Məhkəmə qərarları › İş №3(012)-1228/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1228/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1228/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1nun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.3, 333.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYPŞ-in xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Abşeron RPİ-in DYPŞ-in xx.xx.2024-cü il tarixli TP seriyalı, 6530503nömrəli qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron RPİ-in DYPŞ-in TP ******* saylı, xx.xx.2024-cii il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə mən qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. Əsas kimi xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol və inzibati xəta haqqında işin digər materialları götürülmüşdür. Guya o, xx.xx.2024-cii il, saat 01:53-də Abşeron rayonu, Masazır ərazisində Mitsubishi Airtek minik markalı, ** VK *** dövlət qeydiyyat nişanlı maşını sərxoş vəziyyətdə idarə etmişdir. Ona qanunsuz protokol xx.xx.2024-cii ildə, saat 01:53-də yazılmış, guya içkili olmuşdur. Dəfələrlə müayinəyə göndərilməyini desə də buna məhəl qoymamışlar, hətta ona əl hərəkətləri edərək üstünə gəlmişlər. Özünü təqdim eləsə də, vətən üçün vuruşduğunu, hərbiçi olduğunu bildirsə də, heç bir köməklik göstərməmiş, əksinə şərləyərək maşını 15 saylı cərimə meydançasına göndərmişlər, onun icazəsi olmadan, iştirakı olmadan maşını idarə edərək götiirmüşlər. 3 gün maşın orda qalmış, neçə gündü işindən olmuş, sənəd arxasıyca getmişdir. Özünü sübut eləmək üçün tibbi müayinədən keçməyə getmiş, sıra gözlədiyi üçün 1 saat 16 dəqiqə gec müayinə olunmuşdur. Saat 03:16-da o, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinədən keçmişdir. Orda onun ayıq olmağı, ondan heç bir sərxoşluq halının olmadığı açıq-aydın göstərilmişdir. Hesab edir ki, inzibati orqanın əməli qanunsuzdur və həmin qərar məhkəmə tərəfindən ləğv edilməlidir. Göründüyü kimi, qəbul edilmiş protokol əsassız olmaqla bir çox prosessual qaydaların pozulması ilə tərtib edilmişdir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana - Abşeron RPİ-in DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-in DYPŞ-in xx.xx.2024-cü il tarixli TP seriyalı, 6530503nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 01:53-də Mitsubishi Airtek minik markalı, ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda və işıq cihazlarından istifadə qaydalarını pozaraq idarə etdiyi üçün barəsində İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi xx.xx.2024-cü il tarixli 2/29597 nömrəli aktından görünür ki, X4 öz müraciəti ilə xx.xx.2024-cü il tarixdə saat 03:16 radələrində müayinədən keçmiş və onda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, «X6» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər». Həmin Qanunun 83-cü maddəsinə görə, «müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.5-ci bəndinə “şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən protokol tərtib edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət yaranır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən inzibati xəta haqqında protokolun X4 barəsində başlanılmasının səbəbi xx.xx.2024-cü il tarixdə Mitsubishi Airtek minik markalı, ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda və işıq cihazlarından istifadə qaydalarını pozaraq idarə etməsi ilə bağlı olmuşdur. Halbu ki, məhkəmə iclasında tədqiq edilmiş sözügedən inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda sürücü X4 tərəfindən törədilməsi iddia edilən İXM-in 329.3 və 333.1-ci maddələrinin dispozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin sürücünün xüsusi cihazlar vasitəsi sərxoşluq vəziyyətində olub-olmasının müəyyən edilməsi barədə (xüsusi texniki vasitədən alkotesterdən) müayinə protokolu tərtib edilməmiş, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı olubolmaması barədə protokolda qeydlər aparılmamış, eyni zamanda hansı inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini təmin etməmiş və bu barədə tərtib edilmiş protokolda qeydlər aparılmamışdır. Lakin buna baxmayaraq Abşeron RPİ-in DYPŞ-si yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmadan, heç bir tutarlı sübuta əsaslanmadan xx.xx.2024-cü il tarixli TP seriyalı, 6530503saylı inzibati tənbeh vermə haqqında qərarını qəbul etmişdir. Bunadan başqa aşkar olunmuş inzibati xətaya dair tərtib olunmuş protokola baxılması zamanı qeyd edilən qanun normalarına əməl edilməsi təmin edilsə idi, X4 tərəfindən təqdim edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 2/29597 nömrəli aktda göstərilən nəticə ilə, DYP əməkdaşının tərtib etdiyi inzibati xəta haqqında protokola müəyyən edilən sərxoşluq halının ziddiyyətli olub-olmaması müəyyən edilə bilərdi, yəni mübahisənin mövcudluğunun müəyyən edilməsi halında mütləq şəkildə “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına uyğun araşdırma aparılmalıdır. Lakin iş materialları ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşması halı müəyyən edilmir. Həmçinin dəfələrlə təklif edilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Ümumiyyətlə sürücünün sərxoşluq vəziyyətində olub-olmasının müəyyən edilməsi proseduru zamanı bu şərtlər yerinə yetirilməlidir: 1)Yol polisinin peşəkar alkotesteri söndürülməlidir. 2) Müfəttiş birdəfəlik ağız boşluğunun olduğu paketi açmalıdır.3) İlk hava girişi boşdur, bundan sonra cihaz cavab verməlidir: İmtahandan sonra sürücüyə və şahidlərə imtahanın nəticələri göstərilir və 3 nüsxədə çap olunur (sürücü, yol polisi əməkdaşı və arxiv üçün). 20 dəqiqədən sonra işçi yuxarıdakı addımları təkrar edərək proseduru təkrarlamalıdır. İkinci sınaq əsas hesab olunur. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4 və 3.3-cü bəndlərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Qeyd edilən maddələrin məzmununa görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində iki inzibati xəta üzrə təqsirli bilinməsinə dair qərar qəbul edilmişdir. Birincisi işıq cihazlarından istifadə qaydalarının pozulması, ikincisi isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsindən ibarətdir. Hər hansı şəxsin sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə məsuliyyəti o zaman yaranır ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərməlidir. Lakin barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxsin təqdim etdiyi sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli 2/29597 nömrəli aktda müayinə zamanı şəxsin alkoqol sərxoşluğu vəziyyəti müəyyən olmamışdır. Qanunvericiliyə görə inzibati xəta törədən şəxsin veridiyi izahat yalnız digər sübutlarla əhatə olunduqda mötəbər sübut kimi qəbul edilə bilər. Bu halı təsdiq digər sübut yalnız alkotesterin nəticəsidir. İnzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda isə yuxarıda qeyd olunan şərtlər barəsində heç bir qeydlər aparılmamışdır. Məhkəmə hesab edir ki, Abşeron RPİ-in DYPŞ-si yalnız öz subyektiv mülahizələrinə əsasən X3 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİ: Şikayət təmin olunsun. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RPİ-in DYPŞ-in xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Abşeron RPİ-in DYPŞ-in xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı əsasında Azərbaycan Respublikası DİN-in BDYPİ-in X2 yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar