Məhkəmə qərarları › İş №3(012)-1212/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1212/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1212/2024 04.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3, inzibati tənbeh vermə barədə protokol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin X12 polis sahə rəisi, polis mayoru X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsi tərəfindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsindən daxil olmuş 04 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 03 iyun 2024-cü il tarixdə saat 18:30 radələrində, Abşeron rayonu, Hökməli-Qobu yolunda “Shacman” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şəxs YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin X12 polis sahə rəisi, polis mayoru X5 izahat verərək bildirdi ki, DİN-nin BDYPİ-nin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün əməkdaşı, polis baş serjantı X6 03 iyun 2024-cü il tarixdə xidmətdə olarkən Abşeron rayonu, Hökməli- Qobu yolu ərazisində “Shacman” markalı yük avtomobilinin sürücüsünə yaxınlaşmış, yük maşının çəkisinin çox olmasından şübhələnmiş və sürücüyə avtomobilini elektron tərəziyə çıxarmağını tələb etmişdir. Sürücü isə avotomobili etibarnamə əsasında idarə etdiyindən, yük avtomobilinin sahibinin 10 dəqiqə ərzində həmin əraziyə çatacağını və sahibi çatdıqdan sonra avotomobili elektron tərəziyə çıxaracağını bildirərək xidmətə maneçilik törəmiş, polisin qanuni tələblərinə əməl etməmişdir. Polis əməkdaşı dəfələrlə Şəxs avtomobilini elektron tərəziyə çıxarmağı tələb etsə də sonuncu onun qanuni tələblərinə riayət etməyərək, öz qanunsuz əməllərini davam etdirdiyi üçün barəsində tədbir görülməsi üçün raportla idarəyə müraciət etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Nəcəf Ramazanov törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki o, Gürcüstan Respublikasının vətəndaşıdır, avtomobili etibarnamə əsasında idarə etdiyi üçü həmin avtomobilin sahibinə zəng vurmuş və sahibi 10 dəqiqəyə həmin əraziyə çatacağını bildirmişdir. Əlavə olaraq bildirdi ki, həmin avtomobilin sahibi gəldikdən sonra könüllü şəkildə özü avtomobili elektron tərəziyə çıxarmışdır. Özünün polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, polisə qarşı heç bir qeyri-qanuni müqavimət göstərməməsi kimi hərəkətlərə yol vermədiyini bildirərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X7 müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BDYPİ-nin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün əməkdaşı, polis baş serjantı X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Hökməli-Qobu yolunda xidmət aparan zaman “Shacman” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük maşınında yükün qanunla müəyyən olunmuş normadan çox olub-olmamasını müəyyənləşdirmək məqsədilə ilk öncə özünü təqdim etmiş və sürücüdən müvafiq sənədləri təqdim etməsini bildirdi. Sənədlərə baxdıqdan sonra sürücüyə yük maşınını elektron tərəziyə çıxarmaq üçün müəyyən olunmuş əraziyə aparmalı olduğunu bildirsə də sürücü buna əməl etməmiş və yalnız avtomobilin sahibi gəldikdən sonra elektron tərəziyə çıxacağını bildirmişdir. Sürücü Şəxs onun qanuni tələblərinə əməl etməmiş və təxminən 2 saata qədər onu həmin ərazidə gözlətdiyinə görə Abşeron Rayon Polis İdarəsinin X12 PPX-nin əməkdaşlarını çağrımış və Şəxs polis bölməsinə gətirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin X12 polis sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib olunmuş 04 iyun 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 iyun 2024-cü il tarixdə DİN-nin BDYPİ-nin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün əməkdaşı, polis baş serjantı X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. DİN-nin BDYPİ-nin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün əməkdaşı, polis baş serjantı X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli raportda görünür ki, o, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Hökməli-Qobu yolunda xidmət aparan zaman “Shacman” markalı **-BG-*** və **-OD-*** markalı dövlət qeydiyyat nişanlı yük maşınlarında yükün qanunla müəyyən olunmuş normadan çox olub-olmamasını müəyyənləşdirmək məqsədilə ilk öncə özünü təqdim etmiş və sürücülərdən müvafiq sənədləri təqdim etməsini bildirmişdir. Hər iki sürücü sənədlərini təqdim etməmiş və onun heç kim olduğunu bildirib yüksək səs tonu ilə danışaraq ictimati asayişi pozmuşdurlar. Bundan sonra sürücülərə hər iki avtomobili duracağa aparmalarını bildirsə də hər iki sürücü bu tələbə məhəl qoymayaraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hər iki sürücü öz qanunsuz əməllərini davam etdirdiyindən Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşlarını köməyə çağırmalı olmuş və onların köməyi ilə hər iki sürücü Abşeron RPİ-nin Qobu PB-nə gətirmişdirlər. Bölmədə həmin şəxslərin X4 və Şəxs olduğu müəyyən olunmuşdur. Təqdim olunmuş mobil telefonda mövcud videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs tərəfindən polis əməkdaşlarına hər hansı bir tabesizlik göstərməsi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xidməti vəzifəsini icra edən polis əməkdaşının qanuni tələbinə əməl etməyərək yük avtomobilini elektron tərəziyə aparmaqdan imtina etmişdir. Şəxs isə avotomobili yalnız sahibi gəldikdən sonra elektron tərəziyə çıxaracağını bildirmiş və o gəldikdən sonra könüllü şəkildə avtomobili elektron tərəziyə çıxarmış, polis əməkdaşlarına qarşı qanunsuz hərəkətlərə yol verməmişdir. Bütün bunlar təqdim edilmiş sənədlər, videogörüntü ilə öz təsdiqini tapır. Həmçinin şahidin məhkəmə iclasında verdiyi izahata münasibətdə tələb olunan qanuni tələblərinin pozulmasının nədən ibarət olması müəyyən edilmir. Bu isə qeyd edilən maddənin tərkib əlamətini yaratmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olmasına dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar