Məhkəmə qərarları › İş №3(012)-1211/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1211/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1211/2025 21.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Tələbkar: X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxx 1984-cü il tarixdə Biləsuvar rayonunun Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Masazır kəndi, X15 Massiv 2, ev 3, mənzil 39 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 21 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4453/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən 21 avqust 2024-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 27 noyabr 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Şəxs tərəfindən bugünədək icra sənədi üzrə yaranmış borcdan heç bir ödəniş edilməmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs 3247 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında bildirdi ki, o, məhkəmə qərarı ilə müəyyən edilmiş borcu ödəməkdən boyun qaçırmır, sadəcə həmin məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. O, icra vərəqəsi üzrə yaranmış borcundan 2200 manat ödəmiş, qalan 1050 manat borcu isə hər ay hissə-hissə olmaqla ödəniş etməsi barədə tələbkarla razılığa gəlmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, borclu Abşeron rayon Məhkəməsinin 2(012)-4453/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə borcunu icra etmədiyindən hazırkı günə 3247 manat borcu yaranmışdır. Hazırda 1050 manat borc qalmış həmin borcun hər ay olmaqla hissə-hissə ödənilməsinə dair borclu ilə razılıq əldə edilmişdir. Ona görə də, Şəxs şikayətçi olmadığını və məhkəmədən onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Abşeron rayon Məhkəməsinin 2(012)-4453/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən 21 avqust 2024-cü il tarixdən başlayaraq xx.xx.2015ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir;

2. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 27 noyabr 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. X1 məhkəməyə ünvanlandığı ərizədən görünür ki, borclu ilə aralarında razılığa gəlindiyindən Şəxs şikayətçi olmadığını və onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə həmçinin tələbkarın məhkəməyə təqdim etdiyi ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmədə verdiyi izahatında, qısa müddətdə tələbkara olan borcunu hissə-hissə olmaqla ödəyəcəyinə dair söz vermiş, bu barədə sonuncu ilə razılığa gəlmişdir. Həmçinin o məhkəmə iclas zalında borcundan xeyli miqdarda ödəniş etmiş, indiyə qədər ödəniş etməməsinin qərəzli olduğu sübuta yetirilməmişdir. Məhkəmə iclasında tələbkar öz izahatında borclu ilə razılığa gəldiyini bildirmiş, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini barədə ərizə təqdim etmişdir. Həmçinin məhkəmə tərəfindən borclunun alimentin qəsdən və qərəzli ödənilməməsinə dair hər hansı qərəz müəyyən etməmişdir. Beləliklə məhkəmə Abşeron rayon Məhkəməsinin 2(012)-4453/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə borclu ilə tələbkar arasında razılıq əldə edilməsini və qəsdən aliment ödənilməməsi barədə sübutların kifayət etmədiyini nəzərə alaraq, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətindədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar