Məhkəmə qərarları › İş №3(012)-1190/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1190/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1190/2024 31.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta barədə protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin İİİ tağım yol patrul xidməti baş inspektoru, polis mayoru X2 iştirakı ilə, xx.xx.1989-cı ildə Qobustan rayonu, Göydərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olamn işləməyən Qobustan rayonu, Göydərə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 may yaşayış massivi yeni məhəllədə nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi Yol Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddəsilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi Yol Patrul Xidməti Alayından daxil olmuş 30 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 30 yanvar 2024-cü il tarixdə saat 08:30-da etibarnamə ilə, lakin alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Kamaz 5511” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Bakı-Şamaxı şosesinin 22-ci kilometrliyində dayanmış və bu zaman X1 idarə etdiyi “Mercedes” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə arasında mübahisəli şərait yaranmş və bu zaman idarə etdiyi “Kamaz” markalı avtomobili arxaya hərəkət etdirən zaman avtomobili arxasında dayanmış “Mersedes” markalı avotombilin sol qapı hissəsinə çırpmış, nəticədə zərərçəkmiş şəxsə maddi zərər yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin İİİ tağım yol patrul xidməti baş inspektoru, polis mayoru X4 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 30 yanvar 2024-cü il tarixdə saat 08:30-da idarə etdiyi “Kamaz 5511” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Bakı-Şamaxı şosesinin 22-ci kilometrliyində dayanmış və bu zaman “Mersedes” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə arasında mübahisəli şərait yaranmş və bu zaman idarə etdiyi “Kamaz” markalı avtomobili arxaya hərəkət etdirən zaman avtomobili arxasında dayanmış “Mersedes” markalı avotombilin sol qapı hissəsinə çırpmışdır. Həmin vaxt o, içkili olduğundan ara məsafəsini düzgün saxlaya bilməmişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır, avtomobillərə ziyan dəymişdir. Əməlindən səmimi peşmandır. Himayəsində üç azyaşlı uşaq vardır, günəmuzd çalışır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müdafiə etdiyi şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı övladının olmasını, günəmuzd işləyib ailəyə qazanc gətirən yeganə şəxs olduğundan barəsində daha yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 30 may 2024-cü il tarixli 2663 nömrəli aktdan görünür ki, həmin tarixdə saat 09:35-də keçirilən tibbi müayinədə Şəxs qeyd olunan inzibati xətanı törədən zaman (1,703 promil) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində Şəxs idarə etdiyi “Kamaz” markalı avtomobilin xarici əzintiləri qeydə alınmamış, lakin zərərçəkmiş şəxs X1 idarə etdiyi “Mercedes” markalı avtomobilin sol qabaq qapısı, qapı şüsəsi, sol güzgüsünün qırılması və digər deformasiyalar qeydə alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.3 və 327.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXMnin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsilə nəzərdə tutulan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsinə nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində idarə edilməsi) nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı övladının olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halların isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə inzibati xəta haqqında materialı araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi Yol Patrul Xidməti Alayına qaytarılmalıdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə inzibati xəta haqqında materialı araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi Yol Patrul Xidməti Alayına qaytarılsın. Qərarın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar