Məhkəmə qərarları › İş №3(012)-1183/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1183/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1183/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xıdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin Qobu PB-nin sahə rəisi polis mayoru X1 iştirakı ilə, xx.xx.1995-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞnin Qobu PB-nin sahə rəisi, mayoru X3 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞnin Qobu PB-nin sahə rəisi, mayoru X3 bildirdi ki, Şəxs 15 may 2025-ci il taixdə BDYPİ-nin 3-cü tağımının əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Belə ki, şəxs avtomobilin 10000 manata yaxın cərimə borcunun olmasına və üzərinə həbss qoyulmasına baxmayaraq, həmçinin özünün mülkiyyət sənədinin və etibarnaməsinin olmamasına baxmayaraq açarlarını təqdim etməkdən imtina etmişdir. Hətta post patrul xidməti çağırılanda qaçmağa cəhd etmişdir. Odur ki, onun barəsində qanuna müvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etmədi və izahat verərək bildirdi ki, o, şəhid ailəsidir. Qardaşı şəhiddir.Qardaşı onunla ata bir ana ayrı olmaqla qohumdur. Qeyd olunan tarixdə polis əməkdaşları onu saxlamışdır. O maşını aldığını bildirsə də sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Polis əməkdaşlarına qazi olduğunu bildirsə də qazi olmadığı müəyyən edilmişdir. Bəli, dorudan da polisin qanuni tələbinə tabe olmamışdır. Özünü qazi adlandırmağına da peşmandır. Bundan başqa himayəsində azyaşlı övladının olduğunu, övladının xəstə olduğunu, əməlindən peşman olduğunu bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru polis serjantı X5 izahatında göstərdi ki, qeyd olunan tarixdə avtomobilin 9000 manat cəriməsi olduğu və üzərində həbs olduğu üçün onun tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşmış və sənədləri yoxlamaq üçün postun inzibati binasına dəvət etmişlər. Bu zaman sürücü özünün qazi olduğunu və şəhid ailəsi olduğunu bildirmişdir. Qanunun tələbinə əsasən sürücüdən ad soyadı soruşulmuş o isə cavab verməkdən imtina etmişdir. Sürücü qanunsuz hərəkətlərə yol verdiyi üçün hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı taqım komandiri X4 çağırmışdır. Taqım komandiri gəldikdən sonra da dəfələrlə o nizam-intizama dəvət edilsə də sürücü qanuni tələblərə riayət etməmişdir. Avtomobili duracağa təmin etmək məqsədi ilə sürücüdən avtomobilin açarını təqdim etməsi xahiş edilsə də sürücü avtomobili verməkdən imtina etmişdir. Bu zaman o digər polis əməkdaşlarının köməyi ilə avtomobili işə salmadan fiziki güc vasitəsilə itələyərək duracağa yerləşdirmişdir. Avtomobil duracağa yerləşdirildikdən sonra sürücü yenə qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan sonra o avtomobilin təkərlərini, kalonkalarını sökmək istədiyini bildirsə də sürücüyə avtomobilin onun adına olmadığı və avtomobil üzərində heç bir mülkiyyət hüququ olmadığı bildirilmişdir. Lakin sürücü yenə şəhid ailəsi olduğunu, ona qarşı hörmətsizlik edildiyini bildirmişdir. Bu zaman hadisə yerinə post-patrul xidməti əməkdaşlarını çağırmaq üçün zəng etmişdirlər. Sürücü bunu eşidən kimi hadisə yerindən yayınmaq məqsədi ilə duracaqdan qaçmışdır. Sürücü qaçarkən tutulmuş və postun inzibati binasına gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı taqım komandiri X6 digər şahid X2 izahatına oxşar, eyni məzmunlu ifadə vermiş və əlavə olaraq hadisənin bütün anlarını videogörüntüyə alındığını bildirmişdir. Müdafiəçisi Xıdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını, şəhid ailəsi olduğunu bildirərək onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “inzibati qaydada tutma” haqqında 15 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 15 may 2025-ci il tarixdə saat 18:00 dəqiqədə inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarını və şahidin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü madəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarında olan videodiskdə olan görüntülər məhkəmə icraatı zamanı tərəflərin iştirakı ilə baxılmış və şəxs BDYPİ 3-cü tağımının əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması halının aşkar görüntülərinin mövcud olması təsdiq edilmişdir. Şahidlərin ifadəsi hadisənin obyektiv mənzərəsini formalaşdırır və iş üzrə təqdim olunan videoçəkiliş və protokollarla da uyğunluq təşkil edir. Şahidlərin, yəni hadisə yerində olan polis əməkdaşlarıının verdiyi izahat şəxsin dediklərini təkzib edir və protokollarda göstərilən faktları təsdiqləyir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, şəxs hərəkətləri ictimai asayişin və hüquqmühafizə orqanlarının nüfuzunun pozulmasına yönəlmiş, onun törətdiyi inzibati xətaların obyektiv və subyektiv tərkib əlamətləri tam sübuta yetirilmişdir Şəxsin ilk dəfə bu xarakterli inzibati xəta törətməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirmək olmaz, belə ki, şəxs hərəkətinin qanunsuzluğunu tam olaraq etiraf etməmiş, məsuliyyətdən yayınmağa yönəlmiş izahatlar vermiş, baş verən hadisədə günahı əsasən polis əməkdaşlarının üzərinə atmağa çalışmış, bu isə onun əməlindən peşman olduğunu göstərmir. Sadəcə olaraq əməlindən peşman olduğunu bildirmək, yaxud xətanın formal olaraq ilk dəfə törədilməsi faktı inzibati xətanın cəmiyyət üçün doğurduğu təhlükənin səviyyəsini azaltmır və təyin olunacaq yüngül inzibati tənbeh növünün seçilməsi üçün yetərli əsas deyil. Eyni zamanda iş üzrə şəxsin vəziyyətini obyektiv şəkildə yüngülləşdirən hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa şəxs özünü vətən müharibəsi iştirkaçısı kimi təqdim etmiş, ümumiyyətlə məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə hadisə yerindən qaçmağa da cəhd etmişdir. Təcrübədə daima qeyd olunduğu kimi, ictimai yerlərdə nalayiq ifadələrin işlədilməsi və polis əməkdaşlarının qanuni tələblərinə qarşı çıxmaq dövlətin hüquq-mühafizə orqanlarına olan inam və hörmətin zədələnməsinə səbəb olur və bu hallara qarşı ciddi tədbirlərin görülməsi zəruridir. Şəxsin polis əməkdaşlarına qarşı aqresivliyi və müqaviməti, polisin fəaliyyətinə etinasız və qarşıdurma xarakterli münasibətin əlaməti kimi qiymətləndirilməli və cəzanın sərtləşdirilməsini zəruri edən hal kimi dəyərləndirilməlidir. İnzibati məsuliyyət yalnız törədilmiş əmələ görə cəzalandırma funksiyası daşımır, eyni zamanda gələcəkdə belə əməllərin qarşısını almaq məqsədi daşıyan tərbiyəedici və çəkindirici tədbirdir. İnzibati xəta törədən şəxsə qarşı adekvat olmayan yüngül tənbeh – xüsusilə cərimə – tədbirinin tətbiqi bu cür pozuntuların təkrar baş verməsinə və cəmiyyətdə arzuolunmaz presedentlərin yaranmasına səbəb ola bilər. Belə hallarda isə cəzanın fərdiləşdirilməsi prinsipinə əməl olunmaqla, inzibati həbs kimi daha sərt tədbirin tətbiqi həm cəmiyyətə, həm də konkret şəxsə qarşı effektiv çəkindirici təsir göstərəcəkdir. Odur ki, Şəxs İXM-in 535.1-ci maddəsinin törədilməsində təqsirli bilinməli və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 15 may 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsinə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar