Məhkəmə qərarları › İş №3(012)-1225/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1225/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1225/2024 05.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin DYP Yol patrul xidməti inspektoru, polis serjantı X2 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, işləməyən ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333-1.2-ci maddələri inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 05 iyun 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 05 iyun 2024-cü il tarixdə saat 00:20-də etibarnamə olmadan idarə etdiyi “X8 Minik” **-CJ-*** dövlət qeydiyyat nişanlı avtombili Abşeron rayonu, Masazır dairəsi ərazisində idarə edərkən işıq cihazlarından istifadə və səs siqnallarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış və eyni zamada avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin DYP Yol patrul xidməti inspektoru, polis serjantı X4 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, 05 iyun 2024-cü il tarixdə saat 00:20 radələrində “X8 Minik” **- CJ-*** dövlət qeydiyyat nişanlı avtombil hərəkətdə olan zaman işıq cihazlarından istifadə və səs qaydalarını pozduğuna görə tərəfindən saxlanılmışdır. Bu zaman həmin şəxsin Şəxs olduğu müəyyən olunmuş və eyni zamanda idarə etdiyi avtomobilin “Rent a Car”yəni icarə əsasında idarə etdiyi müəyyən olunsa da Şəxs həmin avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi olmadığı müəyyən olunmuşdur. Həmçinin sürücü özünü şübhəli apardığından ilk öncə onun sərxoş olduğunu zənn etmiş və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol tərtib edərək rəy verilməsi tibbi müayinəyə göndərmişdir. Aparılmış tibbi müayinənin nəticəsindən görünür ki, Şəxs avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. Odur ki, barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, narkotik vasitənin təsiri altında avtomobili idarə etmişdir, hadisə baş verməmişdən təxminən 5 gün əvvəl sümük ağrısını kəsmək məqsədilə istifadə etmişdir, narkotik vasitə aludəçisi deyil, nadir hallarda istifadə edir. Əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 müdafiə etdiyi şəxsin əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində daha yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 05 iyun 2024-cü il tarixli A/1237 nömrəli protokoldan görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman narkotik vasitələrin təsiri altında olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi DYPŞ tərəfindən tərtib edilmiş 27 mart 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Şəxs 26 fevral 2024-cü il tarixdə “BMW 525” markalı, **-RU- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və barəsində həmin maddələrdə əzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə “600” manat məbləğində cərimə edilmə haqqında tənbeh tədbiri qəbul olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 333-1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 333-1.2-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir; 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 329.3 və 332.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 329.3 və 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsilə nəzərdə tutulan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilməmişdir, belə ki, İXM-in 33.3-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını, Şəxs cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1-ci maddələri üzrə inzibati xəta haqqında materialı araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinə qaytarılmalıdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, ona nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1-ci maddələri üzrə inzibati xəta haqqında materialı araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinə qaytarılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə və Lənkaran şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar