Məhkəmə qərarları › İş №3(012)-1190/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1190/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1190/2025 19.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati tənbeh vermə barədə protokol vermiş Abşeron Rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1968-ci ildə ildə Ağdam rayonu, Qasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni Məhəllə ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 19 may 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-5719/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaaraq xx.xx.2009-cu il təvəllüdlü Şirinov (Hacıyev) Nurlan Faiq oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Bu günki tarixədək qalıq borc 9119 manat təşkil edir. Tutma borclunun əmək haqqına yönəlmişdir və hər ay maaşının 55%-i tutulur. Lakin hazırda borc məbləğini tam şəkildə ödəyə bilmir. Qeyd edir ki, Şəxs aylıq 400 manat əmək haqqı alır. Lakin zərərçəkmiş şəxs borcu tam məbləğdə tələb edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, icra vərəqəsinin icra etməkdən qərəzli olaraq yayınmır. Hər ay əmək haqqından 235 manat və 40 manat da özü əlavə ödəniş etməklə aylıq 275 manat aliment ödəyir. Son bir il yarımdır ki, işləyir və aylıq 400 manat əmək haqqı alır, ikinci dəfə də ailə qurmuşdur və həmin nikahdan olan uşağa da aliment ödəyir. Qalıq borcun miqdarının artmaının səbəbini xəstə olması olub. Özü birinci vətən müharibəsi iştirakçısıdır və müharibə veteranıdır deyə aylıq 80 manat təqaüd alır. Yaxın vaxtlarda çalışıb borcu tam şəkildə ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil müdafiə etdiyi şəxsin icra sənədindən qərəzli yayınmadığını, yaşını və digər halları onun barəsində qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)- 5719/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaaraq xx.xx.2009-cu il təvəllüdlü Şirinov (Hacıyev) Nurlan Faiq oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarxili “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2715/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır və həmin tarixdə borclu şəxsə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması təsdiq edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 48-ci maddəyə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1 və 3.2-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmənin mövqeyi: Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə tərəfindən müəyyən olundu ki, barəsində icraat aparılan şəxs aylıq 400 manat əmək haqqı alır, hər ay əmək haqqı məbləğindən 55% tutulur. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, şəxs xəstədir və ikinci nikahdan olan uşağa da aliment ödəyir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, onun tərəfindən hər ay mütəmadi olaraq ödəniş edildiyindən bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar