində olan 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatını korladığından və torpağın təyinatını dəyişdirərək tikinti işləri apardığından İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan X8 şikayət verərək qərarın ləğv edilməsini, onun əməlində İXM-nin 244.2-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsinin müdiri vəzifəsini icra edən X9 tərəfindən 04 iyul 2022-ci il tarixdə MN seriyalı ******* nömrəli, 04 iyul 2022-ci il tarixli qərarı ilə o, X8 Azərbaycan Respublikasının İnzibai Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Adı çəkilən qərarda göstərilmişdir ki, o, kənd təsərrüfatı təyinatlı torpaqda tikinti aparıldığı üçün torpağın münbit qatı pozulmuş və bu səbəbdən yol verilmiş inzibati hüququ pozuntusuna görə inzibati qaydada cərimə olunmuşdur. Həmin hüququ pozuntusu 10 ilə yaxın müddət əvvəl baş vermişdir. Odur ki, inzibati qaydada cərimə olunması üçün İXM-nin 38- ci maddəsində inzibati məsuliyyətə cəlbetmə üçün nəzərdə tutulmuş 1 il müddət buraxıldığı üçün qərar qanunsuz və əsassızdır və bu səbəbdən həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir, Həmin qərarın surətin xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə əldə etmişdir. Aşağıda, göstərilən halları və qanunvericiliyin müvafiq müdəalarını rəhbər tutaraq hesab edir ki, qərar qanunsuz və ədalətsizdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. O, 2013-ci ilin fevral ayında Mehdiabad Bələdiyyəsindən 0.05 ha torpaq sahəsini hərrac protokolu əsasında almışdır. Həmin torpaq sahəsində 2013-cü ilin yay aylarında tikinti və müəyyən təmir işləri apararaq fərdi istifadə üçün ev tikmişdir. 2013-cü il tarixdən indiyədək heç bir əlavə tikinti və təmir işləri aparılmamışdır. Qərarda qeyd olunan inzibati hüquq pozuntusu 2013-cü ildə baş verdiyindən qanuni və hüquqi əsaslarla inzibati qaydada məsuliyyətə cəlb olunma müddəti buraxılmışdır. Bu səbəbdən hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Belə olan halda, onun əməlində inzibati xəta hadisəsi yoxdur və başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X6 protokolla eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində monitorinq keçirilmiş, monitorinq zamanı həmin ərazidə X8 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qazıntı və tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkillərdən və aktdan da torpaq sahəsində qazıntı işlərinin aparılması, torpaq sahəsi üzərində daşdan tikilmiş tikilinin olması görünür. İnzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 qəsəbəsi ərazisində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatını korladığından və torpağın təyinatını dəyişdirərək tikinti işləri apardığından, bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X2 Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: • məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: - kənd təsərrüfatı təyinatlı torpaqlar; - yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; - sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; - xüsusi qorunan ərazilərin torpaqları; - meşə fondu torpaqları; - su fondu torpaqları; - ehtiyat fondu torpaqları (9-cu maddənin 2-ci hissəsi); • torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir (10-cu maddənin 3-cü hissəsi); • torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır (12-ci maddənin 1-ci hissəsi); • kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar (13-cü maddənin 2-ci hissəsi). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə görə qurğu - müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis kommunikasiya təminatı sistemləri və sairə), müvəqqəti tikili isə torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili hesab edilir (3.0.12 və 3.0.16-cı maddələr). İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə inzibati məsuliyyət müəyyən edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X8 paylı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad kəndində yerləşən 0,05 ha torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaqlar kateqoriyasına aiddir. Qanunvericiliyin tələblərinə görə bu qəbildən olan torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Anbarlar, evlər və sair kimi əsaslı tikililərin isə inşa edilməsi qanunvericiliyin tələblərinə ziddir və torpağın təyinatı üzrə istifadə edilməməsi kimi son nəticədə onun münbit qatının korlanmasına səbəb olur. X8 isə mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsində qazıntı işlərinin aparması, əsaslı tikili tikərək torpağın təyinatını dəyişdirməsi və torpağın münbit qatını korlaması iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapır. X8 şikayətində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində kənd təsərrüfatı təyinatlı ilə tikili tikildiyini bildirsə də, məhkəmə hesab edir ki, onun tərəfindən inşa edilmiş tikili tikinti norma və qaydalarına uyğun şəkildə tikilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də müəyyən olunur ki, həmin tikili daşdan tikilmişdir ki, bu cür tikilini müvəqqəti tikili hesab etmək olmaz. Çünki, həmin tikili qısa müddətdə istifadə üçün nəzərdə tutulan və asanlıqla quraşdırılıb-sökülə bilən tikili deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən X8 barəsində qəbul edilmiş 04 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Həmçinin həmin qərarla xəta törətmiş şəxs İXM-nin 244.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Göstərilən Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən X8 barəsində qəbul edilmiş 04 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar